RU

Sabah Paşinyan Türkiyəyə gedir - Əliyev və Ərdoğanla üçlü görüş?

Ankara Bakının razılığı olmadan İrəvana güzəştə gedərmi; masada ilginc məsələlər var - ekspertlər detalları açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 20-də prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyi haqda yazmışıq. Erməni mənbələrinə görə, iki ölkə liderləri Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərini müzakirə edəcək. Artıq parlamentin spikeri Alen Simonyan səfər xəbərini təsdiqləyib. 

“Yeni Müsavat” xatırladır ki, Paşinyan indiyədək üçüncü ölkələrin ərazisində (Praqa, Tirana) bir neçə dəfə Ərdoğanla bir araya gəlib, qısa söhbətlər ediblər. Ermənistan rəhbəri Türkiyədə də olub - 2023-cü ildə. O vaxt o, prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmişdi. İstisna deyil ki, Paşinyan Bakı ilə bu ilin martında razılaşdırılmış sülh sənədinin imzalanmasını tezləşdirmək üçün Türkiyənin Azərbaycana hansısa şəkildə təsir göstərməsinə nail olmağa çalışacaq.

Qeyd edək ki, səfərdən öncə Paşinyan Ərdoğana zəng edərək onu və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etmişdi. Bu diplomatik jest Ankaraya səfərin anonsu və fon diplomatiyasının bir hissəsi kimi qiymətləndirilir. Ancaq bu da faktdır ki, bölgədə sülh və əməkdaşlıq mühitinin bərqərar edilməsinə ən ciddi əngəl Ermənistanın özüdür. Bakının sülh müqaviləsinin imzalanması üçün iki legitim şərt-tələbi çoxdan bəlli.

Səfər ərəfəsi Paşinyanın verdiyi bəzi açıqlamalar diqqət çəkir. Məsələn, ötən həftə o, Praqada keçirilən GLOBSEC 2025 forumunda çıxışı zamanı deyib ki, son illər Ermənistanla Türkiyə arasında fəal dialoq qurulub: “Hazırda Türkiyə və Ermənistan birbaşa təmasdadır, halbuki əvvəllər üçüncü dövlətlərin vasitəçiliyi olmadan bu mümkün deyildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir neçə görüşümüz olub və bu görüşlər konstruktiv keçib. Düzdür, hələ ki yerlərdə nəzərəçarpacaq nəticələrimiz yoxdur, amma mühüm irəliləyiş əldə etmişik. Üç il əvvəl Ermənistan hər hansı məsələdə Türkiyənin mövqeyini aydınlaşdırmaq istəyirdisə, üçüncü ölkənin vasitəçiliyinə əl atmalı idi”.

Baş nazir ümid edir ki, bu proses diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Onun fikrincə, bu, zaman məsələsidir.

Nikol Paşinyan nəyə işarə edir və nəyin anonsunu verir? O, Türkiyəyə nə üçün gedir? Bu, doğrudanmı sırf xoş məramla bağlıdır? Ankara Bakının razılığı olmadan İrəvana hər hansı güzəştə gedərmi?

Bu da maraqlıdır ki, gözlənilən səfər ərəfəsində Ankarada Türkiyə xarici işlər nazirinin müavini, səfir Berris Ekinci ilə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında görüş keçirilib. Həmçinin Azərbaycan prezidentinin iyunun 19-da Türkiyəyə gedəcəyi barədə xəbər diqqət çəkir.

Türkiyədə Əliyev-Ərdoğan-Paşinyan üçlü görüşü mümkündürmü və onun nəticəsi nə ola bilər?     

Bu arada Ermənistan Teleqram kanalları yazıb ki, Paşinyan Ərdoğanla görüşdə sərhədin açılmasına ümid edir. Türkiyə rəhbəri ilə sərhədinin açılması məsələsini yenidən gündəmə gətirməyi planlaşdırır.

Oqtay

 Oqtay Qasımov

Siyasi ekspert Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyanın Ankara səfərinin daxili və xarici səbəbləri var: “Əvvəla, Ermənistanda hökumətlə kilsə, eləcə də müxalifət arasında gərginlik artıb. Hətta Paşinyanın impiçmenti prosesi başladılıb. Doğrudur, toplanan imzalar yetərli deyil və parlament onu impiçment edə bilməyəcək. Buna rəğmən, daxildə gərginlik var və iqtidara opponentlik edənlər əsasən Rusiya bağlantısı olan güclərdir. Son zamanlar bu qüvvələr fəallaşıb. Eləcə də Lavrovun və Matviyenkonun İrəvana səfərləri göstərdi ki, Rusiyanın bölgəyə marağı artıb, həmçinin Ermənistana təzyiqlər gücləndirilir. Paşinyan da bu təhlükəni hiss edir. Əvəzində isə Avropa Birliyindən və ABŞ-dan istədiyi dəstəyi ala bilmir. Hər iki tərəf daha ciddi proseslərlə məşğuldur. Xüsusən də Ukrayna və İran hadisələrini qeyd etmək olar. Paşinyan da belə vaxtda Ermənistanın mövcudluğunu qorumaq üçün Türkiyəyə səfər edir. Üstəgəl, ən yaxın tərəfdaşı İranın da düşdüyü vəziyyəti nəzərə alır”.

