Regional müharibələr arasında dünyada gedən proseslərə Altıgünlük müharibə qədər təsir göstərmiş ikinci birisini tapmaq çətindir. 1967-ci ilin 5-10 iyun tarixlərində baş verən, bir tərəfdə İsrailin, digər tərəfdə ərəb ölkələri koalisiyasının (Misir, Suriya, İordaniya və İraq) döyüşdüyü müharibənin yekunları bütün dünyadakı proseslərə ciddi təsir göstərdi və yarım əsrdən çoxdur ki, göstərir.
1956-cı ildə baş verən Süveyş böhranından sonra Misir və İsrail sərhədində BMT-nin Fövqəladə silahlı qüvvələri (United Nations Emergency Force, UNEF) yerləşdirildi. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin hərbçilərindən təşkil olunan bu sülhməramlı missiya sayəsində sonrakı 10 il ərzində İsrail-Misir sərhədində sakitlik oldu.
Bununla belə, Misir prezidenti Camal Əbdül Nasir İsrailin ünvanına zaman-zaman hədələyici tonda çıxışlar edirdi. Məsələn, bildirirdi ki, Fələstin probleminin yeganə həlli İsrailin ortadan qaldırılmasıdır. Başqa bir çıxışında “Allaha and içirik ki, Fələstini ərəblərə, ərəbləri isə Fələstinə qaytarmayınca sakitləşməyəcəyik” deyirdi. Amma bu sözlərin arxasında hər hansı real fəaliyyət dayanmırdı.
Əvəzində İsrail-Suriya sərhədində permanent gərginlik hökm sürürdü. Bu gərginliyin müxtəlif səbəbləri vardı. Suriyanın 1964-cü ildə yaradılan, İsrailə qarşı bir sıra diversiya və terror aktları həyata keçirən Fələstin Azadlıq Təşkilatına (FAT) verdiyi dəstək bu səbəblərdən biri idi. Digər səbəb Suriyanın İsraildə ərazisindəki əsas şirin su mənbəyi olan Təbəriyyə gölünə tökülən İordan çayının məcrasını dəyişmək cəhdi idi.
Birinci ərəb-yəhudi müharibəsindən sonra iki ölkə arasında demilitarizasiya zonası yaradılmışdı. İsrail hesab edirdi ki, həmin ərazi üzərində suverenliyə malikdir və orada mülki işlər aparmaq hüququ var (Suriya ilə sərhəd ərazinin hamısı BMT tərəfindən İsrail dövlətinə ayrılan torpaqlar idi). Suriyalılar isə belə hesab etmirdilər və buna görə də orada çalışan yəhudiləri tez-tez atəşə tuturdu.
Başqa səbəbləri də, olan bu gərginlik bəzən ciddi toqquşmalara gətirib çıxarırdı. Məsələn, 1967-ci ilin aprelin 7-də demilitarizasiya zonasında işləyən traktorçunun Suriya ərazisindən atəşə tutulması ilə başlayan insident hava döyüşünə qədər böyüdü və altı Suriya təyyarəsinin vurulması ilə yekunlaşdı.
İsrailin həmsərhəd olduğu digər iki ərəb ölkəsində – Livanda və xüsusən İordaniyada FAT-n düşərgələri yerləşirdi və buradan İsrail ərazisinə tez-tez hücumlar təşkil olunurdu. Cavab olaraq bu ölkələrin əraziləri də İsrail tərəfindən hava, artilleriya zərbələrinə məruz qalır, bəzən də yerüstü əməliyyatlar keçirilirdi.
Qeyd etmək lazımdır ki, İsrailin ən uzun sərhədə malik oduğu İordaniyanın kralı Hüseyn belə insidentlərlə maraqlı deyildi. Amma öz ərazisində yerləşən FAT qüvvələrinə gücü çatmırdı.
