RU

İsrail-İran savaşı Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə ağır təsir göstərir(?)...


Fuad İbrahimov: “Region üzrə ticarət, logistika sisteminə mənfi təsir edəcək”

Son günlər Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. İranın nüvə proqramı ətrafında illərdir davam edən gərginlik 2025-ci ilin iyun ayında hərbi fazaya keçib. İsrailin İranın müxtəlif hərbi obyektlərinə zərbələr endirməsi, İranın isə cavab olaraq, Təl-Əviv başda olmaqla, digər şəhərlərə raket hücumlarına başlaması regionu böyük müharibə təhlükəsilə üzləşdirib.

İsraillə İran arasında başlayan münaqişənin iqtisadi təsiri artıq dünyanın bir çox ölkəsində hiss edilir. O da məlumdur ki, Azərbaycanın münaqişədə olan hər iki ölkə ilə geniş iqtisadi əlaqələri var. İran və İsrail regionda ərzaq, sənaye məhsulları və enerjiyə çıxış imkanlarına təsir edən iki mühüm dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycan üçün əhəmiyyətli tranzit qovşaqları ilə bağlıdır. Bu baxımdan İsrail-İran münaqişəsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Bunun iqtisadi təsirləri hansı formada ola bilər?

“Bu, idxal məhsullarının həm azalmasına, həm də onların qiymətlərinin yüksəlməsinə öz təsirini göstərəcək”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, istənilən halda müharibə olan yerdə bunun iqtisadi əlaqələrə təsiri olacaq: “Nəticədə də müəyyən geriləmələr olur. Məsələn, biz bunu Rusiya-Ukrayna münaqişəsində də gördük. Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azaldı. O cümlədən, Rusiyanın münaqişə ərazilərinə yaxın bölgələrlə ticarətdə azalmalar qeydə alındı. Azərbaycanla İran arasında uzun sərhəd var. Tranzit yüklərin bir hissəsi İran üzərindən Azərbaycana daşınır. Bu yüklər tək Azərbaycana daşınmır. Azərbaycan üzərindən Rusiyaya və digər ölkələrə daşınırdı. Ona görə də müharibə davam edərsə, belə vəziyyət yaxın 2-3 həftədə region üzrə ticarət, logistika sisteminə mənfi təsir edəcək. Çünki İran Azərbaycan üçün vacib ticarət və tranzit tərəfdaşlarından biridir. İranın Bəndər-Abbas limanı vasitəsilə Azərbaycan Çin və digər Cənubi, Çənub-Şərqi Asiya ölkələri ilə ticarət aparır. Əgər müharibə limanın fəaliyyətinə təsir edərsə, həmin istiqamətdəki ticarətə bunun mənfi təsiri olacaq. Bu isə idxal məhsullarının həm azalmasına, həm də onların qiymətlərinin yüksəlməsinə öz təsirini göstərəcək. Rusiya əsasən Hindistana yüklərini Şimal-Cənub dəhlizi vasitəsi ilə daşıyır. Bu daşımalarda Azərbaycan vacib tranzit ölkəsidir. Bütün bunlar illərlə formalaşmış logistik dəhlizdir. Bundan başqa, Azərbaycanda istehlak edilən məhsullar İrandan idxal edilir. Ötən il ölkəmiz İrandan məhsul idxalını illik müqayisədə 160 milyon dollar və ya 33,8 faiz artıraraq 633 milyon dollara çatdırıb. Təbii ki, müharibə davam edərsə, bu idxal zənciri pozulmuş olacaq. Bütün bunlar iqtisadi risqləri artırır. Allah eləsin müharibə tez başa çatsın. Yoxsa ölkəmizə qaçqın axını baş verə bilər ki, bu da iqtisadiyyata təsirsiz ötüşməyəcək”.

Vidadi ORDAHALLI

Избранный
16
baki-xeber.com

1Источники