RU

“Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlər yekunlaşıb

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan şəhərinə səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində tədbir keçirilib.

Tədbirdə Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yenerin rəhbərlik etdiyi nümayəndə heyəti, Milli Məclisin komitə sədrləri Azər Əmiraslanov və Sadiq Qurbanov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, eləcə də Hesablama Palatası və universitetin digər əməkdaşları iştirak ediblər.

Görüşdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq münasibətləri barədə ətraflı məlumat verib. O, bu əməkdaşlıq çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlərdən danışaraq, onların dövlət maliyyə nəzarətinin gücləndirilməsi və kadr hazırlığının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Vüqar Gülməmmədov təlimdə yüksək fəallıq göstərmiş tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişdirilməsinin Palatanın hədəflərindən biri olduğunu bildirib. Eyni zamanda, tələbələrə elmi fəaliyyətlərində və gələcək karyeralarında uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək, tədbiri vacib və çoxdan gözlənilən əlamətdar görüş adlandırıb, Hesablama Palatası ilə əməkdaşlığın Universitet üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Elbrus İsayev təlim proqramlarının tələbələrin peşəkar bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib. Rektor eləcə də universitetin bakalavriat və magistratura təhsil səviyyəsində təhsil alan mühasibat uçotu və audit, maliyyə və digər bu profilli ixtisaslardan olan  tələbələrinin cəlb olunduğu təlim proqramını muxtar respublikanın kadr ehtiyaclarının qarşılanması prosesinə müsbət təşəbbüs olaraq dəyərləndirib.

Tədbir zamanı “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlim proqramının əsas istiqamətləri və nəticələri barədə ümumi təqdimat da nümayiş etdirilib. Təqdimatda təlimlərin məqsədi, proqramın strukturu və əhatə etdiyi mövzular barədə geniş məlumat verilib. Bildirilib ki, ümumilikdə üç aylıq müddəti əhatə edən təlimlərdə Universitetin 22 tələbəsi iştirak edib və onların nəticələri qiymətləndirilib. Qiymətləndirmə prosesi bir neçə mərhələdə həyata keçirilib, ilkin mərhələdə test, sonra yazılı imtahan, daha sonra isə müsahibələr təşkil olunub. 

Sonra Naxçıvan Dövlət Universiteti tərəfindən  təlimin təşkilində göstərdikləri dəstəyə görə Hesablama Palatası nümayəndələrinə təşəkkürnamələr, plaketlər və hədiyyələr təqdim edilib. 

Sonda təlim proqramını uğurla başa vuran tələbələrə nəticələrinə uyğun sertifikatlar təqdim olunub. Tədbir Naxçıvan Dövlət Universitetin Konservatoriyasının Kamera Orkestrinin ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, tədbir Hesablama Palatası və NDU arasında 18 fevral 2025-ci il tarixində imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilib.

 

Избранный
13
3
xalqqazeti.az

4Источники