RU

Azərbaycanda hakimlər sayca 3 dəfə az, işlər isə çox - hakim çatışmır...


Şəmsəddin Əliyev: “Səbəb odur ki, hakim olmaq üçün kifayət qədər hazırlıqlı namizədlərin sayı azdır”

“Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) hesabatına əsasən, hər 100 min əhaliyə düşən hakim sayı Azərbaycanda orta Avropa göstəricisindən üç dəfə aşağıdır və Avropada ən aşağı göstəricilərlə xarakterizə olunur”. Bunu Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov iyunun 18-də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, bu rəqəm hazırda təxminən 6.3-dür, Avropada isə 17.6-dır.

Maraqlıdır, bizdə hakimlərin sayının az olması nə ilə bağlıdır?

“Hər rayonda 3-4 hakim var və iş yükü hədsiz dərəcədə ağırdır”

Sözügedən məsələyə aydınlıq gətirən hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həqiqətən də Azərbaycanda hakimlərin sayı yetərincə deyil: “Azərbaycan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, cinayətkarlıqla mübarizə, hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Avropa ölkələrindən yuxarı sırada yer tutur. Məsələn, Azərbaycanda hər 100 min nəfərə 300-ə yaxın cinayət qeydə alınır. Avropa ölkələrində isə bu, 4000-6000 min arasında dəyişir. Deməyim odur ki, ortada böyük fərq var. Ancaq hüquq-mühafizə orqanlarında çalışanların ştat vahidi üzrə sayı isə əvvəlki normalara uyğun 2500 nəfərə bir sahə müvəkkili düşürdü. O vaxtdan indiyə qədər bu sahədə əməliyyat müvəkkili 4-6 min əhaliyə təhlükəsizlik xidməti göstərir. Yəni bütün hallarda və bütün parametrlər üzrə hüquq-mühafizə orqanlarında çalışanların sayı Avropa ölkələri ilə müqayisədə ştat vahidi üzrə azdır. Həm də hər 100 min nəfərə düşən cinayətlərin sayı azdır. Bənzər vəziyyət hakimlərin sayında da özünü göstərir. Hər rayonda 3-4 hakim var və iş yükü hədsiz dərəcədə ağırdır. Bəzən il ərzində 2000, 2500, 3000 cinayət işinə 2-4 hakim baxır. Eyni ilə Bakının rayonlarında da hakimlərə baxılması üçün həvalə olunan cinayət işlərinin sayı kifayət qədər yüksəkdir. Faktiki olaraq nəzərə alaq ki, bir mülki iş və yaxud da cinayət işi, inzibati bir iş üzrə yazılan qərar, qərardad, qətnamə və cinayət işi üzrə hökmlərin yazılması üçün kifayət qədər vaxt lazımdır. Bir işin 4, 3, 2 ay ərzində baxılması üçün çox böyük yazışmalar tələb olunur. Ona görə də bu yazışmaların hər biri prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən müddətdə həyata keçirilməlidir. Müddət pozğunluğunu qanunvericilik qadağan edir. Əgər gecikmə baş verirsə, bunu gərək prosessual qanunvericiliklə əsaslandırasan. Yəni nə üçün işə 2 ay müddətində baxıldı. Bir tərəfdən yazışmaların sayı çoxdur, digər tərəfdən bütün bunları 5 günlük iş rejiminə sığışdırmaq mümkün deyil. Ona görə hakimlər məcburdur ki, şənbə və bazar günləri də işləsinlər. Təki o prosessual müddətlər pozulmasın. Ona görə də Azərbaycanda hakimlərin sayı mütləq mənada artırılmalıdır. Hakimlərin sayının az olmasının səbəbi var. Səbəb odur ki, Məhkəmə Hüquq Şurasının təşkil etdiyi seçki komissiyasında kifayət qədər hazırlıqlı namizədlərin sayı azdır. Həm nəzəri, həm də praktiki baxımdan belə namizədlərin sayı azdır. Üstəlik, hakimliyə namizədliyə dair tələblər də çox ciddidir. Bu da normaldır. Çünki bu sahə çox məsuliyyətlidir”.

Vidadi ORDAHALLI

Избранный
9
baki-xeber.com

1Источники