RU

Azərbaycan–Gürcüstan: iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq

Beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi məsələsinin prioritet istiqamətlərdən birinə çevrildiyi hər kəsə məlumdur. Qlobal enerji bazarlarında baş verən təlatümlər, xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda Avropa İttifaqının enerji tədarükçülərini şaxələndirməyə yönəlmiş siyasəti və yaşıl enerji keçidi planları region ölkələrinin geoiqtisadi əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artırıb.

Bu kontekstdə Azərbaycan və Gürcüstan enerji və nəqliyyat sahələrində Aİ ilə əməkdaşlığı dərinləşdirərək, Cənubi Qafqazın əsas strateji aktorları kimi ön plana çıxıblar. Azərbaycanın enerji ixracatçısı, Gürcüstanın isə tranzit ölkə kimi artan rolu onların beynəlxalq siyasi və iqtisadi çəkisini daha da möhkəmləndirir. İki qonşu ölkənin ortaq layihələrdə fəal iştirakı regional sabitlik və əməkdaşlığın möhkəmlənməsinə, Avropanın enerji təhlükəsizliyinin təmininə mühüm töhfələr verir. Strateji tərəfdaşlığa söykənən bu əməkdaşlıq modeli həm geoiqtisadi rasionallığın, həm də siyasi uzaqgörənliyin sintezidir.

Bugünlərdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin Gürcüstan parlamentinin İqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili ilə görüşündə iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir iki ölkə arasında strateji tərəfdaşlığın son illərdə daha da dərinləşdiyini vurğulayıb və perspektiv layihələr barədə məlumat verib. Tərəflər Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində artan rolu və Gürcüstanın tranzit ölkə kimi yüksələn mövqeyini xüsusi qeyd ediblər.

Ş.Berekaşvili energetika, nəqliyyat, informasiya texnologiyaları, təhsil, inşaat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib: “Bu istiqamətdə Azərbaycan kapitallı şirkətlər üçün Gürcüstanda yeni imkanlar mövcuddur”.

Görüşdə, həmçinin parlamentlərarası əlaqələrin intensivləşdirilməsi və ortaq layihələrin bölgənin inkişafına verə biləcəyi töhfələr müzakirə olunub. Bildirilib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlanan enerji əməkdaşlığı bu gün Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi beynəlxalq layihələrlə davam edir.

***

2022-ci ildə imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” iki ölkə arasında əməkdaşlığı daha da gücləndirib. Azərbaycan qazının ixrac həcminin artırılması, yaşıl enerjiyə keçid və elektrik enerjisi ixracını nəzərdə tutan təşəbbüslər ölkəmizin regional çəkisini artırır. Gürcüstan bu proseslərdə əsas tranzit və logistika qovşağı rolunu oynayır. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi layihələr Gürcüstan ərazisindən keçməklə Azərbaycanın enerji resurslarının Qərb bazarlarına çıxışını təmin edir. Bu amil Gürcüstanı təkcə tranzit ölkəyə deyil, eyni zamanda Avrasiya geoiqtisadi sisteminin fəal iştirakçısına çevirir.

2023-cü ildə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və Gürcüstan, Rumıniya, Macarıstan, Avropa Komissiyasının da dəstəklədiyi Qara Dəniz Yaşıl Enerji Dəhlizi layihəsi iki ölkənin əməkdaşlığının yeni mərhələsini müəyyənləşdirdi. Bu layihə texnoloji və iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi məna da daşıyır. Cənubi Qafqaz artıq alternativ enerji marşrutları təqdim edən və Avropa ilə əlaqələri möhkəmləndirən regional gücə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ilə regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilmiş Gürcüstan Orta Dəhliz boyunca Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa arasında yüklərin daha sürətli və effektiv daşınmasına imkan verir. Bundan əlavə, Gürcüstan yaşıl enerji infrastrukturunda da əsas tərəfdaşlardan biridir. 2023-cü ildə imzalanmış “Qara Dəniz Elektrik Kabeli” layihəsi çərçivəsində Xəzər sahilində, o cümlədən Azərbaycanda istehsal olunacaq bərpa olunan enerji Gürcüstan vasitəsilə Avropaya ötürüləcək.

Təqdirəlayiq haldır ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Bu ilin ilk iki ayında dövriyyə 213 milyon manatı keçib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur. Tərəflər gələcəkdə bu göstəricinin daha da artırılması üçün səylərini davam etdirir. Eyni zamanda, Azərbaycandan Gürcüstana birbaşa investisiyaların həcmi artır. 2024-cü ilin birinci rübündə bu göstərici 70,7 milyon ABŞ dolları təşkil edib. Gürcüstanda bir çox Azərbaycan şirkəti fəaliyyət göstərir və investisiya axını qarşılıqlı iqtisadi asılılığı dərinləşdirir. Strateji tərəfdaşlıq bölgədə sülh və sabitliyin qorunmasına əhəmiyyətli dərəcədə töhfə verir. İqtisadi artımın davam etməsi üçün təhlükəsizlik və qarşılıqlı etimad əsas meyarlardır. Azərbaycan və Gürcüstanın ortaq təşəbbüsləri regional rifah və strateji müstəqillik üçün vacib model formalaşdırır.

***

Beləliklə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı regional maraqlara əsaslanan və qarşılıqlı gücləndirici sinerji yaradan nümunəvi tərəfdaşlıq modelidir. Hər iki ölkə ayrı-ayrılıqda mühüm rol oynasa da, birlikdə daha geniş geosiyasi və geoiqtisadi təsir gücünə malikdir. Bu birlik yalnız enerji və tranzit sahələrində deyil, hadisələrə strateji baxış, siyasi etimad və uzunmüddətli əməkdaşlıq ruhunda formalaşıb. Onların uğuru iqtisadi mənfəətlə yanaşı, regional sabitlik, strateji müstəqillik və dayanıqlı tərəfdaşlıq modelinə əsaslanır. Bu model yalnız iqtisadi maraqlar deyil, həm də siyasi uzaqgörənlik və qarşılıqlı etimada əsaslanır. Deməli, müasir dövrdə resurs sahibi olmaq kifayət deyil – bu resursları düzgün yönləndirmək, tərəfdaş seçimini strateji planlama ilə həyata keçirmək və uzunmüddətli əməkdaşlıq qurmaq həlledici əhəmiyyət daşıyır. Məhz bu baxımdan Azərbaycan və Gürcüstanın yaratdığı əməkdaşlıq nümunəsi XXI əsrin çağırışlarına verilən rasional və humanist cavabdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Избранный
15
1
xalqqazeti.az

2Источники