İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq.
“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Ağdam təmsilçisi bu raundda "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Təcrübəli mütəxəssis çoxdandır belə komandalara qarşı oynamadıqlarını söyləyib: “Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə stabil komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda, Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq”.
Qeyd edək ki, “Qarabağ” ilk oyununu səfərdə (22-23 iyul), cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.