ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bu həm də qala-şəhəri kimin saldığına vurulan möhür olar
Hörmətli redaksiya!
“Xalq qəzeti”nin 12 iyun 2025-ci il tarixli nömrəsində əməkdaşınız Pünhanın “Şuşanın “Gəncə qapısı” meydanı Pənahəli xanın abidəsini gözləyir” məqaləsini oxuyanda xəyalən 34 il bundan əvvələ qayıtdım. Əgər erməni vandallarının Topxana meşəsini qırdıqlarına görə xalqımız etiraza qalxmasaydı, bəlkə də, mədəniyyət paytaxtımız olan Pənahabadın – Şuşa qalasının bünövrəsini qoymuş, onun uğrunda Məhəmmədhəsən xan Qacarla, Fətəli xan Əfşarla vuruşmuş Pənahəli xan Cavanşir haqqında tarixi roman yazmazdım.
O zaman mən “Yazıçı” nəşriyyatında klassik ədəbiyyat və folklor redaksiyasının müdiri vəzifəsində çalışırdım. Dövrün qaydasına görə, nəşriyyatların tematik planı 1–2 il qabaqdan tutulmağa başlanırdı. Səbəb də bu idi ki, çapı nəzərdə tutulan əsərlər müxtəlif mərhələlərdən keçirdi, rəylər alınırdı. Sonra Dövlət Mətbuat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində, nəhayət, Azərbaycan KP MK-nın ideoloji şöbəsində baxılıb təsdiq edilirdi. Mənim də “Təbəssüm çiçəyi” adlı povest və hekayələrdən ibarət kitabının 1990-cı ildə nəşr olunması nəzərdə tutulmuşdu.
1988-ci ildə məlum hadisələr başlananda ürəyimdə çapı nəzərdə tutulmuş kitabımın nəşrindən vaz keçdim. O zaman baş verən hadisələr, daşnakların tarixi saxtalaşdırmaq yolundakı canfəşanlıqları məni Qarabağın keçmişi ilə, xüsusən Qarabağ xanlığının banisi, Bayat, Şahbulaq, sonda Şuşa kimi bir şəhər-qalanı bizə bəxş etmiş Pənahəli xanın ömür yolu və 12 illik hakimiyyəti dövründə baş vermiş hadisələr barədə düşünməyə vadar etdi. Mövcud ədəbiyyatla, o vaxta qədər çap olunan və hələ də olunmayan “Qarabağnamələr”lə tanış olduqca gördüm ki, tarix bu və ya digər formada təkrar olunur.
Mövzu mənə çox doğma idi. Buna görə də yazı prosesində ləngimələr, tərəddüdlər olmurdu. 1989-cu ilin sonlarında romanı yazıb bitirdim. İlkin olaraq “Ədəbiyyat və incəsənət” qəzetində romandan bir parça çap etdirdim. Əsərin böyük bir hissəsi isə o zaman yenicə nəşrə başlayan “Karvan” roman-qəzetinin 1990-cı il 10,11-ci nömrələrində çap edildi. Xatırladım ki, bu jurnal 45 min tirajla çıxırdı. Mən bununla kifayətlənməyib romanın əlyazmasını Şuşaya – Qarabağ xanlığının tarixini çox yaxşı bilən professor Nazim Axundova göndərdim ki, oxuyub rəyini bildirsin. Doğrusu, o vaxta qədər Nazim Axundovla şəxsi tanışlığım yox idi. Amma onun mətbuatımızın tarixinə aid yazılarını, “Molla Nəsrəddin” jurnalının nəşri tarixi”, “Azərbaycan satirik jurnalları”, “Azərbaycan dövri mətbuatı (biblioqrafiya)” kitablarını oxumuşdum. O zaman Nazim müəllim Xankəndidə Dövlət Pedaqoji İnstitutunun filialında Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyir, Şuşada yaşayırdı.
Qarabağda isə hadisələr yaxşılığa doğru cərəyan etmirdi. Vətəndaşlıq hissini unutmuş separatçı ermənilər orada dərs deyən azərbaycanlı müəllim və tələbələrə qarşı ağla sığmayan kobudluqlar edir, iyrənc təxribatlar törədirdilər. Ona görə də Şuşaya gediş-gəliş çətinləşmişdi. Mən romanın vaxtında çap olunmasını istəyirdim. Əsərin əlyazması isə Şuşada, Nazim müəllimdə qalmışdı. Çox çətinliklə professorla əlaqə yaradıb, əlyazmanı Bakıya – mənə göndərməsini xahiş etdim.
