RU

Mahir, Almaniya səni gözləyir! - YAZI

“Nürnberq”lə müqavilə müddəti bitən Mahir Emrelinin yeni komandasının adı hələ bəlli deyil.

Halbuki o, Macarıstana qarşı keçirilən yoldaşlıq oyunundan sonra həmkarlarımızdan birinin “klub karyeranla bağlı proseslər nə yerdədi, harda davam edəcəyini qərarlaşdırmısan?” sualını belə cavablamışdı:
“Hələ bu barədə düşüncəm yoxdu. Bu oyuna qədər deyirdim ki, heç kim, xüsusilə menecerlərim bu mövzuda məni narahat etməsin. Hansı klubun məni istəyəcəyi önəmli deyildi. Çünki milliyə köklənmək istəyirdim. Bu gün dincəlib, sabahdan klublarla danışıqlara başlayacağıq”.
Məhz bu ifadələrə görə dörd gündü Mahirdən xəbər gözləsək də, gözümüz yolda qalıb. Onunla bağlı yeganə məlumat hazırda Renat Dadaşovla birgə Türkiyənin Bodrum şəhərində istirahət etməsindən ibarətdi. Qısası, hər iki futbolçu mövsümlərarası fasilədən yararlanmaq məqsədilə sevgililəriylə birgə qardaş ölkəyə üz tutub. Fərq ondadı ki, Mahir bacısı Ayşə Emrelini də özüylə aparıb.

Bəs yeni klub, yeni uğur axtarışı? Yuxarıda qeyd etdiyimiz kimi, bu barədə konkret bilgi yoxdu. Ancaq Mahirin xeyli klubdan, hətta “böyük beşlik” ölkələrinin təmsilçilərindən təklif aldığını bilirik. İş o həddə çatıb ki, İngiltərə mətbuatı türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti”nin Emreli üçün “yox deyə bilməyəcəyi şərtlərlə təklif hazırladığını iddia edir.

Təbii ki, “Futbol+” olaraq, bu mövzuyla bağlı mövqeyimizi bildirmişik. Xatırladaq:
“İngiltərə və ya mümkün İtaliya variantını seçmək Mahir Emreli kimi potensiallı futbolçu üçün intihara bərabərdi. Həmin ölkələrdə təbliğ olunan, sevilən oyun üslubu Mahirlik deyil”.

Odu ki, həmyerlimiz üzünü Almaniyanın 1-ci və 2-ci bundesliqa klublarından gələn təkliflərə çevirməlidi. Düzü, 1-cu bundesliqayla bağlı iddialar gündəmdən düşmək üzrədi. Böyük ehtimalla, həmin məsələ artıq reallıqdan xeyli uzaqdı. Ancaq 2-ci bundesliqa klublarından, yəni “Kayzerslautern”lə “Hannover-96”dan gələn rəsmi təklifləri dəyərləndirməmək günah olar.

Maraq üçün qeyd edək ki, 2024/25 mövsümünü “Kayzerslautern” 53 xalla 7-ci, “Hannover-96” 51 xalla 9-cu pillədə başa vurub. İş ondadı ki, Hannover təmsilçisinin hücumçuya daha çox ehtiyacı var. Çünki “futbol ili” ərzində bu komanda 41, “Kayzerslautern” isə 56 qol vurub. Hər iki komabda növbəti mövsüm 1-ci bundesliqaya yüksəlmək uğrunda mübarizə aparacaq.

Mahirin ilk işi Almaniyadan gələn təklifləri dəyərləndirmək olmalıdı. Ölkəyə də uyğunlaşıb, çempionata da. Seçimini doğru et, Mahir, Almaniya, 1-ci bundesliqa səni gözləyir!

KƏNAN BAHADIR
Избранный
62
football-plus.az

1Источники