RU

Deputat: "Azərbaycan qlobal urbanizasiya gündəminin formalaşmasına töhfə verir"

Gələn ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın qlobal urbanizasiya gündəminin formalaşmasına verdiyi töhfəni nümayiş etdirir.

Bunu “Report”a açıqlamasında deputat, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Bakının bu tədbirə ev sahibliyi etməsi həm də Azərbaycanın regional səviyyədə mühüm aktora çevrildiyini göstərir: “Belə beynəlxalq tədbirlərin təşkili, bir tərəfdən, milli şəhərsalma təcrübəsinin tanıdılmasına, digər tərəfdən isə müxtəlif ölkələrin qabaqcıl ideya və texnologiyalarının ölkəmizə transferinə şərait yaradır. Bu isə nəticə etibarilə, şəhər mühitinin daha sistemli, dayanıqlı və müasir tələblərə uyğun şəkildə inkişafına xidmət edir”.

V.Bayramov bildirib ki, Ümumdünya Şəhərsalma Forumu müasir dövrdə şəhərsalma və dayanıqlı inkişaf sahəsində ən mühüm beynəlxalq platformalardan biri hesab olunur: “Bu forum geniş coğrafiyanı əhatə etməklə BMT-yə üzv olan əksər ölkələrin nümayəndələrini, o cümlədən dövlət qurumlarını, yerli idarəetmə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, özəl sektor nümayəndələrini və akademik dairələri bir araya gətirir. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma strategiyalarının təşviqi, innovativ yanaşmaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir”.

Onun sözlərinə görə, bu platforma, bir tərəfdən, şəhərsalma sahəsində yaranan çağırışların və imkanların müzakirəsi üçün mühüm dialoq mühitidir: “Digər tərəfdən isə fərqli maraqlı tərəflər arasında tərəfdaşlıqların qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinə və strateji razılaşmaların əldə olunmasına şərait yaradır. Forumda təqdim olunan təcrübələr və elmi əsaslandırılmış yanaşmalar şəhər mühitinin daha səmərəli, inklüziv və ekoloji baxımdan davamlı şəkildə inkişafına töhfə verir. Forumun Azərbaycanda keçirilməsi bir neçə mühüm məqamı əks etdirir. İlk növbədə, bu qərar Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Eyni zamanda, ölkəmizin son illər şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi institusional islahatlar, tətbiq olunan müasir yanaşmalar və urbanizasiya siyasətindəki uğurlar beynəlxalq miqyasda nümunə kimi təqdim olunur”.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 2026-cı ilin mayın 17-22-də Bakıda keçiriləcək. Forumun məqsədi dayanıqlı urbanizasiya sahəsində maarifləndirməni artırmaq, dayanıqlı şəhər inkişafına dair ən yaxşı təcrübələrin və siyasətlərin mübadiləsini və bu sahədə bilikləri təkmilləşdirmək, eləcə də dayanıqlı urbanizasiyanın irəliləməsi və həyata keçirilməsi üçün əlaqələndirmə və əməkdaşlığı gücləndirməkdir. Forum BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) ilə Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək.

WUF13-ün əsas xüsusiyyətlərindən biri şəhər inkişafının və siyasət tədbirlərinin formalaşdırılmasına yönəlmiş dialoqlar silsiləsidir. Bu tədbirlər qlobal mütəfəkkirlər, mütəxəssislər və qərarvericilər üçün önəmli mövzular üzrə fikirlərini və həll yollarını paylaşmaq, eyni zamanda auditoriya ilə interaktiv müzakirələr aparmaq üçün platforma yaradır.

İştirakçılar Yeni Şəhər Gündəliyinin icra vəziyyəti və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması yolları haqqında düşünməyə dəvət olunurlar.

Forum çərçivəsində dəyirmi masalar, assambleyalar və xüsusi sessiyalar kimi müxtəlif formatlarda tədbirlər keçirilir. Bu isə şəhərsalma sahəsində fəaliyyət göstərən bütün iştirakçılar-yerli təşəbbüslər və vətəndaş cəmiyyəti nümayəndələrindən tutmuş özəl sektor, akademiya və hökumətə qədər-üçün müxtəlif iştirak imkanları yaradır.

BMT Ümumdünya Şəhərsalma Forumunu 2001-ci ildə sürətli urbanizasiyanın icmalar, şəhərlər və iqtisadiyyatlar üzərində iqlim dəyişikliyi və digər çağırışlar fonunda yaratdığı problemləri araşdırmaq məqsədilə təsis edib. Forum qanunvericilik xarakteri daşımayan platformadır və urbanizasiya məsələləri üzrə dünyanın ən əhatəli beynəlxalq toplantılarından biridir.

Избранный
8
1
report.az

2Источники