Bir neçə gündən sonra nəşriyyatın baş redaktoru, yazıçı Cəmil Əlibəyov daxili telefonla məni yanına çağırdı. Onun kabinetinə girəndə ağsaçlı bir ziyalının Cəmil müəllimlə üz-üzə oturub söhbət etdiyini gördüm. O məni tanımasa da, kitablarındakı şəklindən, bir də qarşısındakı qovluğumdan kim olduğunu anladım. Qəlbi təmiz Cəmil müəllimin üzü nurlanmışdı:
–Nazim müəllim, – dedi, – bayaqdan romanını təriflədiyin cavan oğlan budur.
Nazim müəllim qalxıb, mənimlə mehribancasına görüşdü:
–Təbrik edirəm! Cəmil müəllimə də demişəm, sənin romanın bu gün 100 min tirajla çap olunsa, satılar.
–Nazim müəllim, belə yüksək fikirdəolduğunuza görə sizə təşəkkür edirəm! – dedim.
O, əlyazmanı və bir topa qəzeti mənə uzadaraq:
–Mənim təqdimatımla "Şuşa" qəzeti 12nömrəsində romanından fəsillər çap edib. Darıxdın, redaksiya istəyirdi ilboyu əsərini çap etsin, – dedi.
–Nazim müəllim, buna görə də təşəkküredirəın. Görürsünüz də hadisələr necə cərəyan edir. İstəyirəm əsərim kitab halında çıxsın, qorxuram sonra gec ola.
–Doğrudur, – dedi, – romanın haqqındaürək sözlərimi də yazmışam. Xoşun gəlsə, çap etdirərsən.
Əlyazma ilə tanış olan Nazim müəllim roman haqqında “Tarixi yaddaşın bərpası” adlı məqaləsində yazırdı: “Yazıçı Mustafa Çəmənli Pənah xanın həyatından maraqlı, tarixi həqiqətlə səsləşən “Xallı gürzə” romanını qələmə almışdır. Tarixi mənbələri diqqətlə öyrənmiş müəllif tamamilə müasir səslənən, dövrümüzdə baş verən, xalqa əzab və iztirab gətirən uydurma Qarabağ “problemini” dərindən dərk etməyə kömək göstərən bədii lövhələr yarada bilmişdir”.
Mənim bu günə qədər 5 dəfə nəşr olunmuş “Xallı gürzə” tarixi romanım 1991-ci ildə Mətbuat Komitəsinin kitab ticarəti təşkilatlarının verdiyi tiraja rəğmən 30 min tirajla çap olunmuşdu. Öyünmək kimi səslənməsin, çağdaş günümüzlə səsləşən bu tarixi roman oxucular arasında geniş əks-səda doğurmuşdu.
1992-ci ildə məni “Gənclik” nəşriyyatına Baş redaktor vəzifəsinə təyin etdilər. Bir gün nəşriyyata ortaboylu bir kişi gəlib mənimlə tanış oldu. Bu adam heykəltəraş Cümşüd İbrahimli idi. O, mənim Pənahəli xan haqqında yazdığım “Xallı gürzə” romanını oxuduğunu və Qarabağ xanının at belində heykəlini yaratdığını söylədi. İstedadlı heykəltəraşın yaratdığı heykəllə mənim romanımın son sətirləri bir-birini tamamlayırdı. Mən romanı bu sətirlərlə bitirmişdim: “Düşmən qoşunu geri çəkilməkdəydi. Bunu görən Pənah xan qala bürcündən aşağı düşdü. Onun da ürəyinə dammışdı ki, bu gün sonuncu döyüşdü. Kərim tez xanın oyur-oyur oynayan Qəmərinin üzəngisini basdı. Xan Qəmərin belinə sıçradı, at şahə qalxdı. Hər iki tərəf bu dəm əl saxladı, günəş dağların üstündə dayandı. Pənah xan şahə qalxmış Qəmər atın belində, bir əlində qalxan, bir əlində sıyrılmış qılınc sanki donmuşdu. Günəşin son şəfəqləri onun polad dəbilqəsini, iti qılıncını öpürdü”.
Hörmətli redaksiya!
Mən də Sizin və hörmətli heykəltəraşımız Cümşüd İbrahimlinin arzusuna qoşulur, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, igid qazilərimizin, qəhrəman şəhidlərimizin şücaəti və qanı bahasına azad edilmiş mədəniyyət paytaxtımız Şuşada, şərəfli keçmişimizə şahidlik etmiş bu tarixi şəhər-qalamızda Pənahəli xanın heykəlinin ucaldılmasını arzu edirəm. Bu heykəl öz layiq olduğu məkanda ucaldılarsa, bizim tarixi şəxsiyyətlərimizə göstərilən sayğımızın rəmzinə çevrilər.
Mustafa ÇƏMƏNLİ,yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.