Suşi qədimdə Yaponiyada yaranmayıb, ilk izləri Çin və Cənub-Şərqi Asiya mətbəxinə gedib çıxır. Eramızdan əvvəl 2-ci əsrdə insanlar balığı duz və fermentləşdirilmiş düyü ilə qoruyaraq saxlayırdılar. Bu üsul “narezushi” adlanırdı və yalnız balıq yeyilir, düyü isə atılırdı.
Lakin Yaponiya suşini kulinariya sənətinə çevirən ölkə oldu. Təxminən 8-ci əsrdə fermentləşdirmə müddəti azaldıldı və həm balıq, həm də düyü yeyilməyə başlandı. Edo dövründə (17-19-cu əsrlər) “nigiri suşi”, yəni əllə formalaşdırılan düyü üzərində balıq Tokio küçələrində sürətli yemək kimi populyarlaşdı. Yaponiyanın suşini kulinariya sənətinə çevirməsi bu yeməyi qlobal prestij simvoluna çevirib. Bu gün dünyanın ən bahalı suşiləri həmin qədim ənənənin lüks və sənət zirvəsindəki davamıdır. Bəs ən bahalı suşi hansıdır?
Valyuta.az xəbər verir ki, bu gün – 18 iyun tarixində dünyada Beynəlxalq Suşi Günü qeyd olunur. Bu gün suşinin zəngin tarixi, mədəni irsi və müasir kulinariya sənətindəki yeri ilə bağlı diqqət çəkən nümunələrlə yad edilir. Məhz bu münasibətlə “dünyanın ən bahalı suşisi” statusunu daşıyan Asiya mətbəxinin incisini təqdim edirik.
Dünyanın ən bahalı suşisi - Qızıl yarpaqla bəzədilmiş ləzzət
Yaponiyanın Osaka şəhərində yerləşən “Sushi Kirimon” restoranı dünyanın ən bahalı suşi menyusunu təqdim etməklə kulinariya dünyasında yeni bir lüks zirvəsinə imza atıb. “Kiwami Omakase” adlanan bu xüsusi menyu 20 ədəd yüksək keyfiyyətli nigiri suşidən ibarətdir və qiyməti 2 475 ABŞ dolları, təxminən 4 200 AZN təşkil edir.
Bu nadir kulinariya təcrübəsinin tərkibində beluga kaviarı, mavi qanadlı tunanın ən yağlı və qiymətli hissəsi olan “Otoro”, dəniz kirpisi – uni, trüf göbələkləri, mövsümi dəniz məhsulları və təbii ki, wasabi yer alır. Suşilərin hər biri 24 karatlıq qızıl yarpaq ilə bəzədilərək yalnız ləzzət baxımından deyil, vizual olaraq da heyranedicilik yaradır.
“Kiwami Omakase” təkcə yemək deyil, həm də sənət və zənginliyin nümayişidir. Hər bir komponent dəqiqliklə seçilir, hazırlanması və təqdimatı isə şefin ustalığını və Yapon mətbəxinin estetikasını əks etdirir. Qızılın simvolik istifadəsi isə bu təcrübəyə prestij və fərqlilik qatır.
Suşi haqqında maraqlı faktlar
Çoxumuzun sevərək yediyimiz xarici mətbəxin incisi suşi haqqında maraqlı faktlar mövcuddur. Məsələn,“suşi” deyəndə ağlımıza ilk balıq gələ bilər, lakin bu söz balıq deyil, sirkə ilə hazırlanmış düyü anlamına gəlir. Ənənəvi suşidə hətta heç balıq olmaya da bilər.
Bir çox insan suşi yeyərkən çubuqların istifadəsini zəruri görür, çubuqla yeməyə cəhd edir. Amma suşini kulinariya sənətinə çevirən Yaponiyada suşini əllə yemək etik sayılır.
Bəzi suşilərin dəyərində elə inqrediyentlər var ki, suşinin dəyərini daha çox artırır. Bu inqrediyentlərə balina dili, Karib dənizindən kərəviz, Rus beluga kaviarı və İtaliya trüfləri aiddir.
Ən son olaraq, ən məşhur suşi növləri Nigiri, Maki, Temaki, Sashimi və Uramakidir. Bu suşi növləri fərqli təqdimat və dad kombinasiyaları ilə geniş zövqə xitab etdiyi üçün məşhurdur. Nigiri və Sashimi təbii dəniz məhsullarının dadını vurğulayır, Maki və Uramaki isə rulon şəklində müxtəlif içliklərlə zənginləşdirilir. Temaki isə konus formasında hazırlanaraq həm dadlı, həm də praktiki təqdimat təklif edir.
Sərvanə Rəmixanova