Altıgünlük müharibəyə qədər İsrail-İordaniya münasibətlərində ən böyük gərginlik 1966-cı ilin noyabrında yaşandı. Üç hərbçisinin mina partlaması nəticəsində həlak olmasına cavab olaraq İsrail o zaman İordaniyanın nəzarət etdiyi İordan çayının qərb sahilində yerləşən Samu qəsəbəsinə hücum etdi. Nəticədə bir tərəfdə İsrail ordusu (Tsahal), digər tərəfdə isə FAT qüvvələri və İordaniya ordusu olmaqla ciddi toqquşma baş verdi.
Bu hadisədən sonra Nasir yenə gurultulu bəyanatlar verdikdə, İordaniya kralı Hüseyn onu digər ərəb ölkələri İsrailin hücumuna məruz qaldığı halda “BMT qüvvələrinin yubkası altında” gizlənməkdə ittiham etdi. Qeyd etmək lazımdır ki, ərəb monarxiyaları Nasiri özləri üçün təhlükə görürdülər və sevmirdilər.
Dörd ərəb ölkəsi ilə İsrail arasındakı bu permanent gərginlik müharibə həddinə çatmadan hələ uzun müddət sürə bilərdi, əgər məsələyə SSRİ qarışmasaydı. Mayın 13-də sovet hökuməti İsrailin guya Suriyaya hücum etməyi planlaşdırması və buna görə həmin ölkə ilə sərhədə xeyli qoşun yığması barədə Misiri xəbərdar etdi.
SSRİ-nin guya Suriyaya ediləcək hücum haqqında niyə Dəməşqi deyil, Qahirəni xəbərdar etməsi kifayət qədər müəmmalıdır. Bundan əlavə, İsrailin hələ hücum niyyətində olmadığı və qoşun da, cəmləmədiyi halda Moskvanın bunu iddia etməkdə məqsədinin nə olması da qaranlıqdır. Səbəb nə olursa olsun, bundan sonra hadisələr domino effekti ilə cərəyan etdi.
Elə həmin gün Misir və Suriya arasında siyasi və hərbi məsləhətləşmələr başladı. Bəlkə də, kral Hüseynin ittihamını unutmayan Nasir xüsusi şövqə gələrək gərginliyini artıran ardıcıl addımlar atdı. Artıq mayın 14-də Süveyş kanalının ətrafında Misir qoşunları cəmləndi. Ertəsi gün onlar Sinay yarımadasına, İsraillə sərhədin yaxınlığına köçürüldülər.
Hərçənd, bəzi hərbçilər Nasiri və müdafiə naziri feldmarşal Əbdülhakim Əmiri xəbərdar edirdilər ki, Misir ordusunun bir hissəsi Yəməndə gedən vətəndaş müharibəsinə cəlb olunduğundan indi İsraillə vuruşmaq ağılsızlıqdır. Əmir isə baş verənlərin sadəcə əzələ nümayişi olduğunu söylədi.
Elə İsraildə də, Misirin addımlarına, eləcə də, Qahirədən yayımlanan “Ərəblərin səsi” radiosunda səslənən hədə-qorxulara əvvəlcə ciddi yanaşılmır, Nasirin ərəb dünyasına ünvanlanan populizmi kimi qiymətləndirirdilər. Amma Misir prezidentinin sonrakı iki addımı Təl-Əvivdə ciddi əndişə yaratdı və Nasirin həqiqətən müharibəyə hazırlaşdığına inandırdı.
Mayın 16-da Misir İsraillə sərhəddə yerləşən UNEF qüvvələrinin çıxarılmasını tələb etdi və BMT Baş katibi U Tanın Qahirəni fikrindən daşındırmaq üçün etdiyi cəhdlər nəticəsiz oldu. İkinci addım Misirin mayın 22-də Şarm əş-Şeyxə qoşun salaraq Tiran boğazını İsrail gəmiləri üçün bağlaması oldu.
