RU

İndoneziyada vulkan püskürməsi Baliyə 30 aviareysin ləğvinə səbəb olub

Bakı, 18 iyun, AZƏRTAC

İndoneziyanın Flores adasında Levotobi Laki-laki vulkanının püskürməsi nəticəsində hündürlüyü 10 kilometrə çatan kül dumanı yayılıb. Bununla əlaqədar olaraq Bali turizm adasına 30-dan çox aviareys ləğv edilib.

AZƏRTAC İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir ki, vulkanın püskürməsi ilə əlaqədar İndoneziya hakimiyyət orqanları fəlakətlə bağlı xəbərdarlıq səviyyəsini ən yüksək - dörddüncü səviyyəyə qaldırıb. İndoneziyanın müvafiq orqanlarının açıqlamasında bildirilib: “Püskürmə dumanının hündürlüyü zirvədən təxminən 10 min metr hündürlükdə qeydə alınıb. Yüksək intensivliyə malik boz kül sütunu müşahidə edilib”.

Hazırda dağıntılar və tələfat barədə məlumat yoxdur.

Geologiya Agentliyinin rəhbəri Muhammed Vafid bildirib ki, sakinlər və turistlər vulkanın kraterindən ən azı 7 kilometrlik radiusda hər hansı fəaliyyətdən çəkinməlidir. İndoneziya Sakit okeanın "Od halqası"nda yerləşdiyinə görə tez-tez seysmik və vulkanik fəaliyyətlə üzləşir. Noyabr ayında Levotobi Laki-laki dağında bir neçə dəfə vulkan püskürməsi baş verib və bu, 9 nəfərin ölümünə, minlərlə insanın təxliyə edilməsinə səbəb olub. Həmçinin Baliyə onlarla beynəlxalq uçuş ləğv edilib.

İndoneziya dilində “kişi" mənasını verən Laki-laki daha sakit, lakin daha hündür (1703 metr) “qadın” sözünün şərəfinə adlandırılan Perempuan dağı ilə əlaqədardır.

Избранный
9
1
azertag.az

2Источники