Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin memarıdır
Bu gün, iyun ayının 17-si, Azərbaycanda Səhiyyə İşçiləri Günüdür. Məlum olduğu kimi, bu bayram Ulu Öndər Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən təsis olunub. Hər il bu tarixdə ölkəmizdə səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. Qeyd edək ki, Səhiyyə İşçiləri Günü, həm də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yaradıldığı tarixə təsadüf edir. Birmənalı olaraq deyə bilərik ki, bu Sərəncamı imzalamaqla Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bir daha vurğulamış oldu.
Danılmaz həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev həm də müasir Azərbaycan səhiyyəsinin memarı və yaradıcısı kimi yaddaşlara əbədi həkk olunub. Ulu Öndər 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi ilə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirməyə, yeniliyə, tərəqqiyə əngəl yaradan maneələri qətiyyətlə aradan qaldırmağa başladı. Ümummilli Lider XX əsrin 70-80-ci illərində digər sahələr kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib. Dahi rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Ümummilli Lider respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın səhiyyə sistemində əsaslı islahatlar aparılırdı. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Məhz həmin dövrdə Azərbaycanda yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikadakı tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi.
1993-cü ilin iyununda - mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ümummilli Lider bütün digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparıb. Səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılıb, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilib, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürüb. 1993-2003-cü illərdə məhz Ulu Öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunların, eləcə də “Dövlət sığortası haqqında” əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər.
Bu gün cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində milli səhiyyə sistemində də mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, yüksək İKT tətbiqlərin istifadəsi ilə səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi istiqamətində mühüm işlər icra olunur. Möhtərəm dövlət başçımızın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar milli səhiyyənin müasir tendensiyalar əsasında inkişafı və əhalinin sağlamlığının daha möhkəm qorunmasına xidmət edir. Ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas yerlərdən birini tutur.
Əlbəttə ki, bu gün ölkəmizdə səhiyyənin inkişafından danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi qeyd olunmalıdır. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır. Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib.
Bu gün, səhiyyə işçilərinin əməyinin dəyərini vurğulamaq və onlara təşəkkür etmək üçün bir fürsətdir. Fədakar həkimlərimiz daim ən ağır və çıxılmaz vəziyyətlərdə xəstələrə ümid vermək, bir çox hallarda insanları həyata qaytarmaq üçün hər zaman var qüvvələri ilə çalışırlar, doğma Azərbaycanımızın daha sağlam gələcəyi naminə öz işlərində əzm və fədakarlığın ən yüksək nümunələrini nümayiş etdirirlər. Fürsətdən istifadə edib, mən də bütün həmkarlarımı Səhiyyə İşçiləri Günü münasibətilə ürəkdən təbrik edirəm! Bu sahədə çalışan bütün insanlara uğurlar, Azərbaycan xalqına isə sağlam və firavan həyat arzulayıram!
Təranə Rəcəbli, əməkdar həkim, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri, YAP Sumqayıt şəhər təşkilatının üzvü.