İsrail cənubda Əqəbə körfəzinə, oradan da Tiran boğazı vasitəsilə Qırmızı dənizə çıxışa malikdir. Cəmi 12 km uzunluğundakı həmin sahil zolağında mühüm iqtisadi əhəmiyyətə malik Eylat limanı yerləşir. İsrailə tankerlərlə daşınan neftin 90 faizi məhz Eylatın payına düşürdü. Boğazın bağlanılması ağır zərbə idi. Üstəlik, Süveyş böhranından sonra İsrail Sinay yarımadasını qaytararkən Tiran boğazından sərbəst keçəcəyini şərt kimi qoymuş, Misir də, qəbul etmişdi.
Mayın ikinci yarısında bir sıra ərəb ölkələrində səfərbərlik aparılır. Bu addımı ilk dəfə İordaniya mayın 17-də atdı. Dörd gün sonra Misir də, elan etdi. Mayın 30-da Misir və İordaniya qarşılıqlı yardım haqqında razılığa gəldilər. İsraillə sərhədi olmayan İraq müharibədə iştirak üçün mayın son günündə qoşunlarını İordaniyaya göndərdi. İsrail də, mayın 20-də səfərbərlik apardı.
Həmin günlərdə müxtəlif ərəb ölkələrindən İsrailin ünvanına qorxulu bəyanatlar səslənirdi. “Ərəblərin səsi” radiosu deyirdi: “Daha İsraili müdafiə edən Fövqəladə qüvvələr yoxdur. Biz daha təmkin nümayiş etdirməyəcəyik. Biz daha BMT-yə İsraildən şikayət etməyəcəyik. İsrailə münasibətdə istifadə edəcəyimiz yeganə təsir vasitəsi… sionist dövlətin məhvi olacaq”.
Camal Əbdül Nasir: “Bizim əsas məqsədimiz İsrailin məhvi olacaq”. İraq prezidenti Əbdürrəhman Arif: “İsrailin mövcudluğu xətadır və ortadan qaldırılmalıdır”. Suriyanın müdafiə naziri Hafiz Əsəd: “Hərbçi kimi düşünürəm ki, İsraili məhv etmək uğrunda döyüşə başlamağın zamanı çatıb”.
FAT rəhbəri Əhməd Şükeyrinin bəyanatı xüsusi sinizmi ilə seçilirdi. Ərəblərin qalib gələcəyi halda sağ qalan yəhudilərə doğulduğu ölkələrə qayıtmaq icazəsi veriləcəyini söyləyən Şükeyri sonda bir əlavə etdi: “Amma mənə elə gəlir ki, heç kəs sağ qalmayacaq”.
***
Yaxın Şərqdə artan gərginlik ABŞ və SSRİ arasında müzakirə predmeti oldu. ABŞ prezidenti Lindon Conson və SSRİ-nin baş naziri Aleksey Kosıgin fikir mübadiləsi apardılar. Fövqəldövlətlər savaşın başlamaması üçün tərəflərə təsir göstərmək barədə razılaşdılar.
Mayın 25-də İsrailin xarici işlər naziri Abba Eban Vaşinqtona səfər etdi. O, burada Lindon Consonla, dövlət katibi Din Raskla, müdafiə naziri Robert Maknamara ilə görüşdü. Ebanın bütün səylərinə baxmayaraq, amerikalıların birmənalı dəstəyini ala bilmədi. Conson ona bildirdi ki, İsrail birinci hücum etməməlidir.
Mayın 27-də isə Qahirədəki sovet səfiri Dmitri Pojidayev prezident Nasirdən təcili görüş istədi. Diplomat görüş zaman Kosıginin məktubunu Nasirə verdi. Məktubda baş nazir Misirdən müharibəyə birinci başlamamasını tələb edirdi. O bildirirdi ki, əgər müharibəyə Misir başlasa, SSRİ kömək ona edə bilməyəcək.
Bəzi versiyalara görə, müharibə ilə bağlı Nasirlə Əmir arasında fikir ayrılığı vardı. Prezident bütün gurultusuna baxmayaraq, müharibədən yayınmaq istəyirdi, feldmarşal isə hətta hücum planı da hazırlamışdı. Əgər bu versiya həqiqətdirsə, Kosıginin məktubu Nasirin işinə yaradı.
