RU

Ərzaq qıtlığı və bahalaşma: Qlobal sarsıntılar yerli bazara necə təsir edir?

“Təbii ki, hazırda dünyada baş verən ciddi geosiyasi münaqişələrin təsiri qlobal ərzaq və enerji təhlükəsizliyindən də yan keçmir. Bu münaqişələr təkcə hərbi-siyasi gərginliklərlə məhdudlaşmır, eyni zamanda ticarət yollarını, logistika zəncirlərini və beynəlxalq bazarları da sarsıdır. Məlum olduğu kimi, Ukrayna dünyanın əsas taxıl və günəbaxan yağı ixracatçılarından biridir. Müharibənin davam etməsi nəticəsində bu məhsulların ixracı azalıb, limanlar bağlanıb, əkin sahələri isə zərər görərək sıradan çıxıb. Bu da beynəlxalq ərzaq bazarlarında qıtlıq və qiymət artımına səbəb olur. Digər tərəfdən, enerji böhranı gübrə təminatına və suvarma sistemlərinə mənfi təsir göstərir ki, bu da kənd təsərrüfatı məhsuldarlığının azalmasına gətirib çıxarır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Qida Təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev deyib.

Qeyd edək ki, hazırda dünyada bir neçə ciddi geosiyasi münaqişə eyni vaxtda davam edir. Ukrayna–Rusiya müharibəsi, İsrailin Fələstin və İranla qarşıdurmaları qlobal sabitliyə mənfi təsir göstərir. Bu hadisələrin xüsusilə enerji və ərzaq tədarük zəncirlərinə təzyiq yaratdığı, məhsul qıtlığı riski ilə bağlı narahatlıqları artırdığı bildirilir.

Ekspertin sözlərinə görə, Yaxın Şərqdəki qarşıdurmalar neft və qaz qiymətlərinin artmasına səbəb olur.

“Enerji qiymətlərindəki artım isə istehsal, daşınma və saxlama xərclərini artıraraq ərzaq məhsullarının daha da bahalaşmasına yol açır. Bütün bu proseslər Azərbaycana da müəyyən risklər yaradır. Ölkəmiz bir sıra ərzaq məhsullarını xaricdən idxal edir. İxracatçı ölkələrdəki münaqişələr və tədarük zəncirindəki fasilələr ərzaq təhlükəsizliyimiz üçün təzyiqlərə səbəb ola bilər. Bu risklərin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Hökumət buğda və digər əsas ərzaq məhsullarının ehtiyatlarını artırmalı, fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsini gücləndirməlidir. Kənd təsərrüfatına daha çox investisiya yatırmaq, fermerlərə subsidiya və texniki dəstək göstərmək daxili ərzaq istehsalını artırmaq baxımından mühüm rol oynaya bilər. Eyni zamanda, iqlim dəyişikliklərinin təsirini azaltmaq məqsədilə damcılı suvarma, meliorasiya işləri və torpaqların münbitliyinin qorunması istiqamətində tədbirlər görülməlidir. Münaqişə bölgələrindən asılılığı azaltmaq üçün ticarət əlaqələrinin şaxələndirilməsi, alternativ ölkələrlə əməkdaşlıq qurulması vacibdir. Bununla yanaşı, əhali arasında ərzağa qənaət, yerli məhsullara üstünlük verilməsi kimi mövzularda maarifləndirmə kampaniyalarının aparılması da ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Избранный
17
aznews.az

1Источники