RU

Xocavənddə mühafizəsi qaydalarını pozan şirkət rəhbəri ilə bağlı QƏRAR

Ali Məhkəmədə əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Sərvan İsayevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

 

İttihama görə, Sərvan İsayev 2021-ci illərdə Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsi ərazisində təmir-tikintisi işlərinin görülməsi ilə əlaqədar hüquqi şəxs yaratmaqla, sahibkarlıq fəaliyyətini həyata keçirib. O, ərazidən təmir-tikintisi işlərini yerinə yetirərkən ümumilikdə 58 nəfər işçini vahid niyyətlə həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edib və 27 751,63 manat məbləğində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınıb.

 

Xocavənd Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü ilə Sərvan İsayev 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmlə həmçinin iş üzrə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsdən 25 769,37 manat pulun Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına tutulması, zərərçəkmiş şəxslərin mülki iddiasının baxılmamış saxlanılması qərara alınıb.

 

Həmin hökmündən məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı apelyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib, apelyasiya şikayəti qismən təmin olunub, Xocavənd Rayon Məhkəməsinin hökmü ləğv olunub. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə elan olunmuş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamın həcmindən xaric edilib, Xocavənd Rayon Məhkəməsinin Sərvan İsayevin barəsində CM-in 162-1.1-ci maddəsi ilə olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməsinə dair qərarı dəyişdirilmədən saxlanılıb. Mülki cavabdehdən 14 436,24 manat məbləğində pulun alınıb Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi, zərərçəkmiş şəxslərin mülki iddiası baxılmamış saxlanılması və zərərçəkmiş şəxslərə mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olmaları izah edilib.

 

Kamal Məmmədov

Tarix: 18 İyun 2025, 09:22   
Избранный
7
1
pravda.az

2Источники