Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 15 milyon 427,4 min ton neft nəql edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 5 ayının göstəricisinə nisbətən 3,4 % azdır.

Ötən dövr ərzində nəqletmənin 75,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-may aylarında 11 milyon 646,1 min ton neft ötürülüb. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 2,8 % azdır.

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 83,4 %-ini və ya 9 milyon 749 min tonunu Azərbaycanda hasil edilən neft, 16,6 %-ini və ya 1 milyon 934,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 0,4 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 13,5 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.