RU

ABŞ sahəyə enir: "Vaşinqton bunu bahənə edəcək"

Yaxın Şərqdə gərginlik yeni bir mərhələyə qədəm qoyur. İran ilə İsrail arasında davam edən silahlı toqquşmalar fonunda ABŞ-nin bu münaqişəyə birbaşa müdaxiləsi ilə bağlı ehtimallar artmaqdadır.

 

Siyasi şərhçi Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, son günlərdə baş verən siyasi və hərbi proseslər Vaşinqtonun aktiv müdaxilə ehtimalını gücləndirir.

 

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp G7 ölkələrinin Kanadada keçirilən sammitini vaxtından əvvəl tərk edərək, BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Ardınca ABŞ ordusunun bölgəyə böyük hərbi kontingent göndərməsi münaqişəyə birbaşa iştirakla bağlı suallar doğurur.

 

Politoloqun fikrincə, ABŞ hazırda İran üzərində siyasi və iqtisadi təzyiqləri maksimum səviyyəyə çatdırıb:

 

“Vaşinqtonun məqsədi Tehranın qeyd-şərtsiz geri çəkilməsi və müəyyən şərtləri qəbul etməsidir. Lakin İranın bu tələblərlə razılaşması az ehtimal olunur. Bu isə ABŞ üçün hərbi müdaxiləyə bəhanə yarada bilər”.

 

 

E.Xalidbəyli hesab edir ki, İsrailin ardınca ABŞ-nin də İrana qarşı hava və raket zərbələri endirməsi mümkündür:

 

"Bu halda münaqişənin coğrafiyası genişlənə və daha mürəkkəb fazaya keçə bilər".


Münaqişənin qlobal səviyyəyə keçməsi digər güclərin – xüsusilə də Çinin – məsələyə cəlb olunması ehtimalını gündəmə gətirir. Xalidbəyli qeyd edir ki, Çin ilə İran arasında sıx iqtisadi və geosiyasi tərəfdaşlıq mövcuddur:

 

"Pekin ABŞ-nin təsirini balanslaşdırmaq üçün müəyyən dəstək addımları ata bilər. Lakin bu dəstəyin daha çox siyasi və iqtisadi istiqamətdə olması ehtimal olunur. Çinin birbaşa hərbi müdaxiləyə getməsi real sayılmır. Bu, ABŞ ilə açıq qarşıdurma demək olardı ki, hazırda Pekin bunu istəmir”.

 

Ekspert əlavə edir ki, hazırkı vəziyyətdə İran-İsrail gərginliyinin regional hüdudlarda qalması çətin görünür:

 

"ABŞ-nin sərt mövqeyi və hərbi hazırlığı bölgədə genişmiqyaslı qarşıdurma ehtimalını artırır. Digər güclər isə daha çox diplomatik və strateji manevrlərlə vəziyyəti izləməyə üstünlük verirlər".


Bəsti Rəfizadə
Sfera.az

 

Избранный
33
50
sfera.az

10Источники