İran-İsrail müharibəsi ilə əlaqədar olaraq rəsmi Bakı İrandakı bir çox əcnəbilərin bu ölkəni Azərbaycan vasitəsilə tərk etməsinə yardım etməkdədir. Rusiya XİN-i buna görə ölkəmizə təşəkkür də edib.
Maraqlıdır, bunu Azərbaycanın humanist, yardımsevər siyasətinin növbəti təzahürü kimi qiymətləndirmək mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, baş verənləri Azərbaycanın ümumbəşəri dəyərlərə verdiyi önəmin göstəricisi kimi qiymətləndirib:
“İran-İsrail müharibəsində tətbiq olunan döyüş taktikası, uzaqmənzilli raketlər, qırıcı təyyarələr, pilotsuz uçuş aparatlarından geniş istifadə, mülki insanların həyatını təhlükə altında qoyur. Televiziya kanallarında, Rusiya vətəndaşlarının Azərbaycanın cənub sərhədlərindən keçidi nümayiş etdirildi. Azərbaycanın quru sərhədlərinin bağlı olmasına rəğmən İranda daimi yaşayan və yaxud səfərdə olan Rusiya vətəndaşlarının təxliyyəsinin təşkil edilməsi, Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin göstəricisidir. Eyni zamanda, dövlətimizin apardığı humanist, yardımsevər siyasətin təzahürü kimi qiymətləndirilməlidir. Azərbaycan, istər siyasi, iqtisadi, istərsə mənəvi baxımdan, hər zaman yardıma ehtiyacı olanın yanında olduğunu dəfələrlə sübut etmişdir. Dünyanın istənilən nöqtəsində, ədaləti, beynəlxalq hüququn prinsiplərini müdafiə etmişdir».
Seymur ƏLİYEV