RU

Xaraba Gilan şəhər yerində baş qala qapısı aşkar olunub

Naxçıvan Muxtar Respublikası (MR) ərazisindəki Xaraba Gilan şəhər yerində baş qala qapısı aşkar olunub.

"Report"un yerli bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya 2 iyun 2025-ci il tarixdən arxeoloji qazıntılara başlayıb

Ordubad rayonu ərazisində Xaraba Gilan şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı Naxçıvanın orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

Tədqiqat zamanı abidənin içəri şəhər hissəsinə və Narınqalaya gedən yolları aşkar olunub. Müəyyən olunub ki, yolun eni 2 m 35 sm-dir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də tapılıb. Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilib. Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinib. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir.

Onu da qeyd edək ki, yarımdairəvi tikilinin uzunluğu 8 m-ə yaxın, hündürlüyü isə 1 m 50 sm-dir.

Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunub. Tikili qalıqların öyrənilməsi zamanı məlum olmuşdur ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalıb, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilib.

Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, znqov formalı metal əşya və s. aşkar olunub. Bu maddi mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.

Qısa müddət ərzində arxeoloji ekspedisiyasının əldə etdiyi tapıntılar Naxçıvanın tarixi əhəmiyyətindən xəbər verir.

MƏLUMAT YENİLƏNİR

Избранный
33
1
report.az

2Источники