RU

Nazim Sadıxov: Üç azərbaycanlının UFC-də döyüşməsi bizim üçün şərəfdir

BAKI. 18 iyun. TELEQRAF

"Rəqibimin təhlükəli olduğunu bilirəm. “Game plan”ı açıqlamaq istəmirəm. O güclüdür, amma mən ondan daha güclüyəm".

Teleqraf xəbər verir ki, bunu UFC döyüşçüsü Nazim Sadıxov Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.

31 yaşlı azərbaycanlı idmançı braziliyalı rəqibi Nikolas Mottanın iddialı açıqlamalarına münasibət bildirmək istəməyib: "Döyüşdən öncə çox şey danışmaq olar. Onun sosial şəbəkəsini izləməmişəm. Oktaqonda deyilənlərə görə cavab verməli olacaq”.

Sadıxov UFC turnirində iştirak edəcək eyni çəkidəki digər azərbaycanlı döyüşçülər Rafael Fiziyev və Tofiq Musayevlə qarşılaşmağı düşünmədiyini söyləyib: “Bunu məndən tez-tez soruşurlar. Yalnız növbəti döyüşümü düşünürəm. Onlar mənim həmyerlilərimdir. Komanda yoldaşı, eyni ölkədən olan idmançıların döyüşdüyünü görmüşük. Hazırda bu barədə düşünmürəm. Bütün fikrimi rəqibimə yönəltmişəm”.

Azərbaycanlı idmançı ABŞ-dan olan əslən gürcü döyüşçü Merab Dvalişvilinin Bakıya səfərinin səbəbini açıqlamaq istəməyib. O, Dvalişvili Gürcüstanda sevildiyi kimi, özünün də Azərbaycanda böyük hörmətlə qarşılandığını vurğulayıb: "Dvalişvilinin səfəri bir sürprizdir, bu barədə danışmaq istəmirəm. Turnir barədə çox danışmışam. Azərbaycanda mənə “fəxrimizsən” deyilir. Bu, mənim üçün çox önəmli ifadədir”.

Sadıxov ona “Qara canavar” ləqəbini komanda yoldaşlarının qoyduğunu dilə gətirib: "Canavar kimi vəhşi olduğumu deyirlər. Qara canavar isə təkbaşına qərar verəndir. Mən də həyatımda qərarlarımı özüm vermişəm”.

UFC döyüşçüsü Mottanı hədələməyi də unutmayıb: “Oktaqona çıxanda neçə raund döyüşəcəyimi düşünmürəm. Döyüşlərimə baxsanız, çexiyalı İrji Prohazka ilə heç-heçə etdiyim qarşılaşmalarda rəqibimin necə dayandığını bilmirəm. O, zombi kimi idi. Mottanın zərbələrimdən sonra ayaq üstə qalıb-qala bilməyəcəyimi bilmirəm”.

Sadıxov Bakıya gəldikdən sonra Rafael Fiziyevlə mənalı vaxt keçirdiklərini deyib: “Bir-birimizlə zarafatlaşırıq. Necə ac olduğumuzu, deserti, pizzanı, burgeri necə yeyə biləcəyimizi danışırıq və bir-birimizə videolar göstəririk. Küçədə gəzərkən, azarkeşlər bizə yaxınlaşıb foto çəkdirib avqtoqraf istəyirlər. Bunlar gözəldir".

O, azərbaycanlı gənc UFC döyüşçülərinin də yetişməkdə olduğunu bildirib: “Azər Çoxurov, Akif Quluzadə var. Quluzadə bizim Çingiz Allazovla birlikdə məşq edir. Üç azərbaycanlının UFC-də döyüşməsi bizim üçün şərəfdir. Azərbaycan mənim vətənimdir. Bunu hər zaman arzulamışam. Ümid və arzu edirəm ki, azarkeşlərimizi sevindirəcəyik. Gənc döyüşçülərə məsləhətim budur: Çalışın, işləyin və təslim olmayın. Bu idmanın 90 faizi təslim olmamaqdan ibarətdir”.

Qeyd edək ki, Nazim Sadıxov yüngül çəki dərəcəsində Nikolas Motta ilə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək

Избранный
14
teleqraf.com

1Источники