RU

Keçmiş məcburi köçkün: Ağdamın Kəngərli kəndindən ən son çıxan mən olmuşam

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Bu günlər bizə yuxu kimi gəlir, elə qorxuruq ki, birdən bu yuxudan oyanarıq".

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Ağdam rayonunun Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün İsmayıl Şahmar oğlu Bağırov deyib.

O bildirib ki, illərlə bu günün həsrəti ilə yaşayıb:

"Həmişə bir arzumuz olub, öz yurdumuza qayıdaq, torpaqlarımızı işğaldan qurtaraq. Çox şükür, bu günləri görmək bizə nəsib oldu. Bu münasibətlə hər bir keçmiş məcburi köçkünü təbrik edirəm. O qədər sevincliyəm ki, qəhər məni boğur, oturub uşaq kimi ağlamaq istəyirəm.

Ağdamın Kəngərli kəndindən ən son çıxan mən olmuşam. Ancaq sənədlərimizi götürə bildim. Hər şeyimizi, xəyallarımızı, arzularımızı, gəncliyimizi, mal-mülkümüzü qoyub çıxdıq o torpaqlarda. Ona görə bu gün bizim o torpaqlara qayıdışımız toy-bayramdır.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 40 ailə (154 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Rövşən Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
oxu.az

1Источники