RU

15-20% reytinq artımı: Beynəlxalq əməkdaşlıq universitetləri YÜKSƏLDİR

Azərbaycanın xarici ölkələrlə ali təhsil sahəsində əməkdaşlığı genişlənməkdədir.

 

Bu barədə təhsil eksperti Elçin Süleymanlı AzEdu.az-a fikirlərini bölüşüb.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanın ali məktəbləri həm region ölkələri, həm də inkişaf etmiş dövlətlərin universitetləri ilə sıx əlaqələr qurur, bu da təhsil sisteminin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır.

 

Ekspert bildirir ki, xaricdə təhsil sahəsində ən sıx əməkdaşlıq edilən ölkə Türkiyədir:

 

“Azərbaycanlı tələbələrin böyük bir qismi təhsil üçün qardaş Türkiyəyə üz tutur. Bu həm mədəni yaxınlıqla, həm də iki ölkənin universitetləri arasında formalaşmış möhkəm əlaqələrlə bağlıdır. Bu gün Azərbaycanın ali təhsil sistemində yalnız Türkiyə ilə deyil, Avropa və Asiyanın bir sıra ölkələri ilə də dinamik əməkdaşlıqlar mövcuddur. Xüsusilə son illərdə ikili diplom proqramları və dövlət səviyyəsində razılaşdırılmış təhsil təşəbbüsləri genişlənir. Xaricdə təhsil üzrə dövlət proqramlarının məzunları əsasən Böyük Britaniya universitetlərini bitiriblər. Ardınca Almaniya, Macarıstan və Çin kimi ölkələrlə də əməkdaşlıqlar artmaqdadır”.

 

Qeyd edir ki, son dövrlərdə Çin və Özbəkistan universitetləri ilə yüksək səviyyəli əməkdaşlıqlar qurulub:

 

“Məsələn, Cənubi Koreyanın İNHA Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında uğurlu ikili proqram həyata keçirilir. Həmçinin ADA Universiteti ilə ABŞ-nin George Washington Universiteti, Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın aparıcı ali məktəbləri arasında əməkdaşlıq var. Bu proqramlar universitetlərin beynəlxalq reytinq göstəricilərinə də ciddi təsir göstərir. Beynəlmiləlləşmə, yəni beynəlxalq müəllim və tələbə mübadiləsi reytinqə 15-20 faiz aralığında təsir edir. Bu baxımdan universitetlərimizin xarici tərəfdaşlıqları onların qlobal tanınmasına müsbət təsir edir.

 

Ölkədə ali təhsilin rəqabət qabiliyyətini artırmaq məqsədilə həyata keçirilən dövlət proqramları, xaricdə təhsili təşviq edən layihələr və ikili diplom imkanları bu prosesi gücləndirir. Qarabağ Universitetinin yaradılması və onun beynəlxalq əməkdaşlıqlara cəlb edilməsi də bu istiqamətdə atılan mühüm addımlardandır. Azərbaycan ali təhsil sistemi hazırda həm Türkiyə və Orta Asiya ölkələri, həm də Avropa və Asiyanın inkişaf etmiş dövlətləri ilə sıx əməkdaşlıq quraraq beynəlxalq arenada daha tanınan və rəqabətqabiliyyətli bir mərhələyə qədəm qoyur”.

Избранный
6
azedu.az

1Источники