RU

Parlamentari: Qanunla tənzimlənən kazinolar büdcə üçün müsbət nəticələr verə bilər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələri də daxil olmaqla səkkiz qanunvericilik aktına dəyişiklik layihəsi daxil edilib. Layihəyə əsasən, yalnız süni torpaq sahələrində olmaqla, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a deyib ki, bu fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunmuş tələblərə cavab verən ərazilərdə həyata keçirilə bilər:

"Eyni zamanda, kazino oyunlarının təşkili qaydası da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Bu fəaliyyət yalnız nəzarət orqanının rəyi və lisenziya əsasında hüquqi şəxslər tərəfindən icra oluna bilər. Azərbaycanda kazino fəaliyyəti Prezidentin 27 yanvar 1998-ci il tarixli Sərəncamı ilə qadağan edilmişdi. O dövrdə effektiv nəzarət mexanizmlərinin olmaması və beynəlxalq təcrübənin nəzərə alınmaması bu sahənin iqtisadiyyata zərər vurmasına, qeyri-qanuni gəlirlərin leqallaşdırılmasına və digər cinayətlərin baş verməsinə səbəb olmuşdu. Lakin bu gün dövlət institutlarının möhkəmlənməsi və nəzarət mexanizmlərinin formalaşması 28 il öncəki təhlükələri aradan qaldırmağa imkan verir. Məlumdur ki, qanunla tənzimlənən kazinolar bir sıra müsbət nəticələr verə bilər. Belə ki, onlar turizmə təkan verir, yeni iş yerləri yaradır və vergi gəlirləri vasitəsilə büdcəni artırır. Məsələn, Böyük Britaniyada kazino sənayesindən illik gəlir 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları təşkil edir. Qonşu Gürcüstan bu fəaliyyətdən illik 100-150 milyon, Rusiya isə 20-30 milyon dollar vergi gəliri əldə edir".

Deputatın sözlərinə görə, bu sahənin leqallaşdırılmasında kompleks və məsuliyyətli yanaşma tələb olunur:
"Qanun layihəsində də nəzərdə tutulduğu kimi, kazinolar yalnız süni torpaq sahələrində fəaliyyət göstərəcək və ciddi lisenziya və nəzarət mexanizmlərinə tabe olacaq. Bu zaman sosial və mənəvi aspektlər də xüsusi nəzərə alınacaq.
Eyni zamanda, real vəziyyət göstərir ki, qadağa bu fəaliyyətin tam qarşısını ala bilməyib. Son illərdə dəfələrlə gizli kazinoların fəaliyyəti ifşa olunub, onlayn fırıldaqçılıqla məşğul olan saytların fəaliyyəti geniş vüsət alıb. Bu baxımdan, kazinoların qanun çərçivəsində tənzimlənməsi qeyri-leqal biznesə zərbə vuracaq, vergidən yayındırılan vəsaitlərin büdcəyə yönəlməsinə, xaricə pul axınının və çirkli pulların yuyulmasının qarşısının alınmasına ciddi töhfə verə bilər".
Избранный
11
1
sherg.az

2Источники