RU

Yeni Klinikada Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub

Yeni Klinikada 2025-ci il "Konstitusiya və Suverenlik İli" çərçivəsində 17 İyun Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş “Təbiblər – Cəmiyyətin Sağlamlıq Qalası” tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbirdə rəsmi çıxışlardan öncə “Cəbhə qəhrəmanlarının ağ xalatlı qəhrəmanlara təşəkkürü” adlı videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış edərək bildirib ki, qarşıya qoyulan məqsədlərə məhz səhiyyə işçilərinin əzmi və peşəkarlığı sayəsində nail olunacaq.

Deputat Vüqar İskəndərov müstəqil Azərbaycanın səhiyyə işçilərinə verdiyi yüksək dəyərdən bəhs edib. O, ölkədə səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında fədakar həkimlərin əvəzsiz rolunu xüsusi vurğulayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxışında bildirib ki, əsas məqsəd vətəndaşların tibbi xidmətlərə əlçatanlığını və rahat çıxışını təmin etməkdir.

TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev Vətən müharibəsi dövründə tibb işçilərinin yüksək peşəkarlıqları, misilsiz fədakarlıqları və vətənpərvərlik ruhu ilə əsgərlərimizin yanında dayandıqlarını xüsusi vurğulayıb:

"Döyüş meydanında hərbçilərimizin göstərdiyi qəhrəmanlıqla yanaşı, tibb personalının göstərdiyi əvəzsiz xidmətin bu xalqın birlik və həmrəylik ruhunun bir daha sarsılmaz olduğunu sübut edib".

Tibb müəssisəsinin direktoru Barat Yusubov çıxışında bildirib ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının qorunmasını daim prioritet istiqamət kimi müəyyən etmiş, bu sahədə ardıcıl islahatlar həyata keçirib:

“Tibb yalnız bir peşə deyil. Bu, vicdanın, məsuliyyətin və yüksək mənəviyyatın təcəssümüdür. Siz hər gün insan həyatını qoruyan, fədakarlıqla çalışan, zaman və məkan tanımadan insanlara ümid bəxş edən qəhrəmanlarsınız. Pandemiya, Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə bir daha sübut etdiniz ki, tibbi biliklərlə yanaşı, ruh yüksəkliyi və peşə etikasına sadiqlik bu peşənin əsas dayaqlarıdır,” – deyə Barat Yusubov vurğulayıb.

Daha sonra 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təşəkkürnamə ilə təltif edilib. Eyni zamanda Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul edilmiş tibb müəssisəsi əməkdaşlarına vəsiqələr təqdim olunub.

Избранный
15
3
report.az

4Источники