RU

Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır - RƏYLƏR

İsrail–İran savaşı fonunda Azərbaycanın mövqeyi neytraldır

Yaxın Şərqdə baş verən son hadisələr, İranla İsrail arasında alovlanan hərbi qarşıdurma regional təhlükəsizlik gündəmini bir daha ön plana çıxarıb. Münaqişənin coğrafi yaxınlığı və enerji yollarına təsir potensialı, o cümlədən Azərbaycanın İranla sərhəddə yerləşməsi, ölkəmizin xarici siyasət və milli təhlükəsizlik baxımından bu proseslərə münasibətini aktuallaşdırır. Geosiyasi gərginliyin artdığı bir vaxtda ictimai rəyin və siyasi institutların yanaşması xüsusilə önəm kəsb edir. 

Məhz bu məqsədlə “Şərq” qəzeti olaraq ölkədə fəaliyyət göstərən əsas siyasi partiyalar arasında sorğu keçirərək, Azərbaycanın İran–İsrail qarşıdurması fonundakı mövqeyinə dair baxışları öyrənməyə çalışdıq.

Milli Cəbhə Partiyası sədrinin müavini Tural İrfan İsrail və İran arasındakı müharibənin regionda gərginliyi artırdığını və narahatlıq yaratdığını bildirib: 

