RU

Amerikanın İrana hücumu gözlənilmir, amma... - AÇIQLAMA

"ABŞ-nin İrana açıq şəkildə hücumu gözlənilmir. Lakin Amerikanın İsrailə lazım olan bütün dəstəyi verəcəyi ehtimalı yüksəkdir".

Bu sözləri İran-İsrail qarşıdurması fonunda ABŞ-nin rolunu şərh edən politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

O, açıqlamasında ABŞ-nin dəstəyi fonunda İsrailin Yaxın Şərqdə hegemon dövlətə çevrilə biləcəyi ehtimalına toxunub.

Politoloqun sözlərinə görə, bir neçə gün öncə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın nəinki nüvə silahının başlıqlarının inkişafı ilə bağlı uranın zənginləşdirilməsi prosesini davam etdirdiyini, hətta bununla bağlı yeni müəssisə tikdiyini açıqlamışdı. Bu açıqlama İsrailin İrana hücum etməsinə səbəb oldu:

"Əslində Amerika çalışırdı ki, müharibə olmasın. Bu baxımdan İrana 60 günlük şans vermişdi və tərəflər arasında 4 görüş keçirilmişdi. Əfsuslar olsun ki, İsrailin hücumuna görə 5-ci görüşün keçirilməsi baş tutmadı”.

Müsahibimiz qeyd edib ki, ABŞ bütün hallarda İran-İsrail qarşıdurmasının içərisindədir. ABŞ İrana hücumdan əvvəl İsrailə xeyli sayda silah-sursat, texnika və təxminən 300 Hellfire raketi göndərmişdi. Hətta bununla bağlı İsrail prezidenti İsaak Hersoqun amerikalı həmkarı Donald Trampa xüsusi minnətdarlığı da olub:

“Bundan əlavə, Tramp Kanadada keçirilən G7 sammitini yarımçıq tərk edərək, ABŞ-yə geri qayıtmışdı. ABŞ prezidenti İran-İsrail qarşıdurmasını buna səbəb göstərərək, Amerikanın yaxın gündə qərar verəcəyini bəyan etmişdi".

Yusif Bağırzadə: ABŞ bütün hallarda İran-İsrail qarşıdurmasının içərisindədir

Y.Bağırzadənin fikrincə, İsrail bölgədə ABŞ-nin maraqlarını təmin edən və strateji müttəfiqi kimi fəaliyyət göstərir.

"ABŞ-nin İsrailə yardımlarının arxasında Amerikada keçirilən prezident seçkilərində Təl-Əvivin təsiredici rol oynaması daxildir. Çünki ABŞ-də ən böyük diaspor yəhudi diasporudur. Bu diaspor seçkilərdə kifayət qədər aktivdir. ABŞ-də keçirilən son prezident seçkilərində də bu diaspor Trampa xüsusi dəstək nümayiş etdirib. O baxımdan Tramp İran-İsrail qarşıdurmasında Təl-Əvivin yanındadır. Çox güman ki, Amerika yenidən İsrailə hərbi yardım edəcək. Ümumilikdə isə İsrail özünü regionda hərbi cəhətdən güclü dövlət kimi təqdim edib. Buna İsrail-HƏMAS-Fələstin, Livan-İsrail və İsrail-Suriya qarşıdurmalarını misal çəkmək olar. Hazırkı İran-İsrail qarşıdurmasında da Təl-Əvivin sahib olduğu hərbi gücü açıq görürük", - Yusif Bağırzadə qeyd edib.

Gülşən Şərif

Избранный
4
bakivaxti.az

1Источники