RU

Qərbi Balkan ölkələri Yaxın Şərqdə artan gərginlikdən narahatdır

Belqrad, 14 iyun, AZƏRTAC

Qərbi Balkan regionu ölkələrinin rəsmiləri Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını bildiriblər.

AZƏRTAC xəbər verir ki, region ölkələri münaqişə ilə bağlı həyəcan təbili çalıb, qarşılıqlı hücumlardan, eləcə də ehtimal olunan siyasi, təhlükəsizlik və iqtisadi nəticələrlə bağlı narahatlıqlarını ifadə ediblər.

Serbiya Prezidenti Aleksandar Vuçiç mövcud vəziyyətin mümkün qədər tez bir zamanda bitəcəyinə ümidvar olduğunu bildirib. Serbiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İsraildə və İranda vəziyyətin gərginləşməsi ilə bağlı xəbərdarlıq edib. İnsanlara növbəti xəbərdarlıq edilənə qədər həmin ölkələrə bütün səyahətlərdən çəkinmələri tövsiyə olunub. Eyni zamanda, İsraildəki Serbiya vətəndaşlarına şəxsi təhlükəsizliklərini qorumaq üçün maksimum tədbirlər görmələri tövsiyə edilib.

Bosniya və Herseqovina ilə Monteneqro liderləri bu məsələdə hələlik səssiz qalıblar. Bosniya və Herseqovinanın İslam İcmasının Baş müftisi Hüseyn Kavazoviç isə İrana hücumu pisləyib.

Bosniya və Herseqovinanın İrandakı səfiri Niyaz Cardakliya deyib ki, İrandakı bütün Bosniya və Herseqovina vətəndaşları təhlükəsizdir, onlardan yalnız bir nəfəri təxliyə üçün müraciət edib.

Şimali Makedoniya Xarici İşlər Nazirliyi də səyahət xəbərdarlığı edib. İsrail və İrandakı vətəndaşlara bu ölkələrin səlahiyyətli qurumlarının göstərişlərinə əməl etmələri tövsiyə olunub.

“Biz bütün vətəndaşlarımızı təhlükəsizlik vəziyyəti yaxşılaşana qədər bu region ölkələrinə hər hansı səfərdən çəkinməyə çağırırıq”, - deyə nazirliyin məlumatında bildirilir.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Избранный
11
4
azertag.az

5Источники