ain.az, Oxu.az portalına istinadən məlumat verir.
İsraillə İran arasında artan raket zərbələri səbəbindən bir çox aviaşirkətlər marşrutları dəyişərək təyyarələri Cənubi Qafqaza yönəldiblər.
Maraqlıdır, bəs görəsən, bu, atmosfer çirkliliyini artıraraq Azərbaycan iqliminə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-ın sualına cavab olaraq ekoloq Rövşən Abbasov bildirib ki, təyyarələr uçuş həyata keçirən zaman atmosferə həm çox miqdarda karbon emissiyaları, həm də azot oksidləri atılır ki, bu da atmosferin çirklənməsinə səbəb olur:

"Təkcə orta uçuş məsafəsi zamanı bir sərnişin başına 200-500 kq karbon emissiyası atmosferə atılır. Digər tərəfdən, atmosferin çirklənməsinə səbəb olacaq azot oksidləri də atmosferə çox atılır.
Amma bir şeyi nəzərə almalıyıq ki, ölkəmizin üstündən keçən təyyarələr çox hündürdən uçduqları üçün birbaşa Azərbaycanın hava keyfiyyətinə çox təsir etmir. Onlar, əsasən, 8-9 kilometr hündürlükdən uçurlar. Daha alçaqdan uçsaydılar, bəzi hallarda turşulu yağışlar əmələ gələrdi. Bunun da olma ehtimalı azdır, çünki Avropa ölkələrində daim belə təyyarələr uçur. Amma qlobal çirklənmə baxımından, əlbəttə ki, təyyarələr əsas çirkləndiricilərdən sayılır".
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar. Eskalasiya hələ də davam edir.
Aygün Mirakif
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.