“Təbii ki, İran bizim qonşudur və orada çoxmilyonluq soydaşlarımız var. Eyni zamanda İsraillə də normal münasibətlərə sahibik. Şübhəsiz ki, dövlət siyasətimiz balanslı və uzaqgörənliklə yürüdüldüyü üçün ölkəmizə qarşı heç bir təhdid gözlənilmir. Ümumiyyətlə, biz heç zaman bu məsələnin müharibə həddinə gəlib çatmasında maraqlı olmamışıq və problemlərin danışıqlar və sülh şəraitində həllinin tərəfdarı olmuşuq. Azərbaycanın Türkiyə və İsrail arasında münasibətlərin qaydaya salınmasında, istərsə də İranla bağlı yaranmış vəziyyətin danışıqlar və sülh şəraitində nizama salınmasındakı səyləri, vasitəçiliyi labüddür. Çünki regionda keçmiş Qarabağ problemini həll edərək artıq sülh mərhələsinə qədər irəliləyən bir dövlətin təbii ki, təcrübəsindən, siyasətindən bəhrlələnilməlidir.
Artan gərginlik əgər İran-İsrail çərçivəsindən çıxaraq başqa dövlətlərin də müharibəyə əyani şəkildə qarışmasına gətirərsə, bu zaman yeni risklər yarana bilər. Odur ki, Türkiyə və Pakistanın bu savaşa qarışması arzuedilməzdir. Əgər bu baş verərsə, mənfi nəticələrə gətirə bilər. Həmçinin bu müharibənin davam etməsi Azərbaycanla Ermənistan arasındakı sülh prosesini də müəyyən səbəblərdən ləngidə bilər. Hər halda regional sabitliyin qorunması üçün bölgə dövlətləri birlikdə addımlar atmalıdır. Ümumiyyətlə, Azərbaycanın bu məsələdə tutduğu mövqe doğru və ən ədalətli yoldur. Mümkün qədər tərəfləri müharibədən çəkindirmək, regionda sabitliyin bərpa olunmasına səylər göstərmək və problemin nizama salınması üçün vasitəçilik təklif etmək. Hesab edirəm ki, doğru olan da məhz budur!”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri  Asim Mollazadənin sözlərinə görə, Azərbaycanın istəyi bölgədə sülh və əminamanlığın bərqərar olunmasıdır.  Deputat qeyd edib ki, rəsmi Bakı bütün məsələlərin diplomatik yolla həllində maraqlıdır: “Ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatların nəzarətinə önəm verir. İstəyirik ki, nüvə proqramları məhz nəzarət altında olsun və bölgədə hansısa problemlər yaratmasın. Bununla yanaşı, biz hər şeyi yaddaşımızda saxlayırıq. Bu yaxınlarda Ermənistanla İran hərbi müttəfiqliklə bağlı saziş imzalayıb. 44 günlük müharibədə İran Ermənistana böyük dəstək göstərib, hətta hərbi müdaxilə cəhdi də olmuşdu. Sual yaranır ki, özünü müsəlmanların müdafiəçisi elan edən ölkə nə üçün öz yurd-yuvalarından didərgin düşmüş 100 minlərlə müsəlmanı-azərbaycanlını yox, məhz Ermənistanın tərəfini seçib?! Bu, ciddi məsələdir. Bu mənada İranın siyasətinə inam yoxdur”.
Azərbaycanın hər zaman sülh, əmin-amanlıq və tərəfdaşlıq istəyini vurğulayan A.Mollazadə əlavə edib ki, bu məsələ Azərbaycanın xarici siyasətində prioritet təşkil edir: “Beynəlxalq hüquq işləmələdir. Biz beynəlxalq hüququn normalarında bəyanatlar yox, real nəticələr gözləyirik”.
Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini,fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli isə deyib ki, İran-İsrail müharibəsi fonunda İran daxilində Azərbaycan Respublikasına qarşı mənfi münasibəti olan qruplar, Ermənistan mediası, o cümlədən, Qərbdə erməni diasporu/lobbisinin təsir edə bildiyi media orqanları dezinformasiya xarakterli əsassız və uydurma iddialar da irəli sürürlər: “Saxtakar şovinist fars rejimi və ona yaxın mənbələr məlumat yayır ki, guya, Azərbaycan İsrailə döyüş təyyarələrinin Xəzər dənizi üzərindən uçaraq İrana aviazərbələr endirməsinə icazə verib.
Azərbaycan dövləti hər zaman rəsmi səviyyədə bəyan edib: "Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil". Azərbaycan hər zaman bu mövqedə qalıb.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Azərbaycan Respublikasına qarşı dezinformasiya xarakterli əsassız və uydurma iddiaları qətiyyətlə qınayırıq. İsrail Dövləti ilə İran İslam Respublikası arasında davam edən hərbi əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq”.
Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndinin sözlərinə görə, uzun müddətdir İran-İsrail arasında davam edən ixtilaf  artıq aktiv hərbi münaqişəyə çevrilib: “Bu gün dünya tarixində yeni müharibə növünün şahidi oluruq. Bir-birlərindən minlərlə kilometr məsafədə yerləşən quru və ya dəniz sərhədləri olmayan iki ölkə arasında quru qoşunlarının iştirakı olmadan nöqtə atışı ilə qarşılıqlı zərbələr endirilir. Müharibənin gedişatında tərəflərin professionallıq səviyyəsi də özünü açıq-aydın büruzə verir. İsrail ordusu öncədən vuracaqları hərbi obyektlər və strateji nöqtələri qarşı tərəfə açıqlayaraq dəqiq zərbələr endirir və mümkün qədər az mülki əhaliyə zərər verməməyə çalışır. Təəssüf ki, bu münasibəti İran tərəfindən görmürük. İranın raket zərbələri əsasən mülki binlara və daha dəqiq desək, ünvansız olaraq bir başqa şəhərlərə tuşlanıb. Bu, qərəzli olmasa da, İranın hava qüvvələrinin professionallığının aşağı səviyyədə olması və nöqtə atışı bacarığının olmaması anlamına gəlir ki, bu da çox təhlükəlidir. Ona görə də İsrail mümkün qədər tez İranı təslim etməyə çalışır. 
Azərbaycanın regionda sabitliyi qorumaq istiqamətində rolu barədə onu demək olar ki, bu məsələdə biz yalnız öz sərhədlərimizlə bağlı tədbirlər görə bilərik. Artıq az da olsa qaçqınlar ordusu yaranır. Türkiyə və Pakistan istiqamətində bir neçə min qaçqının keçməsi barədə məlumat var. Azərbaycan tərəfi raket zərbələrinin soydaşlarımız yaşayan bölgələrə atılmaması üçün İsraillə razılaşmalar əldə etməlidir və güman edirəm ki, bu istqamətdə addımlar atılıb. Müharibənin masştabı böyüdükcə, İranda iç savaşın çıxması ehtimalı da artır. İsrail Baş naziri Netanyahu İranın ali dini lideri Xameneyinin zərərsizləşdirilməsi barədə sui-qəsd planının hazır olması barədə bəyanatı rejimdən narazı olan kütlənin ayaqlanmasına hesablanıb. Çox güman ki, hərbi əməliyyatlar İranın kapitulyasiya aktını imzalayana  qədər davam etdiriləcək və ya ən azından Qərbin (ABŞ-nin) maraqlarına uyğun tələblərə imza etməyə məcbur ediləcək. Lakin hadisələr İran rejiminin yıxılması istiqamətində inkişaf edir. Eyni zamanda soydaşlarımızın qaçqın qismində sərhədlərimizə yaxınlaşması ehtimalını gözə almalıyıq və milyonluq qaçqın kütləsini qəbul etmək və sakitlik yarandıqda geri qaytarılması üçün sərhəd bölgələrində düşərgələrdə yerləşdirmək üçün hazırlıqlarımız olmalıdır”. 
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli hesab edir ki, İsrail-İran münaqişəsində bizi narahat edən iki ciddi amil var. İranla ortaq sərhədimizin olması və oradakı tarixi torpaqlarımızda yaşayan milyonlarla soydaşımız olan Azərbaycan türklərinin taleyi: “Azərbaycan nə İsraillə münasibətlərindən vaz keçməli, nə də İranla münasibətləri gərginləşdirməlidir. Əksinə, hər iki istiqamətdə dialoq və şəffaf kommunikasiya ön plana çəkilməlidir. Azərbaycan gərginliyin azaldılması və diplomatik vasitəçiliyin təşviqi baxımından aktiv rol oynamalıdır.
Milli təhlükəsizlik strategiyalarını təkmilləşdirmək, enerji və sərhəd təhlükəsizliyini prioritet kimi saxlamaq yalnız bu yolla mümkündür.
Bununla yanaşı, Türkiyə və Türkmənistanla təcili şəkildə ortaq regional təhlükəsizlik platformalarının yaradılması vacib və təxirəsalınmaz məsələdir.
Azərbaycan üçün ən həssas məsələlərdən biri də İranda yaşayan milyonlarla soydaşımızın – Azərbaycan türklərinin taleyidir. Bu kimi vəziyyətlərdə Tehranın ənənəvi siyasəti – daxili narazılığı və təzyiqləri etnik azlıqlar üzərinə yönəltmək taktikası Güney Azərbaycandakı soydaşlarımız üçün birbaşa təhlükə yarada bilər. Ona görə də, bu proseslərə biganə qalmaq mümkün deyil.
Azərbaycan dövləti bu kontekstdə həm beynəlxalq platformalarda, həm də ikitərəfli diplomatik kanallarda soydaşlarımızın hüquqlarının müdafiəsinə xüsusi önəm verməlidir. İnsan hüquqları kontekstində etnik azlıqların təhlükəsizliyi və mədəni haqları məsələsi prioritet olaraq müdafiə olunmalı və beynəlxalq ictimaiyyət bu məsələyə cəlb edilməlidir. Biz daha həssas və ağıllı bir duruş sərgiləməliyik – dövlət və vətəndaş olaraq. Neytrallığı hər sahədə qorumalıyıq.
Nə İrana qarşı düşmən mövqedə dayanmalı, çünki qonşumuzdur, nə də İsrailə qarşı həddən artıq sevgi eyforiyasına qapılmalıyıq, çünki beynəlxalq hüquq normalarını pozur. Heç bir tərəfə hissi yanaşmamalıyıq. Bütün özünə hörmət edən dövlətlər kimi, maraqlarımıza və strateji mövqeyimizə uyğun hərəkət etməliyik”.

Избранный
36
1
sherg.az

2Источники