RU

DİM 3-cü qrupda "baldəyişmə əməliyyatını" davam etdirir...


Kamran Əsədov: “Balların süni şəkildə artırılması müəyyən ixtisaslarda yerlərin dolmamasına, dövlət sifarişli yerlərin boş qalmasına da səbəb ola bilər”

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin "Hədəf" verilişində çıxışı zamanı qeyd edib ki, ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər. Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür: "I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun.

Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir".

DİM 3-cü qrupla bağlı balları hər il niyə dəyişir? Hər il balları qaldırır, bu da abituriyentləri stresə salır, onları narahat edir. Bu bal oyunu nə ilə bağlıdır? III qrupda balların artırılmasına nə ehtiyac var?

“Hər il təkrarlanan bu “bal oyunları” gənclərin təhsil sisteminə olan inamını sarsıtmağa davam edəcək”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son illərdə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında, xüsusilə III ixtisas qrupu üzrə keçid ballarında müşahidə olunan dəyişikliklər cəmiyyətin və təhsil ictimaiyyətinin diqqət mərkəzindədir: “DİM sədri Məleykə Abbaszadənin bu il bəzi ixtisaslar üzrə keçid ballarının 3–5 bal arta biləcəyi ilə bağlı öncədən verdiyi açıqlama ciddi narahatlıq doğurur. Belə bir açıqlama nəticələrin hələ tam elan olunmadığı bir mərhələdə abituriyentlərə psixoloji təzyiq vasitəsi kimi qəbul edilir və ictimaiyyət tərəfindən “bal oyunu” kimi dəyərləndirilir.

DİM-in keçid balı siyasətində şəffaflıq və ardıcıllığın olmaması ən çox humanitar ixtisasların cəmləşdiyi III ixtisas qrupunu hədəfə alıb. Bu qrup üzrə tarix, hüquq, jurnalistika, psixologiya və digər ixtisaslara maraq yüksək olduğundan, bu sahəyə yönələn abituriyentlərin sayı hər il 40-45 min civarında dəyişir. 2024-cü ilin statistik göstəricilərinə əsasən, III ixtisas qrupu üzrə 44.321 nəfər abituriyent imtahanda iştirak edib, lakin onların yalnız 17.842 nəfəri 200 balı keçə bilib. Bu, 40%-dən az göstəricidir və tələbənin nəticəsi ilə keçid balı arasındakı boşluğu artıraraq narazılıq doğurur”.

K.Əsədovun sözlərinə görə, qanunvericiliyə əsasən, “Təhsil haqqında” Qanunun 5.1-ci maddəsində qeyd olunur ki, dövlət təhsilin keyfiyyətini təmin etməli, əlçatanlığı və şəffaflığı təmin edən sistem qurmalıdır. O vurğuladı ki, keçid balı isə təkcə texniki ölçü vasitəsi deyil, həm də sosial funksiyaya malikdir – o, gənclərin ali təhsilə çıxışını müəyyən edir: “Əgər bu balın müəyyənləşdirilməsi prosesində şəffaflıq və ictimai əsaslandırma yoxdursa, həmin qərar sosial ədalətin pozulması kimi qəbul edilir.

DİM-in illər üzrə keçid ballarında fərqli meyarlar tətbiq etməsi onun sistemli deyil, situativ və reaktiv idarəetməyə əsaslandığını göstərir. Məsələn, 2023-cü ildə hüquq ixtisası üzrə keçid balı 453 idisə, bu il balların 458-460 arası olacağı ehtimal edilir. Əvvəlki illərdə hüquqşünaslıq və beynəlxalq münasibətlər üzrə yüksək bal artımı yalnız nəticə sıxlığı ilə izah olunurdu. Amma bu il nəticələrə dair ümumi statistik mənzərə açıqlanmadan əvvəl belə bir proqnozun verilməsi ictimaiyyətdə etimad böhranı yaradır.

Müsbət tərəfdən baxıldıqda, keçid balının artması rəqabətin yüksəldiyini, daha yüksək nəticələr göstərən abituriyentlərin olduğunu göstərə bilər. Bu halda ali təhsil müəssisələrinə daha hazırlıqlı tələbələrin qəbul olunması ehtimalı artır. Lakin bu tendensiya sistemli şəkildə planlaşdırılmadıqda, yəni əvvəlcədən ictimaiyyətə elan olunmadıqda, ani dəyişikliklər şagird və valideynlər üçün planlaşdırma çətinliyi yaradır.

Dünya təcrübəsində keçid balı anlayışı daha çevik və şəffaf şəkildə tənzimlənir. Məsələn, Finlandiyada ali məktəblərə qəbulda əsasən məktəb qiymətləri və motivasiya məktubu önəmlidir. İngiltərədə A-level imtahan nəticələri əsas götürülür və hər bir universitet ixtisas üzrə minimal tələbi əvvəldən dəqiq şəkildə açıqlayır. Almaniyada “Numerus Clausus” sistemi tətbiq olunur ki, burada da ixtisas üzrə əvvəlcədən müəyyən olunmuş GPA və ya imtahan nəticəsi əsas alınır. Bu yanaşmalar tələbələrə nəticə və planlama arasında aydın əlaqə qurmağa imkan verir. Azərbaycanda isə keçid balı “imtahan nəticələri əsasında formalaşır” deyilsə də, onun konkret mexanizmi cəmiyyət üçün qapalı qalır.

Nəticədə keçid ballarının hər il dəyişməsi abituriyentlər üçün qeyri-sabit planlama mühiti yaradır. Tələbə və valideyn konkret məqsədə yönəlik hazırlaşsa da, bu bal dəyişiklikləri onların son anda seçimlərini zərbə altına alır. Bundan əlavə, balların süni şəkildə artırılması müəyyən ixtisaslarda yerlərin dolmamasına, dövlət sifarişli yerlərin boş qalmasına da səbəb ola bilər”.

K.Əsədovun fikrincə, dəyişməli olan əsas məsələ keçid balı formalaşmasının ictimai izahının təmin olunmasıdır: “Bu proses DİM-in daxili ekspertlərinin subyektiv mülahizələrinə əsaslanmamalı, ictimai müşahidəçilərin iştirakı ilə həyata keçirilməlidir. Hər il keçid ballarının müəyyənləşdirilməsi mexanizmi cəmiyyətə rəsmi hesabat şəklində təqdim olunmalıdır. İctimaiyyət, təhsil ekspertləri və abituriyentlər bilməlidir ki, bal hansı kriteriyalara əsasən, hansı sıra ilə və hansı səbəblərlə dəyişib. Əks halda, hər il təkrarlanan bu “bal oyunları” gənclərin təhsil sisteminə olan inamını sarsıtmağa davam edəcək.

Ədalətli qəbul sistemi, şəffaf qərar mexanizmi və ictimai iştirakçılıq olmadan təhsildə keyfiyyət deyil, yalnız narazılıq artır. Balların qalxması təkcə rəqəmlərin artması deyil – o, bir gəncin arzusu ilə real həyatı arasına çəkilən görünməz səddə çevrilə bilər. Bu səbəbdən təhsilin məqsədi abituriyenti daha güclü rəqabətə hazırlamaq yox, ona ədalətli meydan yaratmaq olmalıdır”.

İradə SARIYEVA

Избранный
20
baki-xeber.com

1Источники