RU

Kahramanmaraşlı sahibkar: Azərbaycanın işğaldan azad edilmiş torpaqları regionun tekstil mərkəzinə çevrilə bilər

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kahramanmaraş, 17 iyun, AZƏRTAC

Erməni işğalından azad edilmiş Azərbaycan torpaqları çox münbitdir ki, bu da bölgənin orqanik pambıq istehsalı üzrə böyük mərkəzə və regional miqyasda tekstil sənayesi mərkəzinə çevrilməsi üçün zəmin ola bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin pambıq istehsalı və ixracı sahəsində aparıcı şirkətlərindən birinin – “DOCOTTON Group”un rəhbəri doktor Mehmet Doğan deyib.

Onun sözlərinə görə, bu gün “DOCOTTON Group” dünyanın 25-ə yaxın ölkəsinin, o cümlədən Azərbaycan, Tacikistan, Sudan, Banqladeş və Çinin bazarlarında fəaliyyət göstərir.

Baş ofisi Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yerləşən “DOCOTTON Group”un rəhbəri deyib: “DOCOTTON Group”, digərləri ilə yanaşı, Azərbaycanın Biləsuvar və Ağcabədi rayonlarında iki pambıqtəmizləmə zavoduna sərmayə qoyub.

Azərbaycanı çox sevdiyini və 2008-ci ildən bəri burada fəaliyyət göstərdiyini qeyd edən sahibkar deyib: “Azərbaycanda yetişdirilən pambıq əsasən orqanikdir, yəni, onun tərkibində GMO yoxdur. Bu, dünya bazarlarında xüsusi qiymətləndirilir. Biz Azərbaycanın “ağ qızılı”nı təkcə Türkiyəyə deyil, Çinə və digər ölkələrə də ixrac edirik. Pambığı qlobal istehsalçılara, “Inditex”, “Hutregoneur”, “Enditex”, “Zara”, “Hugo Boss” kimi iri istehsalçılara tədarük edirik”, -deyən türkiyəli biznesmen vurğulayıb ki, onun rəhbərlik etdiyi şirkət Azərbaycan pambığının dünyada reklamı məqsədilə çox səy göstərib.

Onun sözlərinə görə, qlobal tekstil brendləri ilə çoxlu sayda danışıq aparılıb. “Biz qlobal istehsalçıları Azərbaycanın üstünlükləri barədə məlumatlandırır və qeyd edirik ki, Bakı Milandan heç nə ilə fərqlənmir”, - deyən sahibkar qeyd edib ki, dünya tekstil sənayesinin nəhəngləri bu gün təkcə xammalın keyfiyyətinə deyil, həm də pambığın hansı şəraitdə istehsal olunmasına, ekoloji standartların nəzərə alınmasına, uşaq əməyindən istifadə edilməməsinə və digər amillərə diqqət yetirir.

Türkiyəli sahibkar ölkəmizdə yetişdirilən pambıq üçün “Organik Cotton - Made in Azerbaijan” vahid brendinin yaradılması ideyasını irəli sürüb.

“Azərbaycanda əkilən pambığın toxumları Türkiyədən gətirilir, yəni, onun tərkibində GMO yoxdur. Məsələn, Hindistandan gələn toxumlarla bağlı bunu demək olmaz. Əminəm ki, işğaldan azad edilmiş torpaqlarda istehsal olunan pambıq Azərbaycana böyük fayda verəcək”, - deyən doktor Doğan əlavə edib ki, başlıca hədəf təkcə pambığın ixracı yox, onun dünya tekstil brendlərinə tədarükü olmalıdır.

Onun fikrincə, Azərbaycanda məşğulluğun artması üçün tekstil sektorunun inkişafı da vacibdir. “Forbes”in versiyasına görə Türkiyənin TOP-500 aparıcı şirkəti sırasında yer alan “DOCOTTON Group”un rəhbəri əminliklə vurğulayıb: “Qardaş Azərbaycanın imkanlarını və investisiya təşviqi sistemini türk şirkətlərinin təcrübəsi və texnologiyası ilə birləşdirərək ciddi nəticələr əldə etmək olar”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
azertag.az

1Источники