RU

Gənc yaşda unutqanlığa səbəb olan amillər

Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi “gənc yaş” qrupu 18-65 yaş aralığını əhatə edir. Bu yaşda unutqanlıqdan şikayət edən insanlar tez-tez beyin xəstəliklərindən və ya erkən demensiyadan narahat olurlar.

 

Pravda.az unutqanlığa nələrin səbəb ola biləcəyi ilə bağlı məlumatları təqdim edir:

 

Unutqanlığa səbəb axtarılarkən beyin toxumasına zərər verən xəstəliklər, kəllədaxili təzyiqin artması və ya qanda hormon, vitamin və digər maddələrin çatışmazlığı kimi faktorlar nəzərə alınmalıdır. Bəzi hallarda beyin damarlarının xırda zədələnmələri də yaddaş funksiyalarını poza bilər. Bu riskləri artıran əsas faktorlar diabet, yüksək təzyiq, xolesterin və siqaret çəkməkdir.

 

Psixoloji faktorların rolu

Orqanik səbəblər istisna edildikdən sonra, gənclərdə unutqanlığın ən geniş yayılmış səbəbləri stress, narahatlıq və depressiyadır. İntensiv iş həyatı, ailə və sosial məsuliyyətlər diqqət və yaddaşı zəiflədə bilər. Bu vəziyyət çox zaman müvəqqəti olur və psixoloji dəstək ilə aradan qaldırıla bilər.

 

Yaşam tərzinin təsiri

Yaxşı yuxu, balanslı qidalanma, müntəzəm idman və zərərli vərdişlərdən uzaq durmaq yaddaşı qorumağa kömək edir. Xüsusilə Aralıq dənizi tipli qidalanma beyin sağlamlığına müsbət təsir göstərir. Zəka oyunları, kitab oxumaq və musiqi aləti ifası kimi fəaliyyətlər beyni aktiv saxlayaraq unutqanlığı azalda bilər.

 

Mütəxəssisə nə vaxt müraciət olunmalıdır?

Əgər unutqanlıq gündəlik həyatı çətinləşdirirsə, iş və ya təhsil performansını aşağı salırsa və bir neçə həftədən uzun davam edirsə, nevroloji müayinəyə ehtiyac var. Xüsusilə adları yadda saxlamaqda çətinlik, əşyaları tez-tez itirmək və ya danışarkən söz tapmaqda problem varsa, mütəxəssis dəyərləndirməsi vacibdir.

 

Qeyd: Gənc yaşda unutqanlıq ciddi qəbul edilməlidir. Hem tibbi, həm psixoloji, həm də həyat tərzinə bağlı faktorlar birlikdə qiymətləndirilməli və erkən müdaxilə ilə effektiv şəkildə idarə olunmalıdır. Beyin sağlamlığı, ümumi sağlamlığın əsas sütunlarından biridir.

 

Əminə Bayramova

Tarix: 19 İyun 2025, 13:08   
Избранный
5
2
pravda.az

3Источники