Mətləb Salahov: “Yüngül cəzalar dərman bazarında “qiymət genosidi” aparan işbazlara qəti təsir etməyəcək”
Azərbaycanda bəzi apteklərdə eyni dərmanların fərqli qiymətlərə satıldığının hər kəs şahidi olub. Təəssüfedici məqam odur ki, apteklərdə bir çox dərmanlar Tarif Şurası tərəfindən müəyyən edilən qiymətdən baha satılır. Bu günlərdə “Zeytun” aptek ilə bağlı protokol tərtib edilib. Səbəb isə adıçəkilən aptekdə dərmanların Tarif Sırasının müəyyən etdiyi qiymətdən baha satılması olub.
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.
Qeyd edək ki, bu kimi hallar dəfələrlə müxtəlif apteklərdə müşahidə olunub. Maraqlıdır, məlum hadisənin yaşanmaması üçün daha sərt cəzalar tətbiq edilə bilərmi?
“Sosial baxımdan imkansız, ahıl və xəstə insanların həyatları bahasına milyonçu olmaq istəyənlərə qarşı çox sərt, təsiredici tədbirlər görülməlidir”
Jurnalist-ekspert Mətləb Salahov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, hazırda ölkəmizdə əhali arasında dərman məhsullarına olan tələbat hər gün sürətlə artmaqdadır. Cəmiyyətdəki sosial problemlər, hər gün istifadə etdiyimiz qidaların tərkibindəki zərərli maddələrin həddəindən çox olması, habelə stres və psixoloji gərginliklər dərman tələbatını artıran amillərdəndir: "Bu isə o deməkdir ki, insanların gündəlik ərzaq məhsulları ilə yanaşı, həm də apteklərə üz tutması qaçılmaz faktdır. Lakin burda ən narahatedici məqam, digər istehlak və satış obyektlərində olduğu kimi, apteklərdə də dərman qiymətlərinin xaotik şəkildə, özbaşına müəyyən edilməsi, əhaliyə dəyərindən qat-qat baha dərman vasitələrinin satılmasıdır. Tarif Şurasının müəyyən etdiyi qiymətlərdən tam fərqli qiymətə satılan dərman məhsullarını aidiyyəti qurumların “görməzdən” gəlmələri də bir başqa problemdir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin "Zeytun" MMC haqqında inzibati xəta protokolu tərtib etməsi nə qədər normal qarşılansa da, bu qətiyyən ciddi tədbir kimi qiymətləndirilə bilməz. Çünki bu cür yüngül, hətta heçə sayılan cəzalar dərman bazarında “qiymət genosidi” aparan işbazlara qəti təsir etməyəcək. Sosial baxımdan imkansız, ahıl və xəstə insanların həyatı bahasına milyonçu olmaq istəyənlərə qarşı çox sərt, təsiredici tədbirlər görülməlidir. Aidiyyəti qurumlar bir məqamı yaddan çıxarmamalıdırlar ki, dövlət yalnız qiyməti müəyyənləşdirməyi deyil, həmçinin qiymətə nəzarəti, pozuntulara görə maliyyə sanksiyaları tətbiq etməyi öz öhdəsinə götürüb. Dövlət qeydiyyatından keçən, Tarif Şurası tərəfindən qiyməti müəyyənləşdirilən dərmanların baha qiymətə satışına görə cərimələr nəzərdə tutulur. Məsələn, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə edilə bilər. Qanun pozuntusunun təkrarlanması halında vəzifəli şəxslər üçün müvafiq olaraq 2500-3500 manat, hüquqi şəxslər üçün 7000-9000 manat məbləğində cərimə tətbiq olunur. Burası belədir.
Amma real, təsiredici cəzaların mexanizmini işə salmaq lazımdır ki, bu sahədəki qanun pozuntularının, qiymət özbaşınalığının və işbazların məkrli fəaliyyətlərinin qarşısı alınsın. Bu son dərəcə həssas məsələdə yüngül, təsirsiz cəzalarla heç bir nəticə əldə etmək mümkün deyil".
Günel CƏLİLOVA