RU

Amerikalı jurnalisti edam edən Əsəd generalı danışdı

2012-ci ildə Suriyada yoxa çıxan amerikalı jurnalist Ostin Taysın taleyi ilə bağlı ilginc detallar üzə çıxıb.

Suriyanın bundan əvvəlki hakimiyyəti dövründə yüksək səviyyəli hərbi komandir olan general-mayor Bassam Həsən Bəşər Əsədin amerikalı jurnalistin edamına göstəriş verdiyini iddia edib. Buna qədər Ostin Taysın sağ olduğuna və əsir saxlanıldığı ehtimalı qalırdı. Hələ 2024-cü ilin dekabrında, o zamankı ABŞ prezidenti Co Bayden jurnalistlərə “Biz onu geri ala biləcəyimizi düşünürük” demişdi.

Keçmiş Dəniz Piyadası, Corctaun Universiteti Xarici Xidmət Məktəbinin məzunu və ştatdankənar müxbir olan Ostin Tays 2012-ci ilin avqustunda Dəməşq ətrafına reportaj hazırlamağa gedib. Bir neçə həftə sonra onun gözləri bağlı, maskalı silahlıların əhatəsində videosu yayılıb.

Musavat.com-un xəbərinə görə, Suriya Xarici Kəşfiyyat Xidmətinin keçmiş general-leytenantı Safvan Bəhlul “Washington Post”a deyib ki, ona Dəməşqin cənubunda, Həsənin ofisi yaxınlığındakı müvəqqəti avtomobil təmiri sexində saxlanılan jurnalisti sorğu-sual etmək tapşırılıb.

S.Bəhlulun sözlərinə görə, jurnalisti qandallı saxlayıblar, amma yaxşı davranıblar. Tapşırıq Ostin Taysın həqiqətən jurnalist, yoxsa ABŞ casusu olmasını öyrənmək olub.

Federal Təhqiqatlar Bürosunun məlumatına görə, Ostin Taysın tutulması və həbs edilməsində prezident Əsədin yaxın çevrəsinə daxil olan keçmiş Respublika Qvardiyasının komandiri və Milli Müdafiə Qüvvələrinin qərargah rəisi Bassam Həsən iştirak edib. Tays geri alındıqdan sonra o, Bassam Həsənin nəzarətində olan təcridxanaya köçürülüb. Suriyanın kimyəvi silah proqramı ilə əlaqəsinə görə 2014-cü ildən ABŞ-ın sanksiyaları altında olan Bassam Həsən rejimin süqutundan az əvvəl İrana qaçıb.

BBC mənbələri deyir ki, o, İrandan zəng edərək onu ABŞ rəsmiləri ilə görüşmək üçün Livana dəvət edib və çox güman ki, həbs olunmayacağına dair zəmanət alıb. Mənbələrin dediyinə görə, o, ən azı üç dəfə ABŞ rəsmiləri ilə, o cümlədən biri ABŞ səfirliyinin binasında görüşüb.

Mənbələrin sözlərinə görə, bu söhbətlər zamanı o, FTB və CIA müstəntiqlərinə Ostin Taysın edam əmrini Əsədin verdiyini deyib. Bassam Həsən iddia edir ki, o, Əsədi Taysı öldürməkdən çəkindirməyə çalışıb, lakin sonda bu əmri yerinə yetirib.

Bassam Həsən jurnalistin cəsədinin ola biləcəyi potensial yerləri müəyyən edib. Onun iddiaları ilə bağlı araşdırmalar davam edir və yaxın vaxtlarda yerlərə baxış keçirilməsi planlaşdırılır. Qərb kəşfiyyat orqanlarındakı mənbələr Bassam Həsənin əmrin Əsədin özündən gəldiyinə dair iddiasına şübhə ilə yanaşırdılar. Onlar bildiriblər ki, Əsəd alibi təmin etmək və birbaşa məsuliyyətdən yayınmaq üçün vasitəçilər zənciri vasitəsilə işləyir.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
4
musavat.com

1Источники