RU

Yeni işçi ödənişsiz məzuniyyətdən istifadə edə bilər?

İşçilərə müxtəlif səbəblərə görə ödənişsiz məzuniyyətlərin verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

News24.az xəbər verir ki, bununla bağlı qanunvericiliyin tələblərini “vergiler.az”a insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir.

Əmək Məcəlləsinin 128, 129 və 130-cu maddələrinin tələblərinə görə, işçilər yeni işə qəbul olunsa belə, ödənişsiz məzuniyyətdən istifadə edə bilərlər.

Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti yarandıqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Əmək Məcəlləsinin 129-cu maddəsində isə göstərilib ki, ödənişsiz məzuniyyət işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsi ilə tənzimlənir. Həmin müddətlər aşağıdakı kimidir:

– həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə uşaq 4 yaşına çatanadək;

– arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə – 14 təqvim gününədək;

– 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara – 14 təqvim gününədək;

– orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq, əlilliyi olan işçilərə – 1 təqvim ayınadək;

– müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə – 14 təqvim gününədək;

– Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə – 14 təqvim gününədək;

– immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşağın valideynlərə – 14 təqvim gününədək;

– doktoranturada (adyunkturada) təhsil alan işçilərə – 1 təqvim ayınadək;

– ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə – 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə – 7 təqvim günü;

– ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə – 14 təqvim gününədək;

– ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə (tibb müəssisəsinin rəyi ilə) – 14 təqvim gününədək;

– əlilliyi olan uşaqları olan işçilərə – 14 təqvim gününədək;

– ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə – 7 təqvim gününədək.

Bundan əlavə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.

Избранный
11
4
news24.az

5Источники