RU

“Sağlamlığa doğru qaç”: Səhiyyə işçiləri Xankəndidə yürüşə qatılıblar - FOTO

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Atletika Federasiyası və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Xankəndi şəhərində səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaç” adlı layihənin final yarışı keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sağlam həyat tərzinə, idmanla məşğul olmağa çağıran bu layihədə yüzlərlə insan iştirak edib.

Yarışdan əvvəl təşkil edilən tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov bildirib ki, lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğaldan azad olunmuş Xankəndi şəhərində belə bir tədbirin final mərhələsinin keçirilməsi böyük qürurverici tarixi hadisədir. İştirakçılara uğurlar arzulayan Sahib Məmmədov burada hər kəsin qalib olduğunu vurğulayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə çıxışında Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illər ölkəmizdə səhiyyə sistemində aparılan islahatlardan, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən, yeni tibbi texnologiyaların tətbiqindən, köklü kadr dəyişikliklərindən danışıb.

Səhiyyə nazirinin müavini İlham Qasımov isə qeyd edib ki, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan layihə çərçivəsində ölkəmizdə belə tədbirlərin keçirilməsi sevindirici haldır.

Natiqlər diqqətə çatdırıblar ki, 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində bölgələrdə yeni səhiyyə ocaqları inşa edilir. Prezident İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Bu il isə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub.

Həmçinin TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzlərində, o cümlədən Xankəndi şəhərində yerləşən tibb müəssisəsində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

Qeyd edək ki, tibb işçilərinin peşə bayramı günündə Xankəndi şəhərinin Zəfər meydanından start götürən yarış şəhərin girişində başa çatıb.

Yürüş qalibləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Səhiyyə Nazirliyi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan layihənin əsas məqsədi, fiziki sağlamlığın təşviqi, asudə vaxtın səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulmasıdır.

Избранный
2
6
qaziler.az

7Источники