RU

"Antarktidanın dərinliklərindən naməlum radiosiqnallar gəlir" - alimlərdən açıqlama

"Amerikalı alimlər mövcud elmi nəzəriyyələrə sığmayan impulslar qeydə alıb..."
 
16 iyun 2025 tarixində yayımlanan xəbərə görə, Pensilvaniya Universitetinin alimləri Antarktidanın buzla örtülü sahələrinin altından qaynaqlanan qəribə radiosiqnallar qeydə alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Physical Review Letters" elmi jurnalında dərc olunmuş məqalədə məlumat verilir.
 
Məqalədə deyilir ki, bu impulsların təbiəti hələ də aydın deyil və elm adamları onların mənbəyini izah edə bilmir.
 
Tədqiqat ANITA (Antarktik İmpulslu Keçid Antenası) adlı unikal detektor vasitəsilə aparılıb. Həmin cihaz hava şarı üzərində quraşdırılıb və Antarktidanın buzlu səthləri üzərində sürüşərək neytrinoları - maddə ilə demək olar ki, heç bir qarşılıqlı təsirə girməyən neytral elementar zərrəcikləri aşkar etmək məqsədi daşıyır.
 
Lakin ANITA gözlənilən siqnallar əvəzinə, buz təbəqəsinin altından təxminən 30 dərəcəlik meyllə gələn müəmmalı radiosiqnallar qeydə alıb. Bu barədə fizika və astronomiya üzrə dosent Stefani Vissel belə deyib:
"Radiosiqnallar təxminən 30 dərəcə bucaq altında dərinlikdən gəlirdi. Bu, son dərəcə qeyri-adi haldır".
 
Alimlər bu siqnalların neytrinolarla əlaqəli olmadığını ehtimal edir və onların mənbəyinin hələlik izah edilə bilmədiyini açıq şəkildə etiraf edir. Halbuki neytrinolar kainatda çox geniş yayılıb və hər saniyə milyardlarla belə zərrəcik heç bir iz buraxmadan insan bədənindən keçir.
 
Alimlər ANITA-dan alınan məlumatları digər cihazlarla müqayisə etdikdən sonra belə qənaətə gəlib ki, siqnalların mənşəyi fərqlidir. Bəlkə də bu hadisə buzun daxilindəki radiosiqnal yayılmasının indiyədək qeydə alınmayan fiziki effektləri ilə əlaqəlidir. Stefani Visselin sözlərinə görə,
"bu, hələ də cavabını tapa bilmədiyimiz sirlərlə dolu hadisələrdən biridir".
 
Hazırda tədqiqatçılar daha həssas yeni cihaz - PUEO (Yüksək Enerjili Müşahidələr üçün Yük Sistemi) vasitəsilə müşahidələri davam etdirməyə hazırlaşır. Yeni detektor daha zəif siqnalları belə aşkar etmək gücündə olacaq və bu da müşahidə olunan qəribə radiosiqnalların təbiətini anlamağa imkan verə bilər.
 
Elmi ictimaiyyət yeni nəticələri səbirsizliklə gözləyir, çünki bu kəşf yalnız yeni fiziki hadisələrin izahına deyil, bəlkə də kainatın fundamental qanunlarının yenidən nəzərdən keçirilməsinə yol aça bilər.
 
Qeyd edək ki, bundan əvvəl Antarktidada 1,5 kilometr dərinliyindəki buzun altında Belçika böyüklüyündə, keçmişdə isti iqlimə və tropik bitkilərə malik olmuş gizli bir dünya aşkar edilib.
Избранный
17
moderator.az

1Источники