RU

"Avropanın açıq qapısı: Şengen razılaşmasının 40 İlliyi tamam olur" - Avropa KİV-ləri

"Bu sistem milyonlarla avropalının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib, indi o, sadəcə bir razılaşma deyil, Avropanın simasıdır..."
 
1985-ci ildə Mosel çayındakı bir gəmidə başlayan yol bu gün 29 ölkəni birləşdirən nəhəng azad hərəkət məkanına çevrilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "smartpress.by" nəşri yazıb.
 
Avropa sərhədləri necə "silindi"?
 
14 iyun 1985-ci ildə Lüksemburqun kiçik Şengen kəndində tarixi bir hadisə baş verdi. Beş ölkə - Fransa, Almaniya (o zaman Qərbi Almaniya), Belçika, Niderland və Lüksemburq sərhəd nəzarətini mərhələli şəkildə aradan qaldırmağı nəzərdə tutan Şengen razılaşmasını imzaladı. Bu sənəd sadəcə bir hüquqi çərçivə deyildi, o, Avropa inteqrasiyasının ən rəmzi addımlarından birinə çevrildi.
 
Təntənəli imza mərasimi bir sarayda deyil, Fransa, Almaniya və Lüksemburq sərhədlərinin qovuşduğu Mosel çayı üzərindəki sadə bir gəmidə - "Şahzadə Mari-Astrid" turistik gəmisində keçirilib. Bu, həm də rəmzi bir jest idi: sərhədlər rəsmi olaraq aradan qalxmasa da, artıq onların arxasındakı divarlar da çökməyə başlayırdı.
 
Şengen: ideyadan nəhəng zonaya
 
Əsl sıçrayış 1995-ci ildə baş verdi. İspaniya və Portuqaliyanın da qoşulması ilə sərhədlər arasındakı nəzarət faktiki olaraq ləğv olundu. Artıq pasport göstərə-göstərə keçilən sərhəd yox idi. Bunun əvəzinə, bir ölkədən digərinə keçmək elə bil şəhərdaxili səyahətə çevrildi.
 
Hazırda Şengen zonasına 29 ölkə daxildir. Bunların arasında Avropa İttifaqına üzv olmayan, lakin iqtisadi və hüquqi inteqrasiya baxımından yaxın olan İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn də var. Sonuncu qoşulan ölkə Bolqarıstandır: 2024-cü ildə hava və dəniz limanlarında sərhəd nəzarəti ləğv olunub, 2025-ci ildən isə quruda da eyni tətbiq gözlənilir.
 
Bununla belə, Avropa İttifaqının bütün üzvləri Şengen zonasına daxil deyil. İrlandiya öz sərhəd nəzarətini qoruyub saxlayır, Kipr isə hələ texniki meyarları tam yerinə yetirmədiyindən gözləmə mərhələsindədir. Böyük Britaniya isə heç vaxt - nə Avropa İttifaqı üzvü olarkən, nə də Brexit sonrası dövrdə bu zona daxilində olmayıb.
 
Şengen necə işləyir: əsas prinsiplər
 
- Azad hərəkət hüququ: Şengen zonasında səyahət etmək üçün pasport nəzarəti tələb olunmur.
 
- Tək viza ilə 29 ölkə: Məsələn, Fransanın vizası ilə Almaniyaya, İtaliyaya və ya Polşaya da səyahət etmək mümkündür.
 
- Sərt xarici nəzarət: Daxildə sərbəstlik, xarici sərhədlərdə isə ciddi yoxlamalarla balanslaşdırılır.
 
- Ortaq informasiya sistemi (SIS): Üzv ölkələr arasında cinayətkarlar, oğurlanmış sənədlər və təhlükəli şəxslər barədə məlumatlar paylaşılır.
 
Sınaqlar və böhranlar: sərhədlər qayıtdıqda
 
Şengen zonası son 40 ildə bir sıra ciddi sınaqlardan keçib. 2015-2016-cı illərdəki miqrasiya böhranı zamanı Almaniya, Avstriya və digər ölkələr sərhədlərdə yoxlamaları müvəqqəti bərpa edib. 2020-ci ildə COVID-19 pandemiyası isə bu zonanı tamamilə "bağlanıb". 
 
Həmçinin Fransada və Belçikada baş verən terror aktlarından sonra da sərhəd nəzarəti gücləndirilib. Qanunvericiliyə görə bu cür məhdudiyyətlər müvəqqəti xarakter daşıyır və adətən 30 günlə məhdudlaşır. Lakin bəzi ölkələr bu müddətləri bir neçə dəfə uzadıb.
 
Şengenin gələcəyi: siyasi iradə və ictimai dəstək
 
Şengen razılaşması təkcə texniki və hüquqi mexanizm deyil, həm də Avropa dəyərlərinin - azadlıq, etimad və birgəlik ruhunun təcəssümüdür. Zaman-zaman sarsılsa da, bu sistem milyonlarla avropalının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İndi o, sadəcə bir razılaşma deyil, Avropanın simasıdır.
Избранный
21
moderator.az

1Источники