ain.az, Yenisabah saytına istinadən bildirir.
İran və İsrail arasında artan hərbi-siyasi gərginlik Cənubi Qafqaz regionunda da diqqətçəkən proseslərə səbəb olub. Məlumata görə, İran və bəzi qonşu ölkələrin hava məkanının bağlanması nəticəsində bir neçə beynəlxalq aviareys marşrutunu dəyişmək məcburiyyətində qalıb və bölgədəki başqa hava limanlarına eniş edib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən, Ermənistan vətəndaşları və etnik ermənilərin bir qismi Bakı hava limanında, bir neçə Azərbaycan vətəndaşı isə İrəvanın “Zvartnots” hava limanında olub.
Hadisələr fonunda ictimaiyyət arasında müxtəlif ehtimallar səsləndirilir: Baş verənlər təsadüfi hadisələrdir, yoxsa arxa planda xüsusi missiyalar, diplomatik səfərlər və ya təhlükəsizlik xarakterli məqsədlər dayanır?
Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə təəssüflə qeyd edib ki, dünya sülhdən sürətlə uzaqlaşma istiqamətində gedir və köhnə fikir ayrılıqları yeni və daha təhlükəli münaqişələrə çevrilir.
Onun fikrincə, bu da beynəlxalq münasibətlərdə qütbləşmə, yeni güc mərkəzlərinin və ittifaqların yaranmasını qaçılmaz edir:
“Artıq heç bir ölkə ayrı-ayrılıqda özünü müdafiə edəcək vəziyyətdə deyil. Biz bunu Rusiya-Ukrayna və İran-İsrail münaqişəsində də görə bilirik. Ona görə ətrafımızda yeni bir müharibənin alovlanması heç şübhəsiz ki, bütün region ölkələrinə böyük təsiri olar. Birbaşa sərhədi olmayan, bir-birindən uzaqda yerləşən İran və İsrailin hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməsi, onlarla hərbi təyyarənin və yüzlərlə pilotsuz uçuş aparatının səmada hərəkəti mülki aviareyslərin hərəkətini məhdudlaşdırır və ya istiqamətini dəyişməyə məcbur edir. Nəzərə alaq ki, bəzi ölkələr münaqişənin daha da şiddətlənəcəyi təhlükəsinə görə regionda olan vətəndaşlarının olduqları ölkələri tərk emələrinə çağırır. Bu da əlavə ajiotaj yaradır”.
Politoloq deyib ki, ölkəmiz İrandan xarici vətəndaşların çıxarılması ilə bağlı humanitar xidmətlər təşkil edir və bunlar İranla olan sərhəd keçid məntəqələrimiz vasitəsilə həyata keçirilir:
“Eyni zamanda, İran və bəzi ölkələrin hava məkanının bağlı olması səbəbindən bizim və qonşu ölkələrin hava limanları əvvəlcədən müəyyən edilməmiş reysləri qəbul etmək məcburiyyətində qalır. Son yayılan məlumatlara görə, Ermənistan vətəndaşları Bakı, bizim vətəndaşlar da Ermənistan hava limanlarında olublar. Əlbəttə, bunu qabaqcadan planlaşdırılmış siyasət kimi qəbul etmək olmaz. Çünki görürük ki, fors-major hal yaranıb. Amma bu yaranmış yeni davranış sülh razılaşması ərəfəsində olan Ermənistan və Azərbaycan dövlətləri və cəmiyyətləri arasında biri-birinə təhlükəsizliklə bağlı olan inamı artıra bilər. Tərəflər bu yaranmış yeni vəziyyətdən istifadə edərək aviasiya və digər sahələrdə münasibətlərini inkişaf etdirə bilərlər”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.