RU

Votsapp kanallar üçün ödənişli tanıtımlara başladı

Votsapp kanallar üçün ödənişli tanıtımlara başladı

Meta şirkətinə məxsus Votsapp 2025-ci ilin iyun ayı yeniləməsi ilə kanallar funksiyasını daha görünən və kommersiya yönümlü hala gətirən yeni alətləri istifadəyə verib. Yeniləmə ilə birlikdə tətbiqdə təkmilləşdirilmiş axtarış süzgəcləri, yenilənmiş kanal kataloqu və ödənişli tanıtım imkanları təqdim olunub.

Meta-nın açıqlamasında bildirilib ki, bu gün Votsappdakı kanallar və status bölməsinin yer aldığı yeniləmələr bölməsində yeni funksiyalar təqdim edilib. Qeyd edilib ki, illərdir Votsappda şəxsi yazışmaları pozmadan biznes qurmağın yolları axtarılırdı: "Bu bölmə bunun üçün ən doğru yerdir” deyə vurğulanıb.

Yeni kataloq quruluşu sayəsində istifadəçilər ölkəyə, populyarlığa və ya aktivliyə görə kanalları asanlıqla kəşf edə biləcəklər. Bu xüsusiyyətlər 2023-cü ildə qlobal şəkildə istifadəyə verilmiş kanallar xidmətinin üzərində qurularaq 150-dən çox ölkədə genişləndirilir. Bununla da Meta istifadəçilərin tətbiq daxilindəki məzmuna daha rahat çıxışını təmin etməyi hədəfləyir.

Yeni yeniləmə ilə şirkətlər artıq Votsapp daxilində öz kanallarını tanıtmaq üçün ödəniş edə biləcəklər. Bu, tətbiq daxilində hazırlanmış yeni bir reklam formatı deməkdir. Meta tanıtım xərcləri və hədəfləmə meyarları ilə bağlı detalları hələ açıqlamayıb.

İlk mərhələdə Braziliya və Hindistanda tətbiq olunmağa başlayan bu ödənişli tanıtım vasitələrindən pərakəndə, turizm və media sahəsində fəaliyyət göstərən şirkətlər istifadə etməyə başlayıb. Modelin uğurlu olması halında ABŞ və Avropa bazarlarına da yayılması gözlənilir.

Meta-nın bu addımı Feyzbuk və Instaqramda yavaşlayan reklam gəlirlərinə qarşı Votsappı daha çox gəlir gətirən bir platformaya çevirmə strategiyasının tərkib hissəsidir. Dünya üzrə 200 milyondan çox istifadəçiyə xidmət göstərən Votsapp Biznes də bu strategiyanın əsas mərkəzində yer alır.

Meta-nın Votsappa ticarət və məzmun yönümlü yeni xüsusiyyətlər inteqrasiya etməsi, tətbiqin yalnız şəxsi mesajlaşma vasitəsi olmaqdan çıxaraq, rəqəmsal ekosistem daxilində çoxfunksiyalı bir ünsiyyət və kəşf platformasına çevrildiyini göstərir.

Избранный
18
afn.az

1Источники