O.Qasımov hesab edir ki, bir sıra mövzular müzakirə ediləcək: “Həm ikitərəfli əlaqələr, həm regional məsələlər liderlərin masasında olacaq. Diplomatik münasibətlərin qurulmasına qədər sərhədlərin qismən açılması da danışıla bilər. Habelə Zəngəzur dəhlizi, Azərbaycan-Ermənistan arasında sülh prosesi müzakirə ediləcək. Amma Paşinyan istəyəcək ki, Türkiyə ilə əlaqələr Azərbaycandan ayrıca götürülsün. Lakin rəsmi Ankaranın mövqeyi məlumdur - Azərbaycanla münasibətlər normallaşmayana qədər Türkiyə Ermənistanla əlaqələri tam qurmayacaq. Bu baxımdan, bir fürsət pəncərəsi yaranıb. Söhbət Ermənistanın əsas dəstəkçisi İranın üzləşdiyi vəziyyətdən gedir. Tehranın İrəvana köməyi azalacaq və bu da Ermənistan hökumətinin Zəngəzur dəhlizi ilə bağlı daha rahat qərar qəbul etməsinə şərait yarada bilər”.

Ramiyə

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova səfəri əlamətdar hesab edir. Onun gözləntisi budur ki, Paşinyan Rusiyadan artan təzyiqlər fonunda Türkiyənin dəstəyini xahiş edə bilər. Ekspertə görə, Zəngəzur dəhlizinin açılması da liderlərin müzakirə masasında olacaq: “Baxmayaraq ki, Simonyan dəhliz deyil, yol olacağını bəyan etdi. Bununla belə, Ermənistanın bu yolun reallaşmasına və Türkiyə ilə sərhədlərin açılmasına ehtiyacı var. Əgər Türkiyənin siyasi-diplomatik dəstəyi olmasa, Rusiyadan gələn basqılara tab gətirmək çətinləşəcək. Paşinyan bunu başa düşdüyü üçün Türkiyəyə rəsmi səfər edir. Bu, ilk haldır. Çünki inaqurasiya mərasimində iştirakı dəvət əsasında olmuşdu. Bu dəfə isə Paşinyan nümayəndə heyəti ilə gedir və müxtəlif mövzular müzakirə ediləcək. Təbii ki, Ermənistanın Türkiyəyə olan ehtiyacından irəli gələn bir səfərdir. Erməni cəmiyyətinə də mesaj verilir ki, barışıq və Qərbə inteqrasiyadan başqa yol qalmayıb. Bunun üçün Türkiyə ilə münasibətlər hamarlaşmalıdır”.

Siyasi təhlilçi üçtərəfli görüşü istisna etmir və belə bir formatın xüsusən Rusiya tərəfindən qısqanclıqla qarşılanacağını gözləyir: “Paşinyan Türkiyəyə getməklə demək istəyir ki, erməni cəmiyyəti utopiya və türk düşmənçiliyi ilə yaşamamalıdır. Onun kilsə ilə savaşı, revanşistlərə, daşnakçılara müqaviməti, ruspərəst qüvvələri zəiflətmək siyasəti bu addımların əhəmiyyətli tərkib hissəsidir. Paşinyan erməni cəmiyyətinə göstərir ki, onun siyasəti Sərkisyan və Köçəryan kimi deyil. Eyni zamanda müəyyən reytinq qazanmağa çalışacaq. Seçkiyə qədər isə Türkiyə ilə sərhədlərin açılmasına ümid edir. Bu, onun qələbəsində təsirli faktor ola bilər. Sadəcə, Ankaranın və Bakının tələbləri bəllidir. Paşinyan məlum şərtləri yerinə yetirməlidir. Mənə belə gəlir ki, baş nazir hazırda bu tələbləri yerinə yetirə bilmədiyi üçün Ərdoğandan möhlət istəməyə gedir. Yəni ona şans verilsin ki, gələn il seçkilərdə qalib gəlsin, Rusiya hakimiyyəti dəyişə bilməsin, ondan sonra ərazi iddiaları və Zəngəzurla bağlı məlum tələblərin icrasına start versin. Bunun üçün Bakı və Ankaranın seçkidə ona dəstəyini istəyəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Избранный
25
50
musavat.com

10Источники