“Bu gün informasiya əsrində yalnız bilik əldə etmək kifayət etmir. Biliklərin analiz olunması, tənqid edilməsi və həyati vəziyyətlərdə tətbiqi bacarığı da olduqca vacibdir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun şöbə müdiri İbrahim Baxışlı “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi zamanı çıxış edərkən deyib.
İbrahim Baxışlı bildirib ki, “Bilbacar” müsabiqəsi məhz bu istiqamətdə şagirdlərin bacarıqlarını ölçmək məqsədilə təşkil olunub:
"Müsabiqə ümumi təhsil müəssisələrinin 8, 9 və 10-cu sinif şagirdləri arasında keçirilib. Yarışlarda şagirdlər təkcə fərdi olaraq deyil, həm də komanda şəklində məktəblərini təmsil edərək iştirak ediblər.
Müsabiqədə əsasən riyaziyyat, oxuyub-anlama və təbiət fənləri üzrə bacarıqlar qiymətləndirilib. İştirakçılar sualları yalnız bilik səviyyəsində deyil, həm də rəqəmsal və interaktiv alətlərdən istifadə edərək cavablandırıblar. Şagirdlər təxminən 1500 bu tipli tapşırıqla tanış olub, onları həll etməyə çalışıblar.
Layihə iki mərhələdən ibarət olub. Birinci mərhələ ötən ilin oktyabrında başlayıb və bu ilin mayına qədər davam edib. Bu dövrdə təxminən 170 min şagird müsabiqəyə qoşulub. Nəticədə hər sinif üzrə ən yüksək nəticə göstərən 150 nəfər olmaqla, ümumilikdə 450 nəfər final mərhələsinə vəsiqə qazanıb. Onlardan 54 nəfəri qalib elan edilib".
“Müsabiqədə iştirak edənlərin təxminən yarısı qız, yarısı isə oğlan olub. Maraqlıdır ki, finalçılar arasında qızlar üstünlük təşkil etsə də, qaliblər arasında oğlanlar 60%-lik nisbətlə öndədir",- deyə İbrahim Baxışlı bildirib:
"Müsabiqədə ölkə üzrə 1900-dən çox məktəbin şagirdləri iştirak edib və bu, demək olar ki, Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir. 700-dən çox kənd və qəsəbə məktəblərinin şagirdləri də yarışda iştirak edib və qaliblər arasında kənd məktəblərindən olan şagirdlər də var.
Təhsil İnstitutunun nümayəndəsi həmçinin bölgələr üzrə iştirak statistikasına da toxunub. Onun sözlərinə görə, Abşeron-Xızı iqtisadi rayonunda hər 10 şagirddən 8-i, Gəncə şəhərində hər 10 şagirddən 7-si, Şəki-Zaqatala, Quba-Xaçmaz və Qazax-Tovuz bölgələrində isə hər iki şagirddən biri müsabiqəyə qatılıb.
Qaliblər Azərbaycanın müxtəlif bölgələrini təmsil edir. Məsələn, Gəncədən 3 nəfər, Abşeron, Bərdə, Şəki bölgələrindən 2 nəfər, Ağdaş, İsmayıllı, Naxçıvan, Qəbələ, Qusar, Saatlı, Şəmkir və Şirvandan isə hərəsi bir nəfər olmaqla qalib elan olunub.
Müsabiqə həmçinin məktəblərarası yarış xarakteri daşıyıb. Bu baxımdan iki nominasiya üzrə məktəblər mükafatlandırılıb. “Ən yaxşı nəticə göstərən məktəb” və “Ən fəal iştirakçı məktəb”. Bu nominasiyalar üzrə Sumqayıt, Oğuz, Gəncə, Xaçmaz və Quba məktəbləri önə çıxıb. Hər nominasiyada 10 məktəb müəyyən edilib".
Sonda “Bilbacar” müsabiqəsinin təşkilində iştirak edən bütün komanda üzvlərinə və dəstəkçilərə təşəkkürünü bildirib:
“Bu, çox böyük və əhatəli bir layihə idi. 8 ay boyunca 900-dən çox məktəbdə bu proses ardıcıl şəkildə aparıldı. Eyni zamanda, bu layihənin uğuru komandamızın fədakar əməyinin nəticəsidir”.