RU

III Dünya savaşı hansı bloklar arasında baş verə bilər ki?..- Sabiq baş diplomat

“Biz gördük ki, Pakistanla dediyimiz toqquşmada İran az qala Hindistana hərbi dəstək verəcəkdi. Bəyanatlar-filan vermişdi. Və bu dövlətin Pakistana qarşı olması İslam həmrəyliyindən əlavə, siyasi strateji baxımdan da məntiqsiz idi...”
 
Bəzi şərhçilər, analitiklər iddia edir ki, İsrail-İran savaşı bir neçə həftəyə bitməsə, III Dünya müharibəsinə keçə bilər.  Amma bilirik ki, Dünya müharibəsi hansısa qütbləşmiş iki müxtəlif ittifaq, blok arasında baş verir. Bəs indiki halda, - İsrail ətrafındakı koalisiya təxmini formalaşıb və məlumdur, bəs İran ətrafında hansı bloklar formalaşa bilər?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov bunları söyləyib: 
 
“Dünya müharibəsinin başlanacağını və bunun hansı ittifaqlar, bloklar arasında baş verəcəyini söyləmək çətindir. Bir məsələni də yada salaq. Bu yaxınlarda Pakistanla Hindistan arasında qısamüddətli hərbi qarşıdurma oldu. Pakistan da Çinin ən yaxın və böyük hərbi müttəfiqlərindəndir. Vaxtilə İranın ən böyük ümidləri Çin ilə bağlı idi. Çünki öz neftini satmaq Tehran üçün ən strateji vəzifələrdən biri idi. Və bu prproseslə sonradan Amerikanın raket atəşi ilə qətlə yetirilmiş İran generalı Qasım Süleymani və digər “SEPAH” fəalları məşğul idi... Amma biz gördük ki, Pakistanla dediyimiz toqquşmada İran az qala Hindistana hərbi dəstək verəcəkdi. Bəyanatlar-filan vermişdi. Və bu dövlətin Pakistana qarşı olması İslam həmrəyliyindən əlavə, siyasi strateji baxımdan da məntiqsiz idi. Eyni zamanda bu, dediyim kimi, İranın özünün də, Pakistanın da müttəfiqi kimi Çinə qarşı bir gediş idi... Bütün bunları və digər amilləri düşünəndə mən  guya İsrail-İran savaşının III Dünya müharibəsinə çevriləcəyi haqda fikir söyləmək istəmirəm. Çünki əvvəla, hələlik İran ətrafında hər hansı bloklaşmadan danışmaq mümkün deyil. İkincisi də, dünyada müəyyən qütbləşmə olsa da, bunun sonda hansı mənzərəyə gətirib çıxaracağı məlum deyil. Üçüncüsü də, mən planet üzrə hansısa bloklar arasında total hərbi əməliyyatların başlayacağına inanmıram və əminəm ki, bu, mümkün deyil. Ona görə ki, bu sonda nüvə silahlarının işlənməsinə gətirib çıxara bilər. Sivilizasiyanın indiki inkişafı dövründə də ağlı başında olan hansısa nüvə dövlətinin lideri başa düşür ki, o atacağı nüvə bombasıyla düşmənini məhv edə bilsə də, sonra özü də bütün planet də məhv ola bilər...”
 
Sultan Laçın
 
Избранный
8
moderator.az

1Источники