İsraildə də, fikir ayrılığı hökm sürürdü. Keçmiş baş nazir, dövlətin qurucularından biri David Ben-Qurion savaşın uğurlu olacağına inanmır və əleyhinə çıxırdı. Baş nazir Levi Eşkol da nikbin deyildi. Müharibə tərəfdarı olan Baş qərargah rəisi İshaq Rabin isə İsrailin mütləq birinci hücum etməli olduğunu söyləyirdi.
Rabin və həmfikirlərinin düşüncəsinə görə, ölkə ərazisinin strateji dərinliyi olmadığından (ölkənin eni ən uzun yerdə 135 kilometrdir) müdafiə döyüşü aparması mümkün deyil, İsrailin azacıq uğursuzluq ixtiyarı yoxdur. Əks halda1950-1960cı illərdə ərəblər arasında yayılan şüarda deyildiyi kimi, yəhudiləri dənizə tökəcəklər.
Gərgin müzakirələrdən sonra müharibə tərəfdarları qalib gəldilər. İsraillilər işi ərəb liderlərinin istəyinə buraxmamağı və birinci özlərinin hücum etmələrini qərara aldılar.
İsrail və ona qarşı duran ərəb koalisiyasının potensialı bərabər deyildi. 1967-ci ildə İsrailin əhalisi 2,75 milyon idi. Təkcə Misirdə az qala 12 dəfə çox insan yaşayırdı – 32 milyon. Suriyada 5,74 milyon, İordaniyada 1, 38 milyon əhali vardı. İraqda əhali sayı 9 milyona yaxınlaşırdı.
İsrail hərbçilərinin sayı 264 min idi. Bunlardan 50 mini həqiqi hərbi xidmətdə olanlar, 214 mini isə ehtiyatdan çağrılanlar idi. Ərəb koalisiyasının canlı qüvvəsi 547 min idi. Bunların yarısından bir qədər azı (240 min) Misirin payına düşürdü. İsrailin 200 təyyarəsi və 800 tankı, ərəblərin 957 təyyarəsi və 2504 tankı vardı.
Amma bu kəmiyyət üstünlüyü keyfiyyətdə əksini tapmırdı. Suriya ordusu hərbi əməliyyatlardan daha çox hərbi çevrilişləri bacarırdı. Ölkədə təkcə son illərdə iki dəfə – 1963 və 1966-cı illərdə – hərbi çevriliş baş vermişdi. Hər dəfə də, qalib gələn tərəf ordunu məğlub tərəfin tərəfdarlarından təmizləyirdi. Bu proses təbii ki, ordunun döyüş hazırlığına müsbət təsir etmirdi.
Misir ordusunda da, döyüş hazırlığı yüksək deyildi. Burada yüksək vəzifələrə təyinatlar bacarıq deyil, şəxsi sədaqət əsasında aparılırdı. Üstəlik, həmin vaxt Şimali Yəməndə monarxistlərlə respublikaçılar arasında müharibə gedirdi və Misirin 70 minlik hərbi hərbi qüvvələri bu müharibədə respublikaçıların tərəfində vuruşurdular. İordaniya ordusu daha hazırlıqlı, amma azsaylı idi.
Təl-Əviv hərbi əməliyyatlara hazırlığı olduqca məxfi şəraitdə aparırdı. Hətta ABŞ-a da, etibar edilmirdi. İyunun 5-də səhər tezdən, əməliyyatlara başlamazdan öncə xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ səfirliyinin binası üzərinə qalxaraq buradakı izləmə antenasını sıradan çıxardılar. Bundan sonra İsrail təyyarələri üç dalğada havaya qalxdılar.
İsrail kəşfiyyatı qonşu ərəb ölkələrinin, xüsusən də, Misirin aviasiyasına aid bütün məlumatları toplamışdı. Hərbi aerodromların yeri, patrul təyyarələrinin uçuş vaxtları və marşrutları, radarların texniki xüsusiyyətləri və başqa detallar məlum idi. Hansı təyyarənin hansı aerodromu, hansı bucaq altında bombalayacağı, hansı bucaq altında uzaqlaşacağı təfərrüatlarla işlənib hazırlanmışdı.
Bundan əlavə, düşmən aerodromlarının uçuş zolağının beton örtüyünü dağıtmaq və beləliklə yerdəki təyyarələrin uçuşunu, havadakıların isə enişini mümkünsüz etmək üçün xüsusi bombalar hazırlanmışdı.
Misir hava hücumundan müdafiə qüvvələri İsraillə sərhəd istiqamətinə ciddi nəzarət edirdilər. Buna görə də, İsraildən qalxan təyyarələr Misir istiqamətinə deyil, Aralıq dənizinə tərəf uçdular. Burada isə radarların tuta bilməyəcəyi 30 metr hündürlüyə enib Misirə tərəf istiqamətləndilər. Yəni təyyarələr misirlilərin gözlədiyi kimi şimal-şərq istiqamətdən deyil, şimal və şimal-qərb tərəfdən gəldilər.
Misir təyyarələri hər hansı qəfil hücuma qarşı gecə və səhər tezdən patrul uçuşları həyata keçirirdilər. Saat 07.30-da isə bu təyyarələr yerə enir, pilotlar səhər yeməyinə yollanırdılar. Kəşfiyyat vasitəsilə bundan xəbərdar olan israillilər əməliyyatın vaxtını da, buna uyğunlaşdırdılar.
Saat 07:45-də İsrail təyyarələri Misirin 11 aviabazası üzərində peyda oldular. Onlar birinci həmlədə beton dağıdan bombalarını boşaltdılar. Bombalar elə atılırdılar ki, iki uçuş zolağının kəsişməsinə düşsün və beləcə, hər iki zolaq yararsız hala gəlsin. Təyyarələr alçaqdan uçduqları üçün bunu etmək çətin olmadı. Partlayışların İsrail təyyarələrinə xəsarət yetirməmələri üçün həmin bombalar enişi ləngidən xırda paraşütlə təchiz olunmuşdular.
Dalğalarla hücum edən təyyarələr ilk həmlədə bombaları boşaldandan sonra ikinci, üçüncü həmlədə iri kalibrli pulemyotlardan aerodromlardakı təyyarələrə və digər infrasurkturlara atəş açdılar. Sursatları bitdikdə ölkələrinə qayıdaraq yenidən yanacaq və sursatla təmin edildilər. İsrail personalı təyyarələri sürətlə yanacaq və sursatla təmin etmək üçün xüsusi hazırlıq keçmişdi. Buna görə də, qısa müddət ərzində üç hücum edə bildilər.
Birinci hücum 09.05-də bitdiyi halda ikinci hücum 09.34-də başladı, Misirin bu dəfə 14 aviabazası hədəf oldu. Üçüncü hücum saat 12.45-də yekunlaşdı. İordaniya, Suriya və İraq aviabazaları da, hücuma məruz qaldı. Ərəb kolasiyasının ümumən 436 təyyarəsi və 16 döyüş helikopteri elə birinci gün məhv edildi. Onların böyük əksəriyyəti yerdə vuruldu.
İtirilən 338 təyyarə və 10 helikopter Misirə məxsus idi. Bu uçuş aparatlarının böyük əksəriyyəti yerdə, kiçik qismi hava döyüşündə vuruldu. Bundan əlavə, havada olan Misir təyyarələri yerə enmək üçün salamat zolaq tapmırdılar. Pilotlar paraşütlə tullanıb xilas olsalar da, təyyarələr yerə çırpıldı. İsraillilərin xüsusilə çəkindikləri Tu-16 bombardmançı təyyarələrin hamısı (30) məhv edildi.
55 təyyarə və 6 helikopter Suriyanın payına düşürdü. İordaniya 28, İraq 21 təyyarə itirdi. Daha 1 təyyarə isə Livanın idi. Bunlardan əlavə, xeyli infrastruktur, radarlar və zenit-raket kompleksləri sıradan çıxarıldı. Beləliklə, İsrail havada hegemonluğu təmin edərək ilk bir neçə saat ərzində müharibənin taleyini həll etdi.
Əməliyyat mükəmməl həyata keçirildi və israillilərin ümid etdiklərindən də, uğurlu alındı. Müxtəlif aviabazalardan qalxan, müxtəlif modifikasiyalı, müxtəlif sürətə malik təyyarələr eyni anda Misir aviabazalarına yetişdilər. İsraillilərin itkiləri minimal idi – 19 təyyarə.
Bu dərəcədə dəhşətli məğlubiyyət Misir rəsmilərinə döyüşdə qalib gəldiklərini və İsrailin 70 təyyarəsini məhv etdklərini, Misir tanklarının isə İsrail ərazisinə girməsini söyləməyə mane olmadı. Qahirə radiosunun yaydığı bu xəbər ərəb dünyasında böyük coşğu ilə qarşılandı.
İyunun 5-də saat 07.50-də İsrailin quru qoşunları Qəzza sektoru və Sinay yarımadasındakı Misir qüvvələrinə qarşı hücuma keçdilər. Əməliyyatlarda İsrail tərəfdən 70 min hərbçi və 700 tank iştirak edirdi. Onların qarşısında 950 tanka, 1100 zirehli transportyora malik 100 min misirli vardı.
Yerüstü döyüşlərdə də, misirlilər ciddi müqavimət göstərə bilmədilər. Üç istiqamətdən Sinay yarımadasına daxil olan israillilər strateji əhəmiyyətli bir sıra məntəqələri tutaraq sürətlə Süveyş kanalına doğru irəlilədilər. Misirlilərin Sinaydan qərbə, Misirin Afrika hissəsinə doğru çəkilmək cəhdləri uğursuz oldu.
Misir aviasiyasının aviabazalarda yaşadığı fəlakəti zirehli texnika Mitla keçidində yaşadı. Mitla dərəsindən çıxışa israillilərin daha tez çatıb yolu bağlaması nəticəsində Misir texnikası yol boyu tıxaca düşüb qaldı. Bu tərpənməyən hədəfləri məhv etmək İsrail aviasiyası üçün çətin olmadı. Tanklardan, zirehli transportyorlardan, avtomobillərdən ibarət yüzlərlə texnika Mitlada məhv edildi.
İyunun 7-də İsrail Sinay yarımadasının cənubundakı Şarm əş-Şeyxə dəniz desantı çıxardı və o zaman kiçik qəsəbə olan bu məntəqəni tutdu. Bundan sonra İsrail hökuməti Tiran boğazının bütün ölkələrin gəmilər üçün açıq olduğunu elan etdi.
Ərəb koalisiyasında ən dəhşətli məğlubiyyətə Misir uğradı. Bu cəbhədə cəmi 5 gün sürən hərbi əməliyyatlar zamanı 10 mindən çox (bəzən 15 min göstərilir) misirli öldürüldü və ya Sinay çöllərində itkin düşdü. Əsirlərin sayı o qədər çox idi ki, bəzi hallarda israillilər sıravi misirlilərin silahını alıb buraxır, yalnız zabitləri saxlayırdılar.
Dörd gün boyu israillilərə “qan uddurduğunu” iddia edən Qahirə beşinci gün, iyunun 9-da məğlubiyyətini rəsmən etiraf etdi. Prezident Nasir həmin gün istefa verdiyini açıqladı, amma dərhal da, xalqın küçələrə çıxıb istefaya etiraz etməsini təşkil etdi. Bundan sonra “zəhmətkeşlərin xahişi ilə” postunda qaldı.
Ərəb ölkələri arasında İordaniya İsrailə qarşı daha yumşaq münasibətilə seçilirdi. Qahirə və Dəməşqdən fərqli olaraq, Amman qərbyönümlü siyasət yürüdürdü, ordusundakı bütün texnika da, Qərb istehsalı idi. Digər tərəfdən, başqa ərəb monarxları kimi İordaniya kralı Hüseyn də, Nasiri sevmir, onun ərəblər, o cümlədən iordaniyalılar arasındakı nüfuzunu taxt-tacı üçün təhlükə hesab edirdi.
İsrail müharibənin ilk günü, iyunun 5-də Barışığa nəzarət üzrə BMT missiyasının rəhbəri, norveçli general Odd Bull vasitəsilə İordaniya kralına məktub göndərərək başlayan savaşda bitərəf qalmasını istədi və belə halda ona qarşı heç addım atılmayacağını bildirdi. Amma məktub krala yetişənə qədər Misir artıq döyüşlərdə qələbə çaldığı barədə yalançı məlumatı yaymışdı. Hüseyn də, qələbədə pay sahibi olmaq şövqü ilə hərbi əməliyyatlara başlamaq göstərişini artıq vermişdi və İsrailin təklifini rədd etdi.
Bundan sonra İordaniya aviabazaları da, israillilərin hücumuna məruz qaldı. İsrail-İordaniya savaşı üç gün, iyunun 7-nə kimi çəkdi və İsrailin qələbəsi ilə yekunlaşdı. Nəticədə Qüdsün şərq hissəsi, eləcə də BMT tərəfindən Fələstin dövlətinin yaradılması üçün ayrılan, amma birinci ərəb-İsrail müharibəsindən sonra İordaniyanın nəzarətində olan ərazi – İordan çayının qərb sahili işğal edildi.
Misirə qarşı döyüşlər yekunlaşmayana qədər İsrail Suriya cəbhəsində fəal əməliyyatlar aparmadı. Dörd gün əzində tərəflər əsasən artilleriya vasitəsilə döyüşdülər. Burada da, ilk atəşi Misirin yalan məlumatlarına inanan Suriya açdı.
İyunun 9-da isə yəhudilər iki gün əvvələ qədər İordaniyaya qarşı döyüşən, indi sərbəst qalan qüvvələrdən də, istifadə etməklə İsrail-Suriya sərhədində dominant mövqe olan Qolan təpələrinə doğru hücuma keçdilər. Ertəsi gün təpələrin çox hissəsi ələ keçirildi. İyunun 10-da axşam saatlarında Suriya ilə də atəşkəs bağlanması ilə Altıgünlük müharibə bitdi.
***
Min nəfərdən az itki ilə qazandığı qələbə hesabına İsrail Misirdən Sinay yarımadasını və Qəzza sektorunu, İordaniyadan Şərqi Qüdsü və İordan çayının qərb sahilini, Suriyadan Qolan təpələrini aldı.
Qüdsdə Məbəd dağı və Göz yaşı divarı, Hebronda (əl-Xəlil) Patriarxlar mağarası, Betlehəmdə Rahel türbəsi, Nablusda Yusif peyğəmbərin məzarı kimi iudaizm üçün müqəddəs sayılan yerlərə nəzarət ələ keçirildi. Əvvəl İordaniyanın nəzarətində olan bu yerlərə yəhudilər buraxılmırdı. Amma Məbəd dağında əl-Əqsa məscidinin olmasını nəzərə alan Təl-Əviv bu ərazinin idarəçiliyini müsəlman vəqfinə verdi.
Qəzza və Qərb sahilində yaşayan 1 milyon müsəlmandan təxminən 300 mini yaşadıqları yeri tərk etdi və əsasən İordaniyaya, bir qədər də, Livana köçdü. Qolan təpələrində yaşayan 100 mindən çox suriyalı da, İsrail tərəfindən qovuldu. Yalnız loyallıqlarına ümid edilən 7 min druzun yaşamasına icazə verildi.
Misirlə 1978-ci ildə imzalanan Kemp-Devid sülhünün şərtlərinə uyğun olaraq, İsrail 1982-ci ildə mərhələli şəkildə Sinaydan çəkildi və yarımada yenidən Qahirənin yurisdiksiyasına qayıtdı. 1993-cü ildə imzalanan Oslo razılaşmalarına əsasən İsrail Qəzza sektorunu və İordan çayının qərb sahilini Fələstin milli idarəsinin ərazisi kimi tanıdı. Qolan təpələrini isə İsrail öz ərazisi elan edib.
Şərqi Qüdslə bağlı vəziyyət daha qarışıqdır. Bir tərəfdən İsrail bu ərazini ilhaq etdiyini heç zaman açıqlamayaıb. Digər tərəfdən, parlamentin 1980-ci ildə qəbul etdiyi qanuna görə Qüds vahid şəkildə İsrailin paytaxtıdır. 2017-ci ildə Tramp administrasiyası Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Digər ölkələr belə bir addımdan imtina edirlər. BMT sənədlərinə görə də, Şərqi Qüds İsrail tərəfindən işğal olunub.
Məğlubiyyət Fələstin Azadlıq Təşkilatınının ətrafında birləşən qruplarda açıq müharibədə İsrailə qalib gəlməyin mümkünsüzlüyü təəssüratını yaratdı və terrorizmə sövq etdi. Artıq növbəti ildən təyyarə qaçırmalarına başlanıldı. 1972-ci ildə Münxen olimpiadasında baş verən dəhşətli terror aktı da, Altıgünlük müharibəsinin əks-sədası idi.
Qələbə dünyadakı yəhudi diasporasına güclü təsir göstərdi. Onlar İsrail dövlətinin yaşam qabiliyyətli olmasına inandılar. SSRİ-də daxil olmaqla kommunist ölkələrdən İsrailə köçmək istəyənlərin sayı artdı. Hakim rejimlərin köç icazəsi verməyə meylli olmaması səbəbindən məsələ beynəlxalq problemə çevrildi.
Müharibənin ən ciddi nəticələrindən biri isə müsəlman dünyasında ABŞ-a qarşı münasibətin kəskin pisləşməsi oldu. Belə ki, balaca İsrail qarşısında dəhşətli məğlubiyyətə uğradığını etiraf etməyi bacarmayan Qahirə ABŞ-ın Altıncı donanmasına məxsus göyərtə aviasiyasın da, Misirə qarşı hücumlarda iştirakını iddia etdi.
Buna cavab olaraq İsrail iyunun 8-də Misir prezidenti ilə İordaniya kralı arasında telefon danışığının səsyazısını paylaşdı. İyunun 6-da baş tutduğu iddia edilən həmin danışıqda Nasirin amerikalıları və britaniyalıları günahlandırmağı təklif etdiyi eşidilirdi.
Misirin iddiaları başqa yerlərdə ciddi qarşılanmasa da, ərəb dünyasında yetərincə rezonans doğurdu. Bu ölkələrin əhalisinin nə İsrailin ortaya qoyduğu audioyazıdan, nə ABŞ-ın verdiyi təkzibdən xəbəri vardı. Çünki yerli mətbuat onlara yer ayırmırdı. İyunun 10-da İsraillə diplomatik əlaqələri kəsən Moskva da sözügedən iddianın yalan olduğunu bilsə də, öz maraqları naminə dəstəkləyirdi.
Nəticədə əvvəlcə ərəb dünyasında, sonra isə tədricən bütün müsəlman aləmində amerikalıların İsrailə kömək etməsi fikri geniş yayıldı və ABŞ-a qarşı münasibət olduqca pisləşdi. Belə əhval-ruhiyyə öz növbəsində əks-reaksiya doğurdu: ABŞ İsraillə getdikcə daha çox yaxınlaşmağa başladı.
SSRİ ilə eyni zamanda Şərqi Avropanın sosialist ölkələri də, İsraillə diplomatik əlaqələri kəsdilər. Təkcə Moskvadan müstəqil siyasət yürütməyə çalışan Rumıniya bunu etmədi, bir də, Şərqi Almaniyanın İsraillə diplomatik əlaqələri zatən yox idi. Öz növbəsində Misir ABŞ-la diplomatik münasibətlərə son qoydu. Müharibənin daha bir ciddi fəsadı isə dünya iqtisadiyyatında önəmli yeri olan Süveyş kanalının bağlanması oldu.
Yadigar Sadiqli