RU

Fazil Novruzov: Əlilliyi olan şəxslər üçün informasiya əlçatan olmalıdır

Bakı, 17 iyun, AZƏRTAC

Mediada, o cümlədən audiovizual mediada hamı üçün bərabər imkanlar olmalıdır. Fiziki göstəricilərə, əlilliyə baxmayaraq, hamının xəbərlərə, gündəlik aktual və cari məsələlərə çıxışı, əlçatanlığı təmin edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən “Audivizual mediada bərabərlik və informasiyaya əlçatanlıq“ mövzusunda keçirilən görüşdə Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib.

Onun sözlərinə görə, 2 ay əvvəl qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna edilən dəyişikliklərin həyata keçməsində bir sıra dövlət qurumlarının və onların koordinasiyalı əməkdaşlığının rolu var: "Təbii ki, bu qurumlardan əsası və aparıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmin nazirliyin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyidir. Bildiyimiz kimi, nazirliyin və agentliyin ən əsas fəaliyyət istiqaməti vətəndaşların, o cümlədən, əlilliyi olan vətəndaşların sosial müdafiəsi və təminatıdır. Elm və Təhsil Nazirliyinin, o cümlədən nazirliyin Uşaqların Müdafiəsi İdarəsinin də bu işdə kifayət qədər əməyi var. Yuxarıda qeyd etdiyim dəyişikliklərin içində elə bir yenilik mövcuddur ki, əslində görüşümüz də məhz həmin maddə ilə əlaqədardır. Həmin yenilik media ilə, daha doğrusu, audiovizual media ilə sıx əlaqəlidir. Bayaq qeyd etdiyim koordinasiyalı fəaliyyətin içində bununla bağlı Audiovizual Şuranın da işini qeyd etməyim yerinə düşər. Ümumiyyətlə, media sahəsində son illər həyata keçirilən sistemli islahatlar əlilliyi olan şəxslər və media əlaqələrindən də yan keçməyib", - deyə o bildirib.

Fazil Novruzov bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının mediada qorunması və digər realizə məsələləri insan hüquq və azadlıqlarının qorunmasının ayrılmaz tərkib hissəsidir: "Əlilliyi olan şəxslərin hüquqlarının qorunması bərabərlik prinsipinin həyata keçirilməsi deməkdir. Əlilliyi olan şəxslərin hüquqları qorunduqda, onlar cəmiyyətin fəal üzvlərinə çevrilirlər. Bu da insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün sağlam və demokratik cəmiyyətin formalaşmasına şərait yaradır. Əlilliyi olan şəxslərin hüquqlarının qorunması sadəcə sosial məsuliyyət deyil, eyni zamanda, insan hüquqlarının birbaşa tətbiqidir. Onların hüquqlarının təmin olunması, ümumilikdə cəmiyyətin hüquq sisteminin və insan azadlıqlarına münasibətin gücü və ədalətli olduğunun göstəricisidir. Müasir dövrdə informasiya insan həyatının ayrılmaz hissəsidir. Təhsil, səhiyyə, məşğulluq, hüquq və ictimai fəaliyyət sahələrində uğurlu iştirak üçün informasiyaya bərabər çıxış həyati əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslər üçün informasiya onların fiziki və ya intellektual imkanlarına uyğun formada təqdim edildikdə əlçatan sayılır. Qısaca əlilliyi olan şəxslər üçün əlçatan informasiya dedikdə informasiyanın həmin şəxslərin fiziki, duyğu və intellektual imkanlarına uyğun şəkildə təqdim olunması deməkdir. Eyni zamanda, mediada əlçatanlığın təkmilləşdirilməsi üçün həm texniki, həm də hüquqi baza gücləndirilməlidir. Sonda qeyd etmək istərdim ki, inklüziv informasiya mühiti təkcə əlilliyi olan şəxslər üçün deyil, ümumilikdə cəmiyyət üçün bir inkişaf göstəricisidir və əlilliyi olan vətəndaşlarımızın informasiya resurslarına bərabər çıxışı həm bu günümüzün, həm də gələcəyimizin məsuliyyətidir", - deyə o vurğulayıb.

 

Избранный
7
2
azertag.az

3Источники