RU

Yanvarın 1-dən qeydiyyatdan keçməyən xarici qida obyektlərindən idxala məhdudiyyət qoyulacaq

Yanvarın

Bakı, 11 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkəmizə yüksək riskli qida və yem məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti xəbərdarlıq edib.

Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və informasiya təminatı şöbəsindən məlumat verilib.

Xəbərdarlıqda sahibkarların diqqətinə çatdırılır ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq: “Yanvarın 1-dək təsdiq üçün rəsmi qaydada müraciət etməyən müəssisələrdən baytarlıq nəzarətinə aid - mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulların ölkəmizə idxalı mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, qeyd olunan tarixdən etibarən yüksək risk qrupuna aid məhsulların istehsal və emal olunduğu xarici qida obyektlərinin təsdiqi idxal tələbinə aid ediləcək”.

Xatırladaq ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir. Məhz qanunun tələblərindən irəli gələrək, agentlik təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edib. Buna baxmayaraq, agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb.

Bir daha qida məhsulları istehsal edən sahibkarların diqqətinə çatdırılır ki, müvafiq qiymətləndirmə aparılmayan və təsdiq edilməyən bu xarici qida obyektlərindən idxal dayandırılacaq və idxalçı şirkətlərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Избранный
416
19
azertag.az

10Источники