RU

Kristian Kivu Simone İnzaqini unutdurmalıdı

Simone İnzaqinin ÇL-in finalındakı sarsıdıcı məğlubiyyətdən sonra boşaltdığı post qısa müddət ərzində sahibini tapıb – “İnter”i bundan sonra Kristian Kivu çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, 44 yaşlı rumıniyalı mütəxəssis Milan klubu ilə ikiilik, yəni 2027-ci ilə qədər müqavilə imzalayıb.

Başqa namizədlər
“İnter”in baş məşqçisiz qalmasıyla bağlı tarixçədən xəbərdarsız – 2021-ci ildən bəri “qara-göylər”i çalışdıran İnzaqi ÇL-in finalında PSJ önündəki darmadağından (0:5) sonra baş məşqçi postundan getdiyini elan etdi. İtaliyalı mütəxəssisin yeni iş yeri də bəlidi – Səudiyyə Ərəbistanının tanınan klublarından “Əl-Hilal”da üç il ərzində 75 milyon avro qazanacaq. “İnter”in baş direktoru Beppe Marotta İnzaqinin gedişinə görə şoka düşdüyünü etiraf edib:
“İnzaqi çərşənbə axşamı onun üçün bir tsiklin bitdiyini dedi. O, bu qərarı PSJ-yə məğlubiyyətdən dərhal sonra – bazar ertəsi verib. Qəzetlər bizim məyusluğumuz haqda yazır. Ancaq biz, sadəcə, bu qərarla barışmalı olduq. Baxmayaraq ki, belə qərar bizim üçün müəyyən mənada gözlənilməz idi”.

Klub rəhbərliyi tələm-tələsik yeni məşqçi axtarışına başladı. Əvvəlcə seçim “Komo”nu çalışdıran Sesk Fabreqasın üzərində dayandı. Ancaq klub sahibləri ispaniyalı mütəxəssisi buraxmadı, ona yayda ambisiyalı transfer siyasəti aparacağını vəd etdi. Bu variant qüvvədən düşdü. Belədə “İnter” rəhbərliyi “Cenoa”nın baş məşqçisi Patrik Vieyra ilə təmas qurmağa çalışdı. Ancaq onunla da anlaşmaq mümkün olmadı. Fransalı mütəxəssis “İnter”lə müqavilə bağlamaq əvəzinə “Cenoa” ilə anlaşmasının müddətini uzaydı. Bütün imtinalar fonunda yeganə variant qaldı ki, o da Kristian Kivu ilə bağlıdı.

Təcrübəsiz, amma özünkü
Diqqəti çəkən məqam odu ki, “İnter” rəhbərliyinin əlinin altında olan siyahıdakılardan Kivu ən təcrübəsiz mütəxəssisdi. Böyüklər səviyyəsində minimal iş təcrübəsinə malikdi: bu ilin yazında “Parma”nı A seriyasında 13 oyuna çıxarıb. Ədalət naminə onun yaxşı işlədiyini vurğulamalıyıq – komandanı elitadan düşmək təhlükəsindən qurtardı.
Daha bir önəmli məqam var – Kivu “İnter” üçün yad adam deyil. Rumıniyalı 2007-14-cü illər aralığında “neradzurra”nın şərəfini qoruyub, üç dəfə İtaliya çempionu olub, Çempionlar Liqasını qazanıb, oyunçu karyerasını bitirəndən sonra 6 il klub sistemində çalışıb – müxtəlif yaş qruplarından olan komandalarla.

“İnter”də həm riskin dərəcəsini dərk edir, həm də Kivunu doğru namizəd sayırlar. Yazının əvvəlində adını çəkdiyimiz Marotta klubun Kivuya marağını belə şərh edir:
“Qalib gəlmək üçün pulla yanaşı, müəyyən keyfiyyətlər də tələb olunur. Hesab edirik ki, Kristianda həmin keyfiyyətlər var. Onda liderlərlərə xal mətanət görürük. Ancaq əsas odu ki, güclü klubumuz və dəqiq planımız var”.

Kivu “İnter”in baş məşqçisi kimi ABŞ-də keçiriləcək klublarası dünya çempionatında debüt edəcək. Milanlılar iyunun 18-dən 19-na keçən gecə Meksika təmsilçisi “Monterrey” ilə qarşılaşacaq. Çətin durumdu: baş məşqçi dəyişikliyi, minimal təcrübə və ÇL-in finalındakı darmadağından sonra təzyiq. Ancaq “İnter”də inanırlar ki, məhz belə vəziyyətlər əsl liderləri formalaşdıracaq.
Избранный
28
1
football-plus.az

2Источники