RU

İdman yarışlarında qaliblərə ayrılan pullar verilməyib - 871 min manat...

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə cinayət işi üzrə zərərçəkən qismində tanınmış Gənclər və İdman Nazirliyinin hüquqi nümayəndəsi ifadə verib .

Nümayəndə bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda keçirilmiş idman tədbirləri zamanı xərclər smetasını göstərmədən mükafatların verilməsi ilə bağlı arayışlar təqdim edib:

"Həmin arayışlarda məbləğlər göstərilməyib. Audit yoxlaması zamanı Maliyyə Nazirliyinin baş məsləhətçisi deyib ki, 52 yarış üzrə xərclər smetasında məlumat verilməyib. Bu yarışları keçirən zaman dövlət büdcəsindən kənar xərcləmələr olub. Ümumilikdə, Gənclər və İdman Nazirliyinə 871 min 255 manatdan çox zərər dəyib. Maliyyə yoxlaması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə deyil, özlərinə götürüblər".

Prosesdə zərərçəkən Gənclər və İdman Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdığını bildirib.

Məhkəmədə şahid Samir Kazımov ifadə verib. Onun sözlərinə görə, 2004-cü ildən sözügedən idarədə baş məsləhətçi işləyib:

"Hər il tədbirlər planı olurdu. O planlar əsasında tədbirlər keçirmişik. Müəyyən qədər vəsait götürüb tədbirlərə xərcləmişik. Tədbirlərimiz çox olurdu. Tədbirlərdən sonra bankdan götürülən pulların təyinatı üzrə xərclənməsinə dair hesabat verirdim. Elə olurdu ki, tədbirlər planında nəzərdə tutulmayan tədbirlərimiz də olurdu. Planda nəzərdə tutulmayan tədbir məktub əsasında keçirilirdi. Bu tədbirlərə pullar ayrılmış vəsaitdən xərclənirdi. Biz digər qurumlarla da tədbirlər təşkil edirdik".

Şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Belə ki, şahid ibtidai istintaq zamanı deyib ki, bəzən tədbirlər planında nəzərdə tutulan tədbirlərin bir neçəsi keçirilməyib. Şahid sözügedən ifadələr arasındakı ziddiyyətə münasibət bildirməyib.

Növbəti proses iyulun 9-a təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi istintaqı zamanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə dəymiş ziyandan 100 min manat zərər ödənilib.

Избранный
13
9
bakivaxti.az

10Источники