RU

Yaxın Şərqdən Cənubi Qafqaza: İran–İsrail qarşıdurmasının genişlənən kölgəsi

Son günlər İran ilə İsrail arasında yaşanan gərginlik artıq diplomatik bəyanatlarla məhdudlaşmır, real hərbi əməliyyatlarla müşayiət olunur. Bu qarşıdurma yalnız iki dövlət arasındakı münasibətlərdən ibarət deyil - burada qlobal güclərin maraqları, enerji dəhlizləri, nüvə silahı təhlükəsi və beynəlxalq hüququn sərhədləri qarşı-qarşıya gəlir.
 
Münaqişənin kökündə hansı strateji amillər dayanır? Rəqabət yalnız dini-ideoloji zəmindəmi aparılır, yoxsa enerji resursları, təhlükəsizlik strategiyaları və nüvə balansı bu qarşıdurmanın əsasını təşkil edir? Beynəlxalq hüquq bu prosesi hansı aspektdən qiymətləndirir və tərəflərdən biri təcavüzkar kimi tanına bilərmi? Ən əsası isə bu qarşıdurma Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana hansı təsirləri göstərə bilər?
 
Bu və digər önəmli sualları politoloq, Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan ilə müzakirə etdik.
Moderator.az həmin müsahibəni təqdim edir:
 
– Sədrəddin müəllim, İran–İsrail münaqişəsinin kəskinləşməsinin əsas geosiyasi səbəbləri nələrdir?
 
– İran–İsrail münaqişəsinin alovlanmasının bir neçə strateji və geosiyasi səbəbi var. İsrailin rəsmi mövqeyinə görə, bu qarşıdurma önləyici zərbə məqsədi daşıyır – yəni İranın mümkün hücumlarının qarşısını almağa yönəlib. Baş nazir Benyamin Netanyahunun açıqlamasına əsasən, İranın husilərə nüvə silahı verdiyi və bu silahların İsrailə qarşı istifadə olunmasının planlaşdırıldığı iddia edilir.
 
İsrailin əsas hədəfi – həm özünün, həm də ABŞ-ın bölgədəki prioriteti – İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bu məqsədlə İranın bütün nüvə obyektlərinin sıradan çıxarılması gündəmdədir. Digər mühüm amil isə diplomatik proseslərdəki iflasla bağlıdır. Tehran, ABŞ-ın təklif etdiyi razılaşmanı – nüvə proqramını tam dayandırmaq və uranı başqa ölkənin ərazisində zənginləşdirmək təklifini – rədd etdi. İran öz ərazisində uran zənginləşdirməyə davam edəcəyini və nüvə fəaliyyətindən imtina etməyəcəyini açıq şəkildə bəyan etdi.
 
Bu fonun davamında, regionda İranın dəstəklədiyi qüvvələrin – HƏMAS, Hizbullah, Bəşər Əsəd rejimi və İraqdakı anti-Qərb elementlərinin – zəiflədilməsi planları gündəmə gəldi. İran artıq ABŞ üçün bölgədə ciddi maneə kimi görünür. Tehran rəhbərliyi isə, paradoksal olaraq, hələ də Vaşinqtonla dialoqa açıq olduğunu iddia edir. Lakin Qərb dairələri bu ritorikanı qeyri-səmimi hesab edir.
 
Məsələnin ən həssas nöqtəsi İranın nüvə fəaliyyətinin qeyri-şəffaf xarakteridir. 1990-cı illərdən bəri, xüsusilə İran–İraq müharibəsindən sonra, Tehran nüvə proqramını yenidən canlandırıb. Birləşmiş Ştatlar isə daim bu prosesin şəffaflıqdan uzaq olduğunu bildirərək sanksiyalar tətbiq edib. Son dövrlərdə İran rəsmilərinin uranı 60–90 faiz zənginləşdirdiklərini bəyan etməsi vəziyyəti daha da gərginləşdirib. Bu, hərbi əməliyyatların başlanmasının əsas səbəblərindən biri kimi təqdim olunur.
 
– Münaqişənin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi necə aparılır? Tərəflərdən biri təcavüzkar hesab oluna bilərmi?
 
– Məsələyə beynəlxalq hüquq müstəvisindən baxdıqda, İsrailin İran ərazisinə zərbə endirməsi açıq şəkildə suverenlik prinsipinin pozulması kimi dəyərləndirilə bilər. İsrail hücumlarını legitimləşdirmək üçün iddia edir ki, bu zərbələr barədə qonşu ölkələr öncədən məlumatlandırılıb və hədəf konkret olaraq İranın nüvə infrastrukturu və SEPAH qüvvələri olub. Xatırladaq ki, İsrail İslam İnqilabı Keşikçiləri Korpusunu – SEPAH-ı – terror təşkilatı kimi tanıyır və bu qurumu hədəf seçməkdə beynəlxalq hüquqa zidd davranmadığını əsaslandırmağa çalışır.
 
Digər tərəfdən, Tehran bu hücumları açıq şəkildə öz ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirir. İran BMT Nizamnaməsinin 51-ci maddəsinin – yəni dövlətlərin özünümüdafiə hüququnun – pozulduğunu iddia edir və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu səbəbdən, tərəflərdən birinin təcavüzkar elan olunması beynəlxalq ekspertizasız mümkün deyil. Belə qiymətləndirmə yalnız münaqişə bitdikdən sonra, neytral beynəlxalq komissiya tərəfindən aparıla bilər.
 
– Gərginliyin Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana təsiri hansı ssenarilərlə mümkündür?
 
– İran–İsrail münaqişəsinin Cənubi Qafqaz regionuna dolayısı, lakin təhlükəli təsirləri ola bilər. Əvvəla, İran ərazisində 30 milyondan çox azərbaycanlı yaşayır və son məlumatlara görə, raket hücumlarının endirildiyi bölgələrdən altısı məhz azərbaycanlıların yaşadığı şəhərlərdir. Bu, həm sosial, həm də etnik narahatlıqlar yaradır. Azərbaycan türklərinin həyatına və təhlükəsizliyinə yönəlmiş təhdidlər, İranın daxili siyasətində, habelə bölgəyə yanaşmasında dəyişikliklərə səbəb ola bilər.
 
Digər tərəfdən, müharibənin uzunmüddətli olması İranın ümumi geosiyasi kursuna da təsir göstərə bilər. Əgər Tehran Qərblə münasibətlərini yenidən nəzərdən keçirməyə və daha konstruktiv mövqe tutmağa qərar verərsə, bu, onun Cənubi Qafqaza – xüsusilə Azərbaycana münasibətinə də təsir edə bilər. Lakin bu tip dəyişikliklərin baş verməsi üçün ilk növbədə münaqişənin dayanması və regionda sabitliyin bərpa olunması zəruridir.
 
– Sədrəddin müəllim, ayırdığınız vaxt üçün təşəkkür edirəm.
 
– Buyurun, mən təşəkkür edirəm.
 
Müsahibəni apardı: Pərvin Şakirqızı
Избранный
21
1
moderator.az

2Источники