RU

"Avropanın ikiüzlülüyü: İsrail haqlıdır, Rusiya isə yox?" - İtaliya mətbuatı

 
"Yaxın Şərqdəki müharibə Avropanın müdafiə zəifliyini və geosiyasi ikili standartlarını üzə çıxarır..."
 
Yaxın Şərqdə İsraillə İran arasında baş verən qarşıdurma Avropaya acı bir həqiqəti xatırladıb: qitə müdafiə baxımından son dərəcə zəifdir.
 
Moderator.az xəbər verir ki, bu barədə İtaliyanın "IL Fatto Quotidiano" nəşri yazıb.
 
Məqalədə professor Alessandro Orsini bildirir ki, Avropa Rusiyaya qarşı sərt ritorika ilə çıxış edərkən, İsrailin açıq-aşkar hücumlarını susqunluqla izləyir. Səbəb sadədir - Avropa öz müdafiə gücsüzlüyünü ört-basdır etmək üçün ikili standartlara əl atır.
 
İsrail üstünlüyə malikdir, İran müdafiə olunur
 
Müəllif qeyd edir ki, İsrail-İran münaqişəsində üstünlük tam şəkildə İsrail tərəfindədir. Üç əsas səbəb var: İsrailin hava üstünlüyü və ABŞ dəstəyi; İranda müttəfiqlərin olmaması; Təl-Əvivin İranın strateji obyektlərini, xüsusilə nüvə proqramını sıradan çıxarma potensialı.
 
Əgər İran raket ehtiyatını tükəndirsə, təklənəcək. İsrail isə hətta resurslarını tam istifadə etsə belə, arxasında Trampın rəhbərlik etdiyi ABŞ ordusu dayana bilər. Bu da onu göstərir ki, İsrail müharibənin ən pis ssenarisinə belə hazırdır. İran isə əksinə, çox məhdud şəkildə cavab verir, çünki daha sərt reaksiya Netanyahunun nüvə silahına əl atması ilə nəticələnə bilər.
 
Avropa üçün sərt dərslər
 
Orsini Avropanın təhlükəsizlik baxımından İsraillə müqayisədə çox aciz olduğunu vurğulayır. İranın hipersəs raketləri ABŞ-ın müasir hava hücumundan müdafiə sistemlərini belə keçə bilir. Belə olan halda Rusiyanın daha güclü raket texnologiyası qarşısında Avropanın, xüsusilə də İtaliyanın tam müdafiəsiz qalacağı aydındır.
 
İtaliya müdafiə naziri Krozettinin "Samp/T" raket sistemləri üzərində israrı isə müəllifə görə nəticəsizdir. Çünki bu sistemlər müasir Rusiya raketlərini durdura bilmir. Krozettinin NATO ilə birgə hərbi siyasəti və Meloninin Moskva əleyhinə ritorikası isə ölkəni yalnız cavab verməyə qadir olmayan bir mövqedə saxlayır.
 
İtaliya ABŞ-ın tabeliyindəki satellit dövlətdir
 
Müəllif iddia edir ki, İtaliya beynəlxalq siyasətdə müstəqil deyil. O, ABŞ-ın təsirində olan "satellit dövlət"dir və bu səbəbdən də İsrailin İranı qanunsuz bombalamasına susur, Ukraynada isə yalnız Rusiya "təcavüzkar" kimi tanınır, Qəzza isə görməzdən gəlinir.
 
Avropa liderləri "Rusiyaya qarşı hazırlaşmalıyıq!" deyə qışqırsalar da, əslində nə bu gün, nə də 20 il sonra müharibəyə hazır olacaqlar. Sadəcə, reallıqla üzləşmək istəmirlər. Və Avropa cəmiyyətinə bu acı həqiqəti izah etməyə cəsarət edənlər də yoxdur.
 
İsrail-İran müharibəsi Avropanın təhlükəsizlik baxımından nə qədər müdafiəsiz və asılı olduğunu ortaya qoydu. Qitənin Rusiya və İsrailə münasibətdə sərgilədiyi ikili standartlar isə təkcə siyasi yox, hərbi baxımdan da zəiflik əlamətidir.
Избранный
15
moderator.az

1Источники