“Karvan” yaxın vaxtlarda stadionla bağlı çalışmalara başlayır. Bölgə təmsilçisi artıq hərəkət keçib. Yevlax şəhər stadionunun meydançasına təbii ot örtüyü salınacaq.
Bununla yanaşı, stadionun ehtiyat meydançasına da əl gəzdiriləcək. Belə ki, rəhbərlik məşq üçün nəzərdə tutulan yeni süni örtüklü meydança inşa edir. Burada həmçinin 1000 – 1500 nəfərlik tribuna da tikiləcək.
Çalışmaların ən qısa vaxtda başlanması nəzərdə tutulub. Xüsusən də əsas meydançada təbii ot örtüyünün salınması xeyli vaxt apara bilər. Bu səbəbdən də “Karvan” növbəti mövsümün 5-6 turunu Yevlaxda oynaya bilməyəcək.
Aran təmsilçisi hazırda bu müddətdə ev oyunlarını keçirəcək stadion axtarışındadır. Alternativ variant kimi Qəbələ və ya Şamaxıdakı arenalar nəzərdə tutulub. Ancaq hələlik bununla bağlı konkret nəticə yoxdur.
Yaxın günlərdə klub rəhbərliyi bu məsələ ilə bağlı yekun qərarını verəcək.
Həsən Quluzadə / İdmanxeber.az