RU

“Zirə”nin portuqaliyalı qapıçısı: “Hayduk”la matçlarda özümüzü meydanda döyüşçü kimi göstərməliyik

“Hayduk”un çox güclü komanda olduğunu bilirik. Lakin hər şey bizim performansımızdan asılıdır".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Zirə”nin qapıçısı Tiaqo Silva UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

Portuqaliyalı qolkiper Xorvatiya klublarının həmişə çox aqressiv və gərgin oyun oynadıqlarını söyləyib: “Bizi çox çətin iki matç gözləyir. Rəqibimiz keçən mövsüm üz-üzə gəldiyimiz “Osijek” və “Omoniya” kollektivləri ilə demək olar ki, eyni səviyyədədir. “Osijek”lə görüşlərdəki kimi güclü, cəsarətli və diqqətli olsaq, növbəti mərhələyə yüksəlmək şansımız var. Lakin fikrimizi cəmləyə bilməsək, bizim üçün çətin olacaq”.

O, “Hayduk”a evdə keçirəcəkləri ilk görüşdə qalib gələrək, Xorvatiyaya üstünlüklə yollanmaq istədiklərini bildirib: “Düşünürəm ki, bu, çox vacibdir. Doğma meydandakı qalibiyyət səfərdə daha rəqabətədavamlı olmağımıza kömək edəcək. Evdə azarkeşlərin çoxluq təşkil etdiyi, möhtəşəm atmosferə malik stadion görmək istəyirik. Yaxşı dəstək gözləyirik. Komandamız tarix yazmağa davam etməli və beynəlxalq miqyasda daha da böyüməlidir”.

Qapıçı ilk qarşılaşmaya final oyunu kimi çıxacaqlarını vurğulayıb: “Keçən mövsümdən bəri avrokuboklarda əsas hədəfimizin qrup mərhələsinə yüksəlmək olduğunu bildirmişik. Amma ötən il diqqət yetirmədiyimiz bir şeyə bu dəfə xüsusi fikir verməliyik. Yalnız bir oyuna köklənməliyik. Hər bir matça final kimi yanaşmalıyıq. Qabaqcadan növbəti qarşılaşmaları düşünmək lazım deyil. Hazırda bütün diqqətimiz tamamilə “Hayduk”un üzərindədir. Bütün çətinliklərlə mübarizə aparmalı və oyuna ciddi şəkildə hazırlaşmalıyıq. Meydanda özümüzü təkcə futbolçu kimi yox, döyüşçü kimi göstərməliyik”.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 23-də “Neftçi Arena”da, cavab qarşılaşması isə ayın 31-də Split şəhərindəki "Polyud" stadionunda gerçəkləşəcək.

İdman.biz

Избранный
3
idman.biz

1Источники