Artıq abituriyentlər üçün bu ilin ali məktəbə qəbul üzrə son şansı sayılan ikinci imtahana az vaxt qalıb. Az bal toplayan və yüksək nəticə hədəfləyənlər isə yenidən hazırlaşmağa başlayıb.
Lakin sosial şəbəkələrdə, həm repetitorlardan, həm də məktəb müəllimlərindən belə ifadələrə tez-tez rast gəlirik: “Sənin səviyyən maksimum 200 baldır”, “Bu uşağın biliyi 150 ballıqdır” və s. Bu cür yanaşmalar abituriyentlərin motivasiyasını sarsıdır.
Bəs, bu kimi fikirlər abituriyentlərə necə təsir edir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, əgər abituriyent müəllimin dilindən yüksək bal toplaya biləcəyini eşidərsə, bu sözlər ona güc verəcək və gələcəyə daha əmin addımlarla irəliləyəcək:
“Müəllimlər şagirdə qətiyyən ‘sənin potensialın budur, sən bundan yüksək nəticə toplaya bilməyəcəksən’ fikrini söyləməməlidirlər. Çünki şagirdə motivasiya vermək mütləqdir. Əgər motivasiyaedici sözlər onun üçün incidici ifadələrlə əvəz olunar və bu, şagirdin daha yaxşı oxumasına mənfi təsir göstərərsə – məsələn, ‘mənim potensialım budursa, o zaman ikinci cəhd imtahanına da hazırlaşmayım’ düşüncəsi formalaşarsa – bu, müəllim tərəfindən doğru bir yanaşma olmaz”.
“Müəllim şagirdə fərqli istiqamətlərdə motivasiya verməlidir”, - deyə ekspert qeyd edib:
“Əgər bir şagird birinci cəhd imtahanında 200 bal toplayıbsa, ona ‘ikinci cəhd imtahanında da 200 balı keçə bilməyəcəksən’ deyilsə, şagird bu fikrin təsiri altında qalıb imtahana həvəslə hazırlaşmayacaq.
Əksinə, müəllim şagirdinə ‘sən bir ay ərzində 300 bal toplaya bilərsən, sən bunu bacararsan’ kimi motivasiyaedici sözlər desə, bu, onun ikinci cəhd imtahanına daha ciddi və istəklə hazırlaşmasına səbəb olacaq.
Abituriyentlər ən çox müəllimin sözlərinə inanırlar. Çünki onları biliklə təmin edən məhz müəllimdir. Əgər abituriyent müəllimin dilindən yüksək bal toplaya biləcəyini eşidərsə, bu sözlər ona güc verəcək və gələcəyə daha əmin addımlarla irəliləyəcək.
Lakin burada yalnız müəllimlər deyil, valideynlər də motivasiya verməlidirlər. Abituriyenti ən yaxşı tanıyan şəxslər onun valideyni və müəllimidir. Əgər hər ikisi ona motivasiya versə, abituriyent daha yaxşı hazırlaşaraq hədəfinə